DÜNYƏVİLİK NEYTRAL DEYİL. BU BAŞQA DÜŞÜNCƏLƏRİN QARŞISINI ALMAQDIR
Dünyəviliyin heç bir versiyası özünün iddia etdiyi neytral məkan deyil. Bunu qəbul etdikdən sonra daha məhsuldar söhbətlərə keçə bilərik. 2015-ci ildə yazdığı məqalədə Anqlikan keşişi Giles Fraser dünyəvilik tarixi haqqında yazırdı:
“18-ci əsrin sonunda Fransanın katolik kilsəsinə qarşı müharibəsi qanlı şəkildə sona çatdı. 1794-cü ilin Pasxa bayramına qədər, bir vaxtlar vicdan azadlığını elan edən eyni inqilab Fransanın 40.000 kilsəsinin böyük əksəriyyətini məcburi şəkildə bağladı. Kilsə əmlakının müsadirə edilməsi, xaçların və qədəhlərin sındırılması ilə başlayan işlər məcburi dindən üz döndərmə, keşiş və rahibələrin gilyotində öldürülməsi ilə sona çatdı”.
“Terror hökmranlığı adlanan bu dövrdə müasir ingiliscə terrorizm – fransızcadan “terrorisme” sözü öz mənşəyini götürməkdədir. “Terror tez, sərt, əyilməz ədalətdən başqa bir şey deyil; buna görə də bu, fəzilət emanasiyasıdır” deyən Robespierre, indiki İŞİD-in xəstə press-relizinə bənzəyir. Vendée-də çoxəsrlik inanclarına sadiq qalanlar, tarixçi Mark Levenin “müasir soyqırım arxetipi” adlandırdığı şəkildə qətlə yetirildi. Maarifçilik rasionallığının təbii və qaçılmaz yüksəlişidir. Bu, öldürücü, dövlət tərəfindən dəstəklənən təzyiq idi”. Xüsusi metafizik inanclara əsaslanaraq cəmiyyətə öz əxlaqi göstərişlərini tətbiq edən dünyəvilik teokratiya qədər zorlayıcıdır. Buna gözəl bir nümunə Belçikadan gəlir.
2017-ci ildə Belçikanın Valuun bölgəsi, (cərəyan vəya başqa üsulla sərsəm hala gətirilməyən) heyvanların kəsilməsini qadağan edərək, koşer və halal ətin qadağan edilməsinə səs verib. Bu gün isə yeddi Avropa ölkəsi koşer və halal kəsimi qadağan edib: Norveç, İsveç, Danimarka, Sloveniya, Avstriya, İslandiya və Belçika. Qadağanın əsası ondan ibarətdir ki, sərsəm hala gətirilməyən heyvanlar əziyyət çəkir və bu qeyri-insanidir, buna görə də bu cür kəsim qadağandır. Bəs biz bunları necə bilə bilərik? Heç bir heyvan öz daxili vəziyyətini agah edə bilməz. Heç bir heyvan bizə deyə bilməz: “Hey! Bu, həqiqətən ağrıdır, lütfən, dayan!” Biz yalnız heyvanın kəsim prosesində nələr yaşaya biləcəyi barədə fərziyyələr irəli sürə bilərik. Kəllə sümüyünün partlamasının və ya elektrik cərəyanının boğaz kəsilməsindən daha az ağrılı olduğu dəqiq deyil. Əksinə, cərəyan vermək daha əzablı görünür. Amma bunu demək, etiraz etmək də olmur.
Buna baxmayaraq, bu ölkələrin qanunvericiləri əxlaqi cəhətdən düzgün hesab etdiklərinə əsaslanaraq qərar qəbul etdilər və sonra başqalarını bu inanclara tabe olmağa məcbur etdilər. Bu, qarşısı alına biləcək bir şey deyil. İstər dünyəvi, istərsə də teokratik dövlətdə hüququn təbiəti budur. Lakin İslam dövlətləri öz əxlaqi mövqeləri və inancları, yəni İslamın qanunu məlumatlandırmasına icazə verdikdə “din azadlığını” müdafiə etməməklə təqsirləndirilirlər. “Qanunların İslam və şəriət əsasında olması barbar teokratiyadır!” deyə qışqırırlar." Ancaq qanunvericiliyimiz liberal materialist inanclarımıza əsaslandığı üçün bu, “ədalətli” və “neytral” mövqe kimi beyinlərə yeridilir."
İkiüzlülük göz qabağındadır.
Deməli, bu halal kəsim qadağasının “irqçi”, “təəssübkeş”, “anti-müsəlman”, “islamofobik” və s.-dir deyərək, onun əleyhinə mübahisə etmək səmərəsizdir, baxmayaraq ki, bu qərəzlər qadağalara təsir göstərib. Bu səmərəsizdir, çünki dünyəvi qanunvericilər zərərin, ağrının və s. azaldılması əsasında qanun qəbul etdiklərini iddia etməklə sadəcə özlərini müdafiə edəcəklər. Belçikalılar özünümüdafiə üçün deyəcəklər: Bizim “doğru” və “yanlış” haqqında özümüzəməxsus dərin inanclarımız var, buna görə qanun qəbul etmişiksə bizi günahladıra bilməzsiniz.
İndiki zamanda insanlara öz təsəvvürlərində formalaşdırdıqları “əxlaqi düşüncələrinin” reallıqda heç də əxlaqi olmadığını sübut etməyə çalışdıqda: “Bu fanatizmdir!” ifadəsinin çətiri altında gizlənirlər. Dünyəvilik bu şəkildə insanları aldatmağa davam etməkdədir.
DÜNYƏVİLİK BOŞLUĞU
Dünyəvilik insanları məqsədlərindən fəal şəkildə yayındırır. Çünki məqsəd dinin sahəsidir. Dünyəvilik sizə hər hansı bir fəaliyyətin vacibliyini izah edəcək, ancaq nəticələr haqqında sizə qeyri-müəyyən ifadələr verəcəkdir. Çünki nəticələr dinin sahəsidir.
Dünyəvilik sizə səs verməli olduğunuzu söyləyəcək, lakin səsvermə üçün əsaslı etik baxış verməyəcək. Çünki substantiv etik baxışlar din sahəsidir. Dünyəvilik sizə hamıya eyni dərəcədə hörmət etməyinizi söyləyəcək, amma hörmətli olmağın nə demək olduğunu sizə deməyəcək. Çünki hörmət və ehtiramın özəyi din sahəsidir.
Düşünə bilərsiniz ki, insanlar daha çox dünyəviləşdikcə, onlar daha neytral, etik mahiyyəti olan hər hansı bir şeydən daha çox uzaqlaşır, hər hansı bir mənadan daha çox ayrılırlar. Ancaq yanılırsınız, çünki ürək heç vaxt boş ola bilməz. Liberal dünyəvi məqsədsizlikdən yaranan boşluq, fahişəlik və rüsvayçılığı yayımlamağa və normallaşdırmağa çalışan mənfəətpərəst kütləvi informasiya vasitələri tərəfindən yayılan fikirlərlə tez bir zamanda doldurulur. Bunlar, artıq kütləvi şəkildə insanların dininə, onların xarakterinə çevrilir. Baxın, bu gün sosial şəbəkələr, film saytları, televiziya kütləvi şəkildə qumar, içki, zina, faiz, xəyanət səhnələri, hər il dəyişən moda dəbləri ilə daha çox alış veriş, varlı həyatın təbliği və s. ilə insan düşüncələrinə hücum etməkdədirlər. Yada düşməyəni belə yada salır, bitməyən həzz istəyi təbliğ olunur, kütlələri dünyəvilik bataqlığına daha çox çəkərək əslində azadlığını əlindən alırlar. Bu, dünyəviliyin dizaynla ortaya qoyduğu məqsəddir: Səni itaətkar bir qul etmək.
Hz Peyğəmbərin dediyi: “Əməllər niyyətə görədir” hədisi bu zəhərin panzəhəridir. Davamlı olaraq hərəkətlərinizi və varlığınızı onların Mənbəsi olan Allah ilə əlaqələndirin. Məqsədiniz və sonunuz haqqında dərindən düşünün. Bu, yalnız sizin Yaradanınızın, sizi yaradanın təmin edə biləcəyi bir şeydir. Beləliklə, ürəyinizi liberal dünyəvi istehlakçı mədəniyyətin qalıqlarından təmizləyin və özünüzü həqiqi dəyərə malik olan yeganə şeylə birləşdirin. Dünyəvliyin aşıladığı həzz duyğusu bitən kimi özünüzü yenidən boşluqda hiss edəcəkəsiniz, bu isə sizi növbəti həzz axtarışına sürükləyəcək. Unutmayın ki, ürəyinizdəki boşluq yalnız saf və zərərsiz bir hisslə doldurula bilər. Bu isə Yaradanın qəlbə bəxş etdiyi iman nurudur. Bu nuru hiss etmədən, yaşamadan isə heç vaxt nə demək istədiyimizi tam olaraq anlamayacaqsınız
Daniel Haqiqatjou "The Modernist Menace to Islam" kitabından tərcümə