Atanın oğluna nəsihəti
Gəl görək köhnə zamannan bu çağın fərqi nədir?
Dünya görmüş atasıynan uşağın fərqi nədir?
Birbiriynən danışırlar, nəzər et, söhbətə bax,
Bir özün düşün, qərar ver, fikirləş, ibrətə bax.
Haqqı batildən ayırmağın gözəl üslubu var,
Hər kimdə güclü dəlil varsa ondadır ixtiyar.
Ata öz oğlunu öyrədir mərifətlə, fəqət,
Uşağsa edir başından böyük olduqca qələt:
Ay ata, yetişmişik çağdaş olan bir zamana,
Ayaq uydurmalıyıq biz bu müasir zamana.
Neyniyək ki, axı indi mədəniyyət belədi,
Avropa kültürü kültürmüzü çox üstələdi.
Ay oğul, sən Avropa kültürünü kənarə qoy,
Eylə Qur'ana nəzər və beynində işarə qoy.
Ali Imran on doqquzuncu ayə əhkamdır,
Allah qatında tək keçərli din Islamdır.
Ay ata, gər qorusaq isbalı həm saqqalı biz,
Olarıq büsbütün aləmdə tamam kəntalı biz.
O zaman halimizə bu millət qəribə baxar,
Onların baxışları qəlbimi yandırar, yaxar.
Ay oğul, bu işlərdə tə'nə eyləsələr sənə,
Zərrəcən qorxma, haqq yolunda davam eylə yenə.
Çünki əl Maidə surəsi əlli dördə nəzər,
Eyləsək biz, görərik var orda hikmətli kəsər.
Ay ata, icazə ver kafeyə, çayxanələrə,
Meyl edim musiqiyə, məclisi meyxanələrə.
Gənclərin çoxsu gedir, mən də getmək istəyirəm,
Indi millət nə edir, mən də etmək istəyirəm.
Ay oğul, duymadıqca Rəbbimizin ismini sən,
Tərk eylə o ortamın ruhunu həm cismini sən.
Çoxluq heçbir zaman Islamda olmuyubdu dəlil,
Quranda çoxdu dəlil ki, çoxu fasiq və zəlil.
Ay ata, istəyirəm ki, geyinim dəbdəbəli,
Biraz idman sayağı, biraz klassik, məzəli,
Ətrafdakı dostlarım gər bahalı geyinsələr,
Məcburam mən də alım modda olan əlbisələr.
Ay oğul, hədis var ki, bir qövm örnək alınar,
Məhşərdə həmin qövmlərlə o kəs həşr olunar.
Zahirən aşiq olma dostuvun qiyafətinə,
Əvvəlcə eylə nəzər batini keyfiyyətinə.
Ay ata, istəyirəm ki, istirahət eyliyim,
Dolaşım bu dünyanı, gəzim, səyahət eyliyim.
Belə bir məsəl də var ki, dillərdən əksilməz,
Çox gəzən çoxlu bilər, çox oxuyan çox bilməz.
Ay oğul, həyat məsəllərdən ibarət olmuyub,
Qəlb üçün zikirdən üstün istirahət olmuyub.
Gəzməyə qalsa, alim olardı hər gəzən dəli,
Oxu ilə başlıyır bizim bu dinin əvvəli.
Ay ata, al mənim üçün telefon həm də maşın,
Artıq on səkkiz olub, söyləmə ki, azdı yaşın.
Hamıda var buların son modeli, həm də necə...
Mən isə seyr edirəm durub kənarda sadəcə.
Ay oğul, bu fani dünyaya tamah salma qəti,
Şükr eylə halıva, vermiş Allah sənə taqəti.
Bu minik vasitəsi möminə zinət və naxış,
Amma ilk öncə mömin olmaq üçün xeyli çalış.
Ay ata, istəyirəm ki, böyüyüm zəngin olum,
Ya direktor, ya müdir, ya müdirə müavin olum.
Göstərib hamı məni barmağla, işarə eyləsin,
Dillərdə əzbər olum, hərkəs ismimi söyləsin.
Ay oğul, bil, müdür olmaqla düzəlməz hər işin,
Adam olsan düzələr bəlkə sənin əksər işin.
Dediyin kəlmələr riyadan əlamətdir, oğul,
Ixlaslı ol, iki dünyada səadətdir, oğul.
Ay ata, bəyənməyirsən niyə dövranımızı?
Elmin icadlarını, tazə güzəranımızı?
Mədəniyyət dönəmindən əsla geridə qalmayaq,
Irəliyə nəzər salaq, keçmişi ibrət almayaq.
Ay oğul, danışma boş boş, bu ki, cahil sözüdür.
Mədəniyyət dediyin cahiliyyənin özüdür.
Dünyavi, faydalı hər elm müsəlmana gərək.
Dinə ziddirsə elm, olarmı insana gərək?
Ay ata, mən və mənim kimilər üçün ver nəsihət,
Düzələr bəlkə xislətimizdə yanlış təbiət.
Bizi dünya alıb öz ağuşuna, ziyandayıq,
Çox təəssüf unutmuşuq, qısa imtahandayıq.
Ay oğul, söyləyəcəm təkcə Asr surəsini,
Bu kifayətdi xilas eyliyə Yer Kurəsini.
Hamı hüsrandadı lakin, iman və saleh əməl,
Edən istisnadır və gəlir davamında özəl:
Haqqı və səbri kim ki, tövsiyə eylərsə gözəl.
Muhəmməd Cureyc