Skip to main content


Qocalıq


Xeyli mövzuda verir bizlərə ibrət qocalıq.
Gəncliyin qədrini izhar edir əlbət qocalıq.
 
Elə ki, göznün önünə gəlir köhnə zamanların,
Bol enerjiylə dolu xatirələr və anların,
Kövrəlir qəlbi sanki bir anlıq qocamanların,
Gəncliyin duyğularıyçün qalıb həsrət qocalıq.
 
Kim cavanlıq çağını ibadətlər ilə bəzər,
Və dünya həyatının səfasından əlini üzər,
O, Qiyamətdə Ərşin kölgəsi altında gəzər,
Eyliyir, dönmək üçün gəncliyə niyyət qocalıq.
 
İl ötür, yaş çoxalır, saç ağarır, diş tökülür,
Əl əsir, getmir ayaq, üz qırışır, bel bükülür,
Bunu gənc birisi düşündükcə kinayəylə gülür.
Yaşadır insana qeyri-adi dəhşət qocalıq.
 
Demə ki, günahlarım neyniyəcəkdir ki, mənə,
İki dünyada müsibət və əziyyətdi sənə,
Edilən günahlarə tövbə etmək üçün yenə,
Verilir bəzilərinə son dəfə fürsət qocalıq.
 
Şübhəsiz ki, bu ömür müddəti bir ne'mətdir,
Ne'mətin şükrünü verməksə bizimçün şərtdir,
Ol səbəbdən ömrüvü haqq yoluna həsr etdir.
Yaşlanınca etməsin gəncliyə nifrət qocalıq.
 
İmanla nura dönər təlatümlü qaranlığın.
Açıq aydın yol olar getdiyin hər tikanlığın,
Nə qədər azdı yaşın qədrini bil cavanlığın,
Ola bilsin ki, sənə olmadı qismət qocalıq.
 
Kim sual versə bu şe'ri axı yazdın nə üçün?
Deyərəm xeyli gənclə yolda gedirdim bir gün,
Birdə gördüm ki, yaşlı birisi oturmuş üzgün,
Nədənsə tə'sir eylədi mənə xəlvət qocalıq.
 
Abdullah b. Rəvaha