Skip to main content


Hikmət toxumu

Səpən olsaydı əgər çöllərə hikmət toxumu,
Dirçələr bəlkə bizim ümmətin izzət toxumu.

Elə ki, başladı fısq adlı günah küləkləri,
Yerindən oynadır əsdikcə xəstə ürəkləri,
Tərpənir hər dəfə Islamın əsas dirəkləri,
Cücərir qəlb içində şübhə və şəhvət toxumu.

Mən axı sözümü deyim hansı günahkar adama,
Bulaşıb çünki bu dövrümüzdə hərkəs harama,
Həddi aşmaq üzrə çatmaqdadı yüksək məqama,
Ol səbəbdən pozulur get-gedə fitrət toxumu.

Hər günah danəsi bu qəlbə salır qarə ləkə,
Buna göz yumsan əgər danə olar dahə yekə,
Gəl vermə şeytanın əllərinə bu cür yağlı tikə,
Səpəcək hər tikənin üstünə qəflət toxumu.

Bizi düşmənlərimiz kənarda xaincə pusur,
Xeyli işgəncə görür iman əhli və qan qusur,
Bu acı zülmlərin önündə bir çoxusu susur,
Çürüyübmü görəsən bədəndə qeyrət toxumu?

Sayca çox olsa da düşmən, yenərik azlıq ilə,
Gələrik qalib iman gücüylə, qorxmazlıq ilə,
Bəzi nadanlar indi hiylə kələkbazlıq ilə,
Xəlvət hər yanə səpir nifaq və nifrət toxumu.

Sözümü anlayar əlbət düşünən həm də qanan,
Islam üçün yaşayan, qəlbi bu eşq ilə yanan,
Özünü bu haqq dində görəvli şəxsiyyət sanan.
Daima yaymalıdır hər yana dəvət toxumu.

Əl açaq biz böyük Allaha dua yüksəlsin,
Bu qəlbə sükunət ensin, bizə rəhmin gəlsin,
Bitsin artiq acı həsrət, qoy hamı dincəlsin.
Yağdır bu ümmətimin üstünə rəhmət toxumu.

Muhəmməd Cureyc