Skip to main content


Qədim Azərbaycan şəhəri – Düveyn

Halbuki, aşağıda görəcəyimiz kimi, bir neçəsi istisna olmaqla, tarixi mənbələrin hamısı Düveynin Azərbaycanın qədim şəhərlərindən biri olduğunu açıq-aşkar şəkildə bəyan etməkdədirlər. Əvvəla şəhərin adının yazılışından başlayaq. Azərbaycanlı tarixçilər bu şəhərin adını, bəzi ərəbdilli mənbələrdə yazıldığı formada “Dəbil” [دبيل]kimi qeyd edirlər. Bunu “Dübeyl” kimi də oxumaq mümkündür. Erməni, rus və avropalı tarixçi və şərqşünaslar isə şəhərin adını “Dvin” olaraq yazırlar. Orta əsr ərəbdilli müəlliflərin əksəriyyəti isə şəhərin adını “Düveyn” [دوين] olaraq qeyd edirlər. Ərəb qrafikası ilə hərəkəsiz bunu Dvin kimi də oxumaq mümkündür. Lakin ərəb orfoqrafiyasının xüsusiyyətlərindən irəli gələn tələblərə görə bu yazı məhz “Düveyn” kimi oxumaq daha məqsədəuyğundur. Bir çox orta əsr müəllifləri də bu yazını məhz “Düveyn” [دُوَين] kimi oxunacaq şəkildə hərəkələmişdirlər. Şəhərin adının Dəbil deyil, məhz Düveyn kimi yazılıb oxunmasını bizim üçün zəruri edən başqa bir səbəb orta əsrlərdə Hindistan və Suriyada da Dəbil adlı yaşayış məntəqəsinin mövcud olmasıdır. Bəzi mənbələrdə bu şəhərin adının “Düvən”, burada yetişmiş şəxslərin nisbəsinin isə “Düvəni” şəklində qeyd olunduğunu da görürürk. Miladi XII əsrdə Azərbaycanın şəhərlərinə etdiyi elmi səyaət vaxtı Düveynə də gələn Əbu Tahir əs-Süləfi əsərində şəhərin adını Düvən, orada gösüşüb hədis dinlədiyi mühəddisin adını isə Əbu Muhəmməd Əbdürrəhman əd-Düvəni kimi qeyd etmişdir. İbn Xəllikan isə belə yazır: “o şəhərdən olanlar əd-Düveyni, həmçinin əd-Düvəni adlanırlar”. Hüdudü’l-Aləm müəllifi də bu şəhəri Düvən adlandırır, lakin bolluq, bərəkət və rifah dolu olduğunu bildirdiyi şəhərin Ərməniyyədə olduğunu qeyd edir, Nəşəva (Naxçıvan) ilə Düveyn arasında 20 fərsəx (113,7 km) məsafə olduğunu yazır. Müasir ölçmə texnologiyaları da indiki Düveyn xarabalıqları ilə Naxçıvan şəhəri arasındakı məsafənin 113-115 km olduğunu göstərir. Yaqut əl-Həməvi Düveynin Ərməniyyənin Arranla sərhəddindəki şəhər olduğunu yazmışdır. Suriyalı Mixail də Düveyni erməni şəhəri adlandırır. Yaqut əl-Həməvi, əl-İstəxri, Hüdudü’l-Aləm müəllifi kimi mənbələr Düveynin erməni şəhəri olduğunu bildirsələr də orta əsr ərəbdilli mənbələrin əksəriyyətində onun Azərbaycan şəhəri olduğu qeyd edilmişidir. Cəmaləddin əl-Himyəri Düveynin Azərbaycanın şimalında, Gürcüstanla sərhəddə yerləşən şəhər olduğunu yazır. İbnü’l-Əsir, Süyuti, İbn Xəllikan, Əbu Bəkr əl-Bağdadi, Əbu Şamə əl-Məqdisi kimi bir çox tarixçi, coğrafiyaşünas və bioqraf Düveynin Azərbaycan şəhəri olduğunu qeyd etmişdirlər. Düveyni erməni şəhəri hesab edən müasir tədqiqatçılardan M. Streck şəhərin adının etimoloji izahının məchul olduğunu qeyd edir. Erməni salnaməçi M. Xorenatsi isə “Dvin” sözünün farsca təpə mənasını ifadə etdiyini bildirmişdir. 

Xristianlığın cənubi Qafqazda, o cümlədən Azərbaycanda yayılmağa başlamasından sonra, həmin vaxta qədər ehtimal ki, kiçik yaşayış məntəqəsi olan, Düveyn əhəmiyyət qazanmağa başlamışdı. V əsrdən etibarən cənubi Qafqazda xristianlığın əsas təlim mərkəzlərindən biri olan Düveyn Azərbaycanın Sasanilər tərəfindən zəbt olunmasından sonra 428-ci ildə Sasani canişinlərinin inzibati mərkəzinə çevrilmişdi. Həm inzibati, həm də dini mərkəz olan Düveyn sürətlə inkişaf etmişdi. M. Streck şəhərin təməlinin Sasani şahı I Xosrov Pərviz (531-579) tərəfindən qoyulduğunu düşünsə də aparılmış arxeoloji qazıntılar Düveynin yaşayış məntəqəsi kimi daha əvvəl də mövcud olduğunu göstərmişdir. Ehtimal ki, I Xosrov şəhəri əsaslı təmir etdirmiş, qala divarlarını möhkəmləndirmişdi.

Xilafət ordularının Düveynə ilk hücumu 6 oktyabr 640-cı ildə baş vermişdi. Şəhər müdafiəçilərinin müqavimətini qıran ərəblər Düveynə daxil olmuş və çoxlu qənimətlə şəhəri tərk edib bir qədər aralıda düşərgə salmışdılar. Bir neçə gün sonra yenidən şəhərə hücum edən xilafət ordusu 35 min nəfəri əsir alıb oradan uzaqlaşmışdı. Ehtimal ki, bu kəşfiyyat xarakterli hücumu əl-Cəzirə valisi İ’yaz ibn Ğənəm (r.ə) tərtib etmişdi. Osman ibn Əffanın (r.ə) hakimiyyəti dövründə (644-656) isə Həbib ibn Məsləmə əl-Fıhrinin (r.ə) komandanlıq etdiyi xilafət ordusu Düveyni ikinci dəfə, qalıcı olaraq fəth etmişdi. Şəhər əhalisi ilə əhdnamə bağlayan Həbib ibn Məsləmə (r.ə) cizyə və xərac ödəmələri qarşılığında onların canları, malları, mülkləri və məbədlərinin təhlükəsizliyinə təminat vermişdi. Bu əhdnaməni bizim üçün əhəmiyyətli qılan digər bir xüsus da 640-cı illərdə yazılmış bu tarixi sənəddə tərəflərin kimlərdən ibarət olmasının açıq və aydın şəkildə göstərilməsidir. Əhməd əl-Bəlazuri əhdnamənin mətnini olduğu kimi qeyd etmişdir. Orada deyilir: “Bu yazı Həbib ibn Məsləmə tərəfindən Dübeyl şəhərinin xristianlarına, yəhudilərinə, məcusilərinə, buna şahid olanlara və digərlərinə verilir”. Bu da onu göstərir ki, bu qədim Azərbaycan şəhərində sadəcə xristianlar deyil, müxtəlif dinlərə və millətlər mənsub insanlar yaşamışdılar. Hətta erməni mənbələrinin verdiyi bir məlumat Düveyndə atəşpərətliyin xristianlığa nisbətən daha güclü mövqeyə malik olduğunu düşünməyə əsas verir. Məsələn erməni salnaməçi Vardan yazır ki, Şavasp Artsruni və Vendo adlı iki xristian zadəgan dinlərini dəyişərək məcusiliyi qəbul etmiş və Düveyndə Hörmüzdün şərəfinə atəşgədə inşa etmişdilər. Sonrakı əsrlərdə Düveyn, haqqında yuxarıda geniş məlumat verdiyimiz, erməni kilsəsinin həyata keçirdiyi qriqoryanlaşdırma və erməniləşdirmə siyasəti nəticəsində əsasən erməni şəhəri kimi tanınmışdı. Xristian məzhəbləri arasındakı ixtilaf Düveyndə açıq mübarizə forması almışdı. M. Kalankatuklu yazır: “Movsesin katolikosluq kürsüsü isə Dəbil şəhərində idi. Bizans erməniləri (diofizitlər-E.N) isə İohanın katolikosluq kürsüsünü də Dəbilin yaxınlığındakı Avanda yerləşdirdilər. Hər iki katolikosluq arasında daim münaqişələr baş verirdi...”. Bizansa qarşı xilafətdən dəstək alan erməni qriqoryan kilsəsi Düveyni özünün məkəzinə çevirmişdi. Qriqoryan kilsə qurultayları bu şəhərdə keçirilirdi.

Xilafət dövründə bir müsəlman şəhəri olaraq Düveyn özünün elmi, mədəni və ictimai həyatının canlılığı ilə məşhur olmuşdu. Bunun ən tutarlı dəlili bu şəhərdə çox sayıda azərbaycanlı alimin yetişməsidir. Sacilər və Salarilərin dövründə Azərbaycanın qərbindəki ən böyük şəhərlərdən biri olan Düveyn Şəddadilərin hakimiyyəti dövründə daha da inkişaf etmişdi. X əsr müəllifi əl-İstəxri Düveynin Ərdəbil şəhərindən daha böyük olduğunu yazır. Orta əsr mənbələrində bildirildiyinə görə Ərdəbil bu dövrdə 300 mindən çox əhalisi olan böyük şəhər idi. əl-İstəxrinin verdiyi məlumat doğrudursa orta əsrlərdə Düveyn əhalisinin sayının 300-400 min arasında olduğunu söyləmək olar. Azərbaycan Saci hökmdarı Yusif ibn Əbus-Sac 914-cü ildə itaətdən boyun qaçıran və dikbaşlıq edən Ərməniyyə hakimi I Smbatı yaxalayıb Düveyndə edam etdirmişdi. O, daha sonra Smbatın oğlu Muşeqi, erməni knyazları David və Qurgeni də Düveynə gətirdərək edam etdirmişdi. 1045-ci ildə Düveyndə baş vermiş zəlzələ güclü dağıntı və insan tələfatına səbəb olmuşdu. Böyük Səlcuqlu dövləti və Azərbaycan Atabəyləri dövründə də iqtisadi-ticari və ictimai-mədəni əhəmiyyətini itirməyən Düveyn bir neçə dəfə gürcü çarlarının dağıdıcı hücumuna məruz qalmışdı. 1161-ci ilin avqustunda gürcü çarı III Georgi (1156-1184) əvvəlcə Anini sonra isə Dvini işğal etmişdi. Hər iki şəhərin əhalisinin böyük bir qismi gürcülər tərəfindən qılıcdan keçirilmişdi. Anidən 41 min, Dvindən isə 10 min əhali əsir götürülmüşdü. Lakin bu gürcü çarına baha başa gəlmişdi. 1163-cü ilin iyulunda Azərbaycan Atabəyi Şəmsəddin Eldəniz III Georgini məğlubiyyətə uğradaraq Dvini geri almışdı. Bu elə bir ağır məğlubiyyət idi ki, gürcü ordusunun bütün təchizatı, o cümlədən çarın şəxsi əşyaları müsəlmanlar tərəfindən qənimət götürülmüşdü. Azərbaycan ordusunun ikinci hücumunda isə III Georgi əsir düşməkdən canını çətinliklə qutarmışdı. Atabəyin növbəti hərbi əməliyyatlar üçün hazırlaşdığını öyrənən çar “mən sənə nə yararlıdırsa onunla razıyam və nə istəyirsənsə onu yerinə yetirməyə hazıram” deyə xəbər göndərmişdi. Lakin Atabəy Şəmsəddin Eldəniz ona “Mən İraqda qalmayıb, bu ölkəyə ona görə gəldim ki, qoşun toplayam, Tiflisə yürüyəm, onu tutanadək aramsız mühasirədə saxlayam....Mən sizin üzərinizə elə qoşunla gəlmişəm ki, ondan sizi qılınc vurmaqdan və nizə uclarından başqa heç nə qurtara bilməz” deyə cavab vermişdi. Burada baş verən döyüşdə gürcü ordusunu 10 min seçmə döyüşçüsü məhv edilmişdi. Müsəlmanlar hələ bu vaxtadək onlardan hər hansı birisinin və qoşunlarının ala bilməyəcəyi qənimətə yiyələnmişdilər. 1175-cü ilin avqustunda isə Azərbaycan, İraq, Sökmən və Diyarbəkir əmirlərinin birləşmiş ordusu Gürcüstana girmişdi. Axalkələk ilə Trialeti arasındakı ərazini elə talan edib elə dağıltdılar ki, sanki əvvəllər burada heç kim yaşamamışdı. Moğollar 1236-cı ildə Azərbaycana üçünücü yürüşləri vaxtı Düveyni elə ağır təxribata uğratmışdılar ki, şəhər bir daha yaşayış məskəni kimi istifadə olunmamışdı. Düveynin xarabalıqları bu gün Ermənistan respublikasında, Qarni kəndi yaxınlığındadır. Xarabalıqlar İrəvanın 18 km cənub-şərqində, Sədərəkin isə 39 km şimal-qərbindədir.

Düveynin həm Azərbaycan, həm də İslam tarixi baxımından əhəmiyyətini artıran bir xüsus da şanına şe’rlər, romanlar yazılıb filmlər çəkilən məşhur qəhrəman Səlahəddin Yusif Əyyubinin əslən bu şəhərdən olmasıdır. Səlahəddin Yusif Əyyubinin atası Nəcməddin Əyyub ibn Şazi ibn Mərvan Düveyndə dünyaya göz açmışdı. Uzun müddət Səlahəddin Əyyubinin xidmətində olmuş Bəhaəddin ibn Şəddad yazır: “Onun (Səlahəddin Əyyubinin-E.N) atası Əyyub ibn Şazi rəhiməhullah bizim yanımıza gəlmişdir. O, kərim, həlim, gözəl əxlaq sahibi idi. Düveyndə dünyaya gəlmişdi”. Əbu Şamə əl-Məqdisi də İbn Şəddadla eyni məlumatı vermişdi. Bəhaəddin əl-Cəndi isə Əyyub ibn Şazi haqqında “Azərbaycanın kənarında şəhər olan Düveyndə dünyaya gəlmişdi. O, rəvvadi kürdlərinin hezbaniyyə tayfasındandır” deyir. İbnül-Əsir də Əyyub ibn Şazi haqqında “Azərbaycanın Düveyn şəhərindəndir, o, kürd qəbilələrinin ən şərəflilərindən olan rəvvadilərdəndir” yazır. Suriyalı Mixail də Nəcməddin Əyyubun Düveynli kürd olduğunu yazır, lakin müəllif Düveyni erməni şəhəri kimi tanıdır. Erməni tarixçisi Smbat Əyyub ibn Şazinin Düveynli kürd kəndlisi olduğunu yazır. Əbu Bəkr Dəvadari də Əyyub ibn Şazi ibn Mərvanın kürd rəvvadi qəbiləsinə mənsub olduğunu, lakin bu qəbilənin İranın Nəhavənd vilayətində məskun olduğunu yazır. Əbdülməlik əl-Asimi də sultan Səlahəddin Əyyubinin rəvvadi kürdlərindən olduğunu və bu qəbilənin Düveynin xeyrli insanlarından olduğunu qeyd etmişdir. Şərəfxan Bidlisi (1543-1599) Misirin Əyyubi hökmdarlarının Azərbaycanın Düveyn şəhərindən olan kürd ravəndi tayfasına mənsub Şazi ibn Mərvanın nəslindən olduqlarını qeyd edir. Müəllif yazır: “bu gün həmin yerdə Çuxursəd vilayətinin Qarni kəndi var, əhalisi bu kəndi tərk etmişdir”. Nəcməddin Əyyub ibn Şazi qardaşı Əsirəddin Şirkuh ibn Şazi ilə birlikdə Düveyndən İraqa gedib Bağdad şıhnəsi (şəhər qarnizonunun komandanı) Mücahidəddin Bəhruzun xidmətinə daxil olmuşdu. Mücahidəddin Bəhruz Nəcməddin Əyyubun hərbi işdə bacarıq və istedadını görüb onu Tikrit qalası mühafizə dəstəsinə başçı təyin etmişdi. Tikritdə Əsirəddin Şirkuhun mübahisə etdiyi nüfuzlu bir şəxsi vurub öldürməsindən sonra Mücahidəddin Bəhruz bu iki qardaşdan İraqı tərk etmələrini tələb etmişdi. Qardaşlar uzun zamandan bəri dostluq etdikləri atabəy Nurəddin Mahmud Zənginin (1146-1174) yanına gedərək onun ordusunda xidmət etməyə başlamışdılar. 1099-cu ildə Fatimilər Qüds şəhərini müdafiə edə bilməyərək səlibçilərə təslim etmişdilər. Buna baxmayaraq səlibçilərlə Fatimilər arasındakı müharibələr davam etmişdi. Səlibçilər qarşısında aciz qalan Fatimilər Mosul atabəyi Nurəddin Mahmud Zəngidən kömək istəmişdilər. O, da öz komandanlarından Əsirəddin Şirkuhu ordu ilə Misirə göndərmişdi. Qardaşı oğlu Səlahəddin Yusiflə birlikdə Misirə gələn Əsirəddin Şirkuh Fatimi hökmdarının vəziri olmuş, lakin bir müddət sonra ölmüşdü. Onun yerinə keçən Səlahəddin Yusif gözlənilmədən 1171-ci ildə Fatimi dövlətinin varlığına son qoyaq xütbəni Abbasi xəlifəsinin adına oxutmuş və Misirdə Əyyubilər dövlətinin təməlini qoymuşdu. Səlahəddin Əyyubi (1174-1193) nizam-intizamlı, möhkəm ordu qurmuşdu. Səlahəddin Əyyubi 5 iyul 1187-ci ildə Fələstindəki Təbəriyyə gölü sahilindəki Xuttin kəndi yaxınlığında Qüds səlibçi krallığının ordusunu ağır məğlubiyyətə uğratmışdı. Xuttin döyüşündə səlibçilərin demək olar ki, hamısı məhv edilmişdi. Bu döyüşdən sonra hərbi qüvvəsindən məhrum olan Qüds krallığı da aradan qaldırıldı və Qüds 88 illik işğaldan sonra azad edildi. Qüdsün azad olunması Avropanın xristian krallarını hərəkətə gətirmişdi. Alman imperatoru Fridrix Barbarossa, ingilis kralı “şir ürəkli” ləqəbli Riçard, Fransa kralı Filip Avqust 1189-cu ildə birləşmiş orduları ilə yaxın şərqə yürüş etmişdilər. Səlibçilər Fələstindəki Əkkə qalası yaxınlığında sahilə çıxıb qalanı zəbt etmişdilər. Lakin Səlahəddin Əyyubinin ordusu qarşısında məğlubiyyətə uğrayaraq sülh müqaviləsi bağlamağa məcbur olmuşdular.

Dr. Elnur Nəsirov

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

ARUTYUNYAN, Varazdat , “Arxitekturnıye Pamyatniki Dvina”, ErmSSR EA Xəbərləri. Nr. 8, İrəvan 1947.
YEPİSKOP SEBEOS, İstoriya, (Trc. Ct. Malxasyants), İrəvan 1939.
ARAVELTSİ, Vardan, Vseobşaya İstoriya, (Trc. M. Emin), Moskva 1861.
NƏSIROV, Elnur, Raşidi Xəlifələr Dövründə Azərbaycanın Fəthi, Bakı 2006

BAĞDADİ, Əbu Bəkr Muhəmməd , Təkmilətü’l-İkmal, (Nşr. Ə. Əbdülqəyyum), C. II, Məkkə 1410.

BİDLİSİ, Şərəfxan ibn Şəmsəddin, Şərəfnamə, (Trc. Y. Vasilyeva), C. I, Moskva 1967.

DƏVADARİ, Əbu Bəkr ibn Aybək, Kənzü’d-Dürər və Camiü’l-Ğürər, (Nşr. S. Ə. Aşur), C. VII, Qahirə 1972.
ASİMİ, Əbdülməlik əl-Məkki, Səmtü’n-Nücumu’l-Əvali fi Ənbai’l-Əvail və’t-Təvali, Beyrut 1998.

ƏSNƏVİ, Cəmaləddin Əbdürrəhim, Təbəqatu’ş-Şafi’iyyə, C. I, Beyrut 1987.
İBN XƏLLİKAN, Şəmsəddin Əhməd, Vəfayatü’l-Əyan və Ənba Əbnaü’z-Zaman, C. II, Beyrut 1974.
SƏM’ANİ, Əbu Səid Əbdülkərim, Kitabü’l-Ənsab, (Nşr. A. əl-Barudi), C. II, Beyrut 1988.

HƏMİDULLAH, Muhəmməd, Vəsaiqü’s-Siyasiyyə, Beyrut 1985.
BƏLAZURİ, Əbü’l-Abbas Əhməd, Fütuhü’l-Büldan, (Nşr. A. ət-Təbba), Beyrut 1987.
KALANKATUKLU, Moisey, Albaniya Tarixi, (Trc. Z. Bünyadov), Bakı 1993
QANZAKETSİ, Kirakos, İstoriya Armenii, (Trc. L. Xanlaryan), Moskva 1976
ORMANIAN, Malachia, The Church of Armenia, (Trc. M. Gregory), London 1910.

HİMYƏRİ, Cəmaləddin Abdullah, Nisbə ilə’l-Məvazi’ və’l-Büldan, C. I, Beyrut (trz).

İBN ŞƏDDAD, Bəhaəddin Yusif, Sirətü’s-Sultanü’l-Malikü’n-Nasir Səlahəddin, (Nşr. A. Schultens), Leiden 1755.
CƏNDİ, Bəhaəddin Muhəmməd, Süluk fi Təbəqati’l-Üləma və’l-Müluk, (Nşr. M. Həvali), C. I, Səna 1995.
İBN HÖVQƏL, Əbül-Qasım Muhəmməd, Surətu’l-Ərz, Leiden 1939.

İBNü’l-ƏSİR, İzzəddin Əli, Lübabfi Təhzibü’l-Ənsab, C. I, Bağdad (trz).

İSFƏHANİ, Əbu Tahir Əhməd əs-Süləfi, Ərbəinü’l-Büldaniyyə, (Hzr. A. Rabih), Dəməşq 1992.
ANONİM, Hüdudü’l-Aləm minə’l-Məşriq ilə’l-Məğrib, (Nşr. Y. əl-Hadi), Qahirə 1999.
İBN XORDADBEH, Əbül-Qasım Übeydullah, Məsalikü’l-Məmalik, Leiden 1889.
HƏMƏVİ, Şihabəddin Yaqut ər-Rumi, Mu’cəmü’l-Büldan, C. III, Beyrut (trz).

İSTƏXRİ, İbrahim ibn Muhəmməd, Məsalikü’l-Məmalik, Leiden 1927.

MƏQDİSİ, Əbu Şamə Əbdürrəhman, Rəvzəteyn fi Əxbari’d-Dövləteyn, (Nşr. İ. Zeybəq), C. I, Beyrut 1997.

MICHEL le SYRIEN, Chronique, (J.B. Chabot), C. II, s. 318, C. III, Paris 1905.

SMBAT SPARAPET, Letopis, (Trc. Qlastyan), İrəvan 1974.
İBNü’l-ƏSİR, İzzəddin Əli, Kamil fi’t-Tarix, (Trc. A. Ağırakça-Özaydın A), C. XI, İstanbul 1987.
BÜNYADOV, Ziya, Azərbaycan Atabəyləri Dövləti, Bakı 1985.

STRECK, Makxmilian, “Dvin”, İA (MEB), C. IV, İstanbul 1977.

SÜYUTİ, Cəlaləddin Əbdürrəhman, Lübbü’l-Lübab fi Təhrir’l-Ənsab, (Nşr. M. Əbdüləziz), Beyrut 1991.

XORENATSİ, Movses,İstoriya Armenii, (Trc. Q. Sarkisyan), İrəvan 1990.