Skip to main content


Müsənna ibn Harisə əş-Şeybani

Hələ cahiliyyə dövründən ərəb yarımadasından köçüb İraqın cənub bölgələrinə gələn və burada məskunlaşan ərəb qəbilələrinə qarşı iranlı feodalların təzyiqlərinin artması səbəbiylə İraqdakı ərəb qəbilələri ilə Sasani imperiyası arasında gərginlik mövcud idi. Hətta Təmim və Əbdiqeys qəbilələri silahlı müqavimət göstərərək iranlı feodallara və Sasani qarnizonlarına hücumlar təşkil etmişdilər. Sasani dövləti İraqdakı ərəb qəbilələrini bir-birinə qarşı qoymaqla məsələni həll etməyə çalışmış, Kində qəbiləsi bu işdə iranlıların müttəfiqi olmuşdular. Gərginliyin bu şəkildə artması bəzi iraqlı ərəb qəbilələrinin yardım üçün Mədinəyə müraciət etmələrinə səbəb olmuşdu. Bu vaxt artıq Allah Rəsulu (s.ə.v) vəfat etmiş, raşid xəlifələrin ilki olaraq Əbu Bəkr (r.ə) seçilmişdi. Bəni-Şeyban qəbiləsini təmsilən Mədinəyə gələn Mühənna ibn Harisə xəlifə Əbu Bəkrlə (r.ə) görüşərək Sasani mərzubanlarının törətdikləri təhlükələrdən danışmış, özünün İraqda İslam dövlətinin təmsilçisi olaraq tanınması və yardım edilməsini təmənni etmişdi. Bəzi tarixi rəvayətlərə görə Müsənna (r.ə) İslamı bu səfəri vaxtı qəbul etmişdi. Əbu Bəkr (r.ə) Müsənnanın (r.ə) yardım istəyini qəbul edərək onu İraqdakı İslam camaatının əmiri təyin etmişdi. O, Mədinəyə etdiyi bu səfərdən sonra İraqın cənubundakı ərəb qəbilələri arasında İslamın yayılması üçün çalışmışdı. Müsənnanın (r.ə) bu fəaliyyəti Sasanilərin təzyiq və təqiblərinin daha da artmasına səbəb olmuşdu. Bu səbəbdən də Müsənna (r.ə) qardaşı Məs’ud ibn Harisəni Mədinəyə göndərib yenidən xəlifəyə yardım üçün müraciət etmişdi. Xəlifə Əbu Bəkr (r.ə) Yəməndəki irtidad hadisələrinin qarşısını uğurla almış Xalid ibn Vəlidi (r.ə) ordusu ilə İraqın cənubuna yardıma göndərmiş və Müsənnaya (r.ə) məktub yazaraq Xalid ibn Vəlidə (r.ə) itaət etməsini əmr etmişdi. Müsənna ibn Harisə (r.ə) ilə Xalid ibn Vəlidin (r.ə) qüvvələri birlikdə Sasanilərin komandanı Cabanın ordusunu məğlub edərək Ubullə və ətrafındakı bəzi yaşayış məntəqələrini fəth etmişdilər. 633-cü ilin payızında isə bütün Ənbar vilayətini ələ keçirmişdilər.

Bizans imperiyasının İslam ordularının Şamda irəliləməsinin qarşısını almaq üçün gördüyü hərbi tədbirlərə qarşı yardım tələb edən əmirlərə kömək üçün Əbu Bəkr (r.ə) Xalid ibn Vəlidə (r.ə) Yərmuk döyüşündən əvvəl İraqdan Suriyaya getməyi əmr etmişdi. Xəlifə Xalidin (r.ə) yerinə İraq cəbhəsindəki orduların baş komandanlığına Müsənnanı (r.ə) təyin etmişdi. Xalid (r.ə) əmri altındakı təcrübəli süvarilərin mühüm bir qismini özü ilə Şama apardığı üçün Müsənna ibn Harisənin (r.ə) qüvvələri bir qədər zəifləmişdi. O, 634-cü ildə Mədinəyə gedərək yenidən xəlifə ilə görüşmüşdü. Bu vaxt xəlifə Əbu Bəkr (r.ə) vəfatından əvvəl ağır xəstə yatmaqda idi. O, Ömər ibn əl-Xəttaba (r.ə) Müsənnaya (r.ə) lazımi köməyi etməyi vəsiyyət etmişdi. Möminlərin əmiri Ömər ibn əl-Xəttabın (r.ə) İraq cəbhəsinə göndərmək üçün nəzərdə tutduğu yeni ordunun hazırlanması yubandığı üçün Müsənna ibn Harisə (r.ə) İraqa geri qayıtmışdı. Əvvəl Məsannanın (r.ə), sonra isə Ömər ibn əl-Xəttabın (r.ə) insanları Sasani orduları ilə vuruşmaq üçün təşviq etməsinə baxmayaraq ərəblər İraq cəbhəsinə yollanmaqda çəkingən davranmışdılar. Bunun səbəbi güman ki, cahiliyyə dövründən bəri ərəblərin nəzərində Sasani dövlətinin formal, zahiri ehtişam və qüdrətə sahib olması idi. Ömər ibn əl-Xəttab (r.ə) İslamı yeni qəbul etmiş Əbu Ubeyd ibn Məs’ud əs-Səqəfini yeni toplanmış orduya əmir təyin edərək İraqa göndərmiş, Müsənnaya (r.ə) məktub yazaraq Əbu Ubeydə itatə etməsini əmr etmişdi. Əbu Ubeyd əs-Səqəfi və Müsənnanın (r.ə) birləşmiş orduları Sasani ordularına qarşı bir sıra uğurlu əməliyyatlar keçirsələr də 634-ci ilin noyabrında baş vermiş Cisr (Körpü) döyüşü xilafət ordularının məğlubiyyəti ilə nəticələnmişdi. Bu məğlubiyyətin səbəbi iranlılarla kifayət qədər döyüş təcrübəsinə sahib olmayan və döyüşün cərəyan etdiyi ərazini Müsənna (r.ə) qədər yaxşı tanımayan Əbu Ubeydin Müsənnanın (r.ə) tövsiyəsini dinləməyib təhlükəli manevr etməsi olmuşdu. Əbu Ubeyd əs-Səqəfinin (r.ə) özü də daxil olmaqla bu döyüşdə xeyli sayıda mücahid şəhid olmuşdu. Ağır yaralı olan Müsənnanın (r.ə) səyləri nəticəsində mücahidlərin mühüm bir qismi Fərat çayının sağ sahilinə keçə bilərək xilas olmuşdular.

Bir il sonra xəlifənin əmri ilə İraqa gələn Cərir ibn Abdullah əl-Bəcəlinin (r.ə) ordusu ilə qüvvələrini birləşdirən Müsənna ibn Harisə (r.ə) Sasani ordusunun Buveyb döyüşündə (dekabr 635) məğlub edilməsində mühüm rol oynamışdı. Büveyb döyüşündə şəhid olan mücahidlərin arasında Müsənnanın (r.ə) qardaşı Məs’ud ibn Harisə əl-Şeybani də var idi.

Bir müddət sonra xəlifə Ömər ibn əl-Xəttab Sə’d ibn Əbu Vəqqası (r.ə) İraq cəbhəsi komandanlığına təyin etmiş, Müsənna (r.ə) ilə Cərir ibn Abdullaha (r.ə) məktub yazaraq onlara Sə’d ibn Əbu Vəqqasa (r.ə) itaət etməyi əmr etmişdi. Bu vaxt Müsənna ibn Harisə (r.ə) Cisr döyüşündə aldığı ağır yaraların iltihablanması səbəbiylə xəstə yatmaqda idi. O, bu hadisədən qısa müddət sonra 636-cı ilin əvvəllərində aldığı bu yaralar səbəbiylə vəfat etmişdi.

Müsənna ibn Harisə (r.ə) bacarıqlı komandan, yüksək təşkilatçılıq qabiliyyətinə sahib, insanları uzlaşdırma və istiqamətləndirmə qabiliyyətinə sahib siyasətçi kimi tarixdə iz buraxmış bir şəxs idi. Ələlxüsus İraqdakı ərəb qəbilələrinin Sasanilərə qarşı birləşərək mütəşəkkil bir müqavimət cəbhəsi təşkil etmələrində Müsənna ibn Harisənin (r.ə) müstəsna xidməti olmuşdu. Əsas məqsəd və qayənin Allahın kəlamını yer üzündə hər şeydən uca tutmaq olduğunun fərqində olan, böyük xidmətlərinə rəğlən önə çıxarılmamasını, baş komandan təyin edilməyib Mədinədən göndərilən komandanların əmrində xidmət etməsini heç vaxt qabardıb müşkülə çevirməyən təqva və təvazökarlığa sahib bir şəxsiyyət idi həm də Müsənna ibn Harisə (Allah ondan razı olsun).

 

Dr. Elnur Nəsirov