Skip to main content


Faydalı dərslər 5: Heç Allah üçün ağladınmı?

Allah təala Qurani Kərimdə xüşu içində Ona yalvarıb, ağlayaraq Ona yönələnləri təqdir etmiş və bu gözəl əməl Qiyamətədək iman edənlərə örnək təşkil edəcək hala çevrilmişdir. İman etmiş bir qul nə qədər saleh əməl sahibi olsa da, günahlardan nə qədər çox çəkinməyə çalışsa da, Cənnətə əməllərlə deyil, yalnız Alllah`ın rəhməti ilə girə biləcəyini dərk edir. Bu barədə Allah Rəsulu salləhu əleyhi və səlləm  buyurmuşdur: “Heç kimsə öz əməli ilə Cənnətə girməz”. (BuxariRiqaq 18; MüslimMünafiqin 71-73). Peyğəmbərimiz salləhu əleyhi və səlləm  hətta özünü də burada istisna etməmiş və hər kəsin Allah`ın rəhmətinə möhtac olduğunu bildirmişdir.

Allah Rəsulu salləhu əleyhi və səlləmin və səhabələrinin həyatına baxsaq, Quran oxuyarkən və ya dinləyərkən göz yaşlarını tuta bilmir, Allah`ın əzab və ya Cəhənnəm ayələrini eşitdikə öz hallarına yanar, ağlamaqdan taqətsiz hala düşərdilər. Gecə-gündüz Allah`dan bağışlanma diləyən, ibadətdən ayaqları şişən Peyğəmbər salləhu əleyhi və səlləm belə bu duanı əskik etməzdi: “Allah`ım, ölmədən öncə mənə Sənin qorxundan ağlayan iki göz ehsan et!”.

Abdullah İbn Ömər radiyallahu ahu o qədər çox ağlayardı ki, bəzən evinden heç çıxmaz, hıçqırıqları çöldən eşidilərdi. Çölə çıxarkən isə, ağladığının bilinməməsi üçün gözünə sürmə çəkərdi. İbn Ömər buyurmuşdu ki: “Allah qorxusu ilə bir damla göz yaşı axıtmaq, minlərcə qızıl sədəqə verməkdən daha qiymətlidir”.

Əbu Bəkr radiyallahu anhu ona təqdim edilən bir stəkan soyuq suyu içdikdən sonra, hıçqırıqlarını tuta bilməyərək ağladı. Ona niyə ağladığı soruşulduqda, bütün nemətlərdən hesaba çəkiləcəyini xatırladığını söylədi.

Allah qorxusundan dolayı axıdılan göz yaşı qəlbdə şəfqətin və imanın nişanəsidir. Daima başqalarında səhv axtaran, öz yanlışlarını görməyən və getdikcə daşlaşan qəlb Allah üçün səmimi göz yaşı axıtmaq nemətindən məhrum qalar. Halbuki sahabələr hər hansı məsələdə ilk öncə özlərində qüsur axtarar və səmimi şəkildə Allah qorxusundan göz yaşı axıdardılar.  Bundan başqa Allah Rəsulu salləhu əleyhi və səlləm  bir çox hədislərdə Allah üçün axıdılan göz yaşlarının Allah qatında nə qədər dəyərli olduğunu və Qiyamət günü Rəbb`in bağışlamasına məzhər olacaq əməllərdən olduğunu vurğulamışdır. Allah`a iman etmiş olaraq aşağıdakı hədisləri diqqətlə oxuyub, dərk etməyə çalışaq. Unutmayaq ki, elm əməl etdikcə çoxalar!

Əbu Ümamə Sudayy ibn Aclan əl-Bahili radiyallahu anhdan Allah Rəsulu salləhu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Allah`ın qatında iki damla və iki izdən daha sevimli şey yoxdur. Allah qorxusundan dolayı tökülən göz yaşı ilə Allah yolunda axıdılan qan damlaları. İki izə gəlincə; Allah yolunda hərb edərkən alnan yara izləri ilə, Allah`ın fərzlərindən birini əda edərkən meydana gələn izlər”.  (Tirmizi )

“Allah qorxusu ilə, gözündən yaş axan mömini, Allah təala atəşdən qoruduğu kimi, atəşi də onun nurundan qoruyar. (İbn Məcə)

Ənəs radiyallahu anhu demişdir: “Allah Rəsulu salləhu əleyhi və səlləm bizə indiyə qədər eşitmədiyimiz bir xütbə oxuyaraq belə buyurdu; “Əgər bildiyimi bilsəydiniz az gülər, çox ağlayardınız” Ənəs radiyallahu anhu deyir: “Allah Rəsulunu  əshabı bu sözə görə üzlərini örtdülər və hıçqıra-hıçqıra ağladılar”. (Buxari və Müslim)

“Uqbə ibn Amir demişdir: “Allah Rəsulu salləhu əleyhi və səlləmdən soruşdum. “Ey Allah`ın Rəsulu! Nicat ve qurtuluş haradadır?” O belə cavab verdi: “Dilini tut, evini geniş et (çox qonaq qəbul et) və xətaların üzərinə ağla.”(Tirmiziühd 61)

Allah təala Musa əleyhissalama buyurmuşdur: “Məndən qorxub ağlayaraq edilən ibadət, digər ibadətlərdən üstündür”. (Təbərani)

Əbu Hüreyrə radiyallahu anhu Allah Rəsulu salləhu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Sağılan süd yelinə geri dönmədikcə Allah qorxusundan ağlayan şəxs də Cəhənnəmə girməz. Allah yolunda cihad edərkən yaranan tozla Cəhənnəmin dumanı birləşməz”. (TirmiziFədailu`l-Cihad 8, Zühd 9, NəsaiCihad 8, İbn MəcəCihad 9)

“Vücudu Allah qorxusu ilə ürpərən kimsənin günahları, ağacdan yarpaqların tökülməsi kimi tökülür. [Beyhaqi]

Əbu Hüreyrə radiyallahu anhudan Allah Rəsulu salləhu əleyhi və səlləmin belə dediyi rəvayət olunmuşdur: “Allah`ın kölgəsindən başqa bir kölgənin olmayacağı bir gündə Allah yeddi (qrup) şəxsi öz kölgəsi ilə kölgələndirəcək. (Bunlar) ….. Allah`ı zikr etdikdə gözləri dolan şəxsdir” (Buxari və Müslim)

İbn Məsud radiyallahu anhudan belə dediyi rəvayət edilmiştir: “Allah Rəsulu salləhu əleyhi və səlləm mənə “Quran oxu” deyə buyurdu.  Mən “Ey Allah`ın Rəsulu! Quran sənə nazil olduğu halda mən necə oxuyaram?” deyə cavab verdim. O da “Onu başqasından eşitmək istəyirəm” dedi. Nisə surəsini oxudum. “Hər ümməttən bir şahit gətirib, səni də onlar üzərinə şahid gətirdiyimiz zaman onların halı  necə olacaq?” ayəsinə gəlincə “İndilik bu qədər bəsdir” buyurdu. Bir də baxdım ki, gözləri yaşla dolmuşdu.” (Buxari və Müslim)

Son olaraq Abdullah ibn əş-Şihhir radiyallahu anhu demişdir: “Peyğəmbər salləhu əleyhi və səlləmin yanına gəlmişdim. O namaz qılırdı. Ağladığı üçün sinəsindən qaynayan qazan səsi kimi bir səs gəlirdi” (Tirmizi və Əbu Davud). 

Əgər keçmiş və gələcək günahları bağışlanan, gecə gündüz istiğfar edən və Allah qatında çox üstün bir məqama sahib bir Peyğəmbər bu cür ağlayırsa, onda biz gecə gündüz nəfsə uyub günahlar edən qullar hansı halına ağlamasın?  Allah bizi Rəsulunun və səhabələrinin yolunu ən gözəl şəkildə izləyənlərdən etsin. Amin!