Allah`ın mükafatı Cənnət və pis əməllərin cəzası Cəhənnəm
وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ
“Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.” ( İbrahim 34)
Bütün bu nemətlərin qarşısında biz nə qədər Allah`a şükür etsək yenə də azdır.
Allah təalə bizi yalnız Ona ibadət edək deyə yaratdı. Ona görə də Onun ibadətindən üz çevirənlər, Onun qoyduğu qayda və qanunlara riayət etməyənlər, öz acizliklərini unudaraq hədlərini aşanlar bir sözlə Allah`ı unudanlar və bu dünyada heç ölməyəcəkmiş kimi yaşayıb axirəti inkar edənlər öz qazandıqlarının qarşılığında Cəhənnəmi haqq etməkdədirlər. Allah təala buyurur:
Həqiqətən, Cəhənnəm (kafirlər üçün) pusquda dayanıb gözləyir. O, həddi aşanların qayıdacağı yerdir. Onlar orada əsrlər boyu qalacaqlar. Onlar orada nə bir sərinlik, nə də (sərinlədici) içki dadacaqlar. (İçdikləri) yalnız qaynar su və irin (olacaq –) (Törətdikləri əməllərinə) uyğun bir cəza kimi. (Nəbə 21-26)
Ayədən də göründüyü kimi Allah təala cəhənnəm əhlinin cəzasının öz əməllərinin qarşılığında bir qazanc olduğunu xəbər verir. Ancaq Cənnət əhlinin təsvirində isə onların Cənnətə girməsinin Allah`dan bir əta olduğunu deyir:
Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. (Həmçinin) bağlar və üzümlüklər, dolğun döşlü həmyaşıd qızlar, Onlar orada nə mənasız sözlər, nə də iftira eşitməyəcəklər. (Bunlar) sənin Rəbb`indən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir. (Nəbə 31-36)
Şübhəsiz ki, Cənnətdə verilən o qədər nemətlər bizim əməllərimiz qarşılığında deyil, Allah`ın rəhməti və mükafatı sayəsindədir. Əməllərimiz isə sadəcə Cənnətə girməyimizə səbəbdir. Çünki təkcə bir gözümüzün haqqını illər boyu ibadət etsək belə verə bilmərik. Bundan əlavə bizim illərlə etdiyimiz ibadətin Allah qatında dəyəri Onun haqq etdiyi qədər deyildir. Bizim yüz il dayanmadan etdiyimiz ibadət Allah qatında zaman etibarı ilə belə çox azdır. Allah təala buyurur:
Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric 4)
Bunun mənası odur ki, bizim yaşadığımız dünya ilə müqayisədə əlli min illik bir müddət Allah qatında yalnız bir günə bərabərdir. Belə ki, biz əlli min il ibadət etsək, Allah qatında zaman etibarı ilə yalnız bir günlük ibadətin müddətinə bərabər olur. Bu isə o deməkdir ki, yüz il yaşayan bir insan Allah qatında bir saniyə yarım zamana bərabər olan bir müddətdə yaşamış, onunda ömrünün üç də biri ibadətə sərf olunsa yalnız yarım saniyə ibadət etmiş sayılır. Yəni yüz il yaşayan bir insan həyatını tamamı ilə ibadətlə keçirsə yalnız bir saniyə yarımını, digər ehtiyaclarınıda çıxsaq Allah qatında olan müddətin yalnız yarım saniyəsini ibadətlə keçirmiş hesab olunur. SubhanAllah! Lakin, Rəbb`imiz bunun qarşılığında bizə əbədi qalacağımız Cənnəti bəxş etməklə bunun Özü qatından bir rəhmət olduğunu bizə bildirməkdədir.
Allah qatında məxluqatın ən üstünü olan Muhəmməd salləllahu əleyhi va səlləm belə Cənnətə Allah`ın rəhməti ilə girəcəkdir. Necə ki, o buyurmuşdur:
“Sizlərdən biri Cənnətə öz əməli ilə daxil olmayacaqdır”. Ondan soruşdular: “Sən dəmi, Ey Allah`ın Rəsulu? O buyurdu: “Bəli. Mən də Allah`ın məni əhatə etdiyi rəhməti ilə oraya daxil olacağam.” (Buxari, Müslim)
İbn Teymiyyə, İmam Nəvəvi, İbn Kəsir, İbn Üseymin və digər alimlər hədisdə keçən bu sözün əməllər qarşılığında cənnətə giriləcək mənalı ayələrlə ziddiyyət təşkil etməyəcəyini deyir. Allah təala buyurur:
(Xeyirxah) əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. (Zuxruf 72)
(Bu,) onların etdikləri əməllərin mükafatı olacaq. (Vaqiə 24)
Alimlər bu ayələrlə həmin hədisi qarşılaşdıraraq onların şərhində qeyd edirlər ki, yəni əməllərimiz Allah`ın rəhmətini qazanmağımıza bir vəsilədir. Ancaq Cənnətdə bizə verilən o qədər saysız hesabsız mükafatlar Allah`ın bizə bir rəhməti, lütfü, mükafatıdır. Yoxsa əməllərimiz qarşılığında o qədər mükafata layiq deyilik.
Bunun isə anlamı odur ki, biz yalnız kiçik bir cəhdlə ibadətlərimizi Cənnətə girməmiz, Allah`ın rəhmətini qazanmamız üçün bir vəsilə etməli, onun qarşlığında isə Allah`ın sonsuz rəhmətini qazanmağa çalışmalıyıq. Uca Rəbb`im bizi Onun rəhmətini qazanmaq üçün yaşayanlardan etsin. Amin!