Sİzin Ən Xeyirliniz
Sizin ən xeyirliniz...
- “Quranı öyrənib, (onu başqalarına) öyrədəninizdir”. (Buxari 5027)
- “Zövcələri ilə ən gözəl şəkildə rəftar edəninizdir”. (Tirmizi 1162)
- “Ondan xeyir umulan və başqalarına zərər verməyəninizdir”. (Tirmizi 2263)
- “Allah`ın uzun ömür verdiyi və bu uzun ömrü çoxsaylı saleh əməllərə sərf
edəninizdir”. (Əbu Nueym “əl-Hilyə”: 6/111)
- “Borcunu ən gözəl şəkildə (vaxtında və dəqiq) qaytaranınızdır”. (Buxari 2306)
- “Ailəsi ilə ən gözəl tərzdə rəftar edəninizdir”. (Tirmizi 3895)
- “Kasıbları yedirdəninizdir”. (Diya əd-Din əl-Məqdisi “Muxtarat”: 1/16)
- “Əxlaqı ən gözəl olanınızdır”. (Əhməd 10066)
Yuxarıda içimizdən ən xeyirli olanımızı vəsf edən cümlələr qeyd olunmuşdur. Bu cümlələr hər hansı bir alimdən gətirilən sitatlar deyil. Bu cümlələr aləmlərə rəhmət olaraq göndərilmiş Allah Rəsulu salləllahu əleyhi və səlləmin ümmətinə etdiyi tövsiyyələrdir. Fikir versək, görərik ki, “SİZİN ƏN XEYİRLİNİZ...” sözləri ilə başlayan hədislərin heç biri “...namazda ön səfdə duranınızdır”, “...ən çox oruc tutanınızdır”, “...ən çox Quran oxuyanınızdır” sözləri ilə tamamlanmır. Çünki bu sadalanan ibadətlər fərdi ibadətlərdir və şəxsin yalnız özünə aid olan məsələdir. Namaz, zəkat, oruc və həcc ibadətləri fərz ibadətlərdir və Allah`a təslim olmuşluğun minimal göstəricisidir. İslamın beş şərtini (kəlmeyi-şəhadət, namaz, zəkat, oruc, həcc) yerinə yetirməklə insan sadəcə praktiki şəkildə ümmətə qoşulmuş hesab edilir.
Lakin Allah`ın elçisi salləllahu əleyhi və səlləmin “SİZİN ƏN XEYİRLİNİZ...” deyə təzkiyə etdiyi kimsələr imanlarını fərdi səviyyədən sosial-ictimai səviyyəyə qaldırmış kimsələrdir. Ön səfdə namaz qılmaq gözəldir, lakin şəxsən sənin üçün. Ailən
və cəmiyyətlə münasibətlərin xarabdırsa, ön səfdə namaz qılmaqla Allah və Rəsulunun razı qaldığı müsəlmanlardan heç vaxt olmayacaqsan. Ailənə qarşı kobud və etinasızsansa, nafilə orucların səni ən xeyirlilərdən etməyəcək. Ətrafındakılar sənin
şərrindən özlərini əmin hiss etmirlərsə, göbəyinə qədər uzatdığın saqqalın sənin şanını ucaltmayacaq. İnsanlar arasında təfriqəyə, düşmənçiliyə, dedi-qoduya, fitnəyə səbəb olursansa hənəfi, hənbəli və ya ümumiyyətlə məzhəbsiz olmağınla fəxr etməyin sənin fəzilətini artırmayacaq.
İbadətlərin sənindir. Yerinə yetirib, azdan-çoxdan savab qazanırsan. Bəs cəmiyyətə nə xeyrin var? Onu de görüm.