Skip to main content


İNQİLABİ AYƏLƏR – 2 (Şura 14)

Bundan əvvəlki yazıda (İnqilabi ayələr – 1, Şura 13) qeyd olunan dörd əsas məqamı yada salaq:

1. Nuhdan (aleyhissələm) ən sonuncu peyğəmbər Muhammədə (Salləllahu aleyhi və Səlləm) qədər bütün peyğəmbərlərə göndərilən din tövhid dini olan İslamdır.
2.“...Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın...”.
3. Allah Rəsululunun (salləllahu aleyhi və səlləm) dəvət etdiyi dinin müşriklərə ağır gəlməsinin səbəbi şirk üzərində qurulmuş hakimiyyətin və maliyyə mənbəyinin əldən çıxması idi. Çünki tövhidi qəbul etmək özü ilə bərabər köklü dəyişikliklər gətirir.
4. Allah insanlar içərisindən istədiyini elçi olaraq seçər. Elçinin vəzifəsi isə insanlara hüccət çatdırmaqdır. Hidayətə müyəssər edən isə Allahdır (Subhanahu və Təalə). Odur ki, sizə insanları dəvət etmək üçün elm verilibsə, bununla qürrələnməyin. Bu məqamı fərasətiniz hesabına əldə etməmisiniz. Bunu sizə lütf edən Allahdır. Dəvət etdiyiniz insanlar dəvətinizə etinasızlıq göstərsələr, ruhdan düşməyin. Sizin işiniz insanlara hidayət vermək yox, hüccət çatdırmaqdır. Hidayət verən isə Allahdır.

Şura surəsi, 13-cü ayədən bu dörd məqamı yadda saxladıqdan sonra, gəlin görək eyni surənin 14-cü ayəsində nə deyilir.

Onlara məhz (tövhid haqqında) elm gəldikdən sonra, öz aralarındakı ədavət (həsəd) ucbatından, ixtilafa düşdülər. Əgər Rəbbindən, müəyyən bir vaxtadək söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yəqin ki bitmiş olardı). Onlardan sonra Kitaba (Tövrat və ya İncilə) varis olanlar da onun barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk-şübhə içindədirlər”. (Şura surəsi, 14-cü ayə)

“Onlara məhz (tövhid haqqında) elm gəldikdən sonra, öz aralarındakı ədavət (həsəd) ucbatından, ixtilafa düşdülər...”.

Əslində elm, xüsusən də tövhid elmi, insanları birləşdirməyə xidmət etməlidir, elə deyilmi? Lakin ayədə qeyd olunur ki, “...onlara məhz (tövhid haqqında) elm gəldikdən sonra....ixtilafa düşdülər”. Buna səbəb ayədə qeyd olunan “...öz aralarındakı ədavət (həsəd)...” idi. Elmi pak və şəffaf bir suya, insan qəlbini isə bir qaba bənzətsək, görərik ki, su nə qədər təmiz olursa olsun, qab çirkli olduqdan sonra oraya tökülən su da çirklənəcək. Qəlbi xəstə olanın əlinə düşən elm də (hətta bu tövhid kimi əzəmətli elm olsa belə) dağıdıcı bir silaha çevrilir. Onun məqsədi insanları şirkin zülmətindən, tövhidin nuruna dəvət etmək yox, tövhid dininin terminologiyasından istifadə edib ətrafına camaat toplamaq, maddi vəziyyətini yaxşılaşdırmaq olacaq. Özündən daha elmli və ətrafına camaat toplamaq potensialı daha yüksək birini gördükdə isə ona həsəd edəcək və həmin şəxslə ən çirkin formada ədavət aparacaq. Odur ki, elm tələb etməyə başlamadan öncə müsəlman ilkin olaraq öz qəlbini islah etməli, onu xəstəliklərdən təmizləməli, daha sonra o elmin ona verəcəyi məsuliyyəti dərk etməli və bu məsuliyyətin verdiyi ağırlığı daşıya biləcək gücü özündə hiss etməlidir. Əks təqdirdə işin ən kritik nöqtəsində şeytanın oyununa gələr. Özü də məhv olar, arxasınca gələnlərin də parçalanmasına səbəb olar. Allah elm əhlini bu aqibətdən qorusun!

Rəbbimiz “...Əgər Rəbbindən, müəyyən bir vaxtadək söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı...” dedikdən sonra Özünün sünnətini yəhudi və xristianların timsalında bu cür açıqlayır:
“Onlardan sonra Kitaba (Tövrat və ya İncilə) varis olanlar da onun barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk-şübhə içindədirlər”.

Fikir verin. Son Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ümmətindən əvvəlki ümmətlərə, yəni yəhudi və xristianlara tövhid elmi gəldi. Aralarından elm sahibi olanlar sırf bir-birinə qarşı bəslədikləri həsəd, ədavət və təkəbbürdən dolayı ayrılığa düşdülər, didişdilər, bir-birlərini yalançılıqda ittiham etdilər, təkfir və təbdi etdilər, dini bəhanə edib şəxsi imtiyazlarını itirməmək üçün bir-birlərinə rəddiyyə verdilər, şəxsi münaqişələrini dini müstəviyə çıxardıb avam, lakin səmimi insanları öz oyunlarına alət etdilər.

Və sonra Sünnətullah təcəlli etdi: “Onlardan sonra Kitaba (Tövrat və ya İncilə) varis olanlar da onun barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk-şübhə içindədirlər”. Bəli. Onlardan sonra gələn nəsillər öz kitabları (Tövrat və İncil) barədə “mürib” olan bir şübhə içinə düşdülər. Bilirsinizmi “mürib” olan şəkk-şübhə nədir? O, bir virusdur. Kimin içinə “mürib” şübhəsi düşdüsə, təkcə həmin şəxsi alıb aparmır, sürətli şəkildə yayılaraq bütün cəmiyyəti ağuşuna alır. Həmin qövmü küfrün dibinə bu şübhə salmadıqca əl çəkmir. Allah (Subhanəhu və Təalə) sözü söz xətrinə deməz (haşa!). Bu misalda çox böyük bir ibrət, açıq-aydın bir xəbərdarlıq var. Rəbbimiz istəyir ki, bizdən sonra gələn nəsilləri də əvvəlki ümmətlərin aqibəti gözləməsin. Alimlər, elm tələb edənlər Allahın pak dinini şəxsi ədavətlərinə, bir-birlərinə bəslədikləri həsədə, haqqı qəbul etməmə təkəbbür və təəssüblərinə alət edərək ümməti parçalamasınlar. Özümüzdən sonra İbrahimin (aleyhissələm) zürriyyətinə bənzər bir zürriyyət qoyub getmək istəyiriksə, əvvəlcə özümüzü islah etməli, şüurlu və nümunəvi bir ümmət olmağa çalışmalıyıq. Alim və Hakim olan Rəbbimiz bizi cılız hədəflər üçün yox, bəşəriyyətə şahid olaq deyə Xatəmul-Ənbiyanın (Salləllahu aleyhi və Səlləm) ümməti olaraq seçmişdir.  

Həqiqətən, bu ayələrin çatdırmaq istədiyi mənaları araşdırıb, dərindən təfəkkür etdikdə, insanın dini dünyagörüşündə və həyatında inqilab baş verməyə bilmir.

(ardı var)