Etiraf

Belə bir deyim var: “Öz keçmişini təhlil edib səhvlərini etiraf edə bilməyənlər getdikcə tarixin arxivinə göndərilər”. Bu, xüsusilə biz dindarlara aiddir. Etiraf etmək lazımdır ki, müsbət məziyyətlərimizlə yanaşı keçmişimizdə və bugünkü günümüzdə problemlərimiz də az deyildir. Bu problemli tərəfləri aşağıdakı kimi qruplaşdıra bilərik:
Dindar kütlə din xadimlərinə, ruhanilərə, dəvətçilərə qiyməti sadəcə onların dini məlumatlılıq dərəcəsinə görə verdi. Halbuki, bütün normal cəmiyyətlərdə ümumi qəbul edilmiş meyyarlar vardır. Bunlar mədəniyyət, ləyaqət və şəxsi insani keyfiyyətlərdir. Dini məlumatlılıq düşüncəli bir ibadət halına keçdikdə qeyd etdiyim amillərlə birləşir. Bu isə ortaya müsəlman şəxsiyyət modeli çıxarır.

Millətimizin mədəniyyətində və adətlərində islamdan olan izlər var idi. Bu xüsusiyyətlər şəriətin mahiyyətinə zidd deyildi. Hətta bir sıra hallarda hökm şəklində İslamı bizdən daha yaxşı qoruyub saxlamış millətlərdən İslami mədəni izlər baxımından üstün idik. Biz isə nə etdik? Xalqımızın İslam şəriəti ilə zidd olmayan, hətta mənşəyini ondan götürən bir sıra adətlərinin üstündən bütövlükdə xət çəkdik. Bunun əvəzinə digər xalqların İslamla əlaqəsi olmayan bir sıra adətlərini qəbul etməyə başladıq.

Məsələn; avtobusda və bir sıra ictimai yerlərdə böyüklərə, yaşlılara və ya uşaqlara yer vermək, hörmət göstərmək bu gün nə ərəblərdə, nə də türklərdə var. Və ya yas düşərkən, xüsusilə kəndlərdə qohum, qonşunun mərhumun ailəsinə əlindən gələn dəstəyi əsirgəməməsi əslində Allah Rəsulu salləllahu əleyhi və səlləmdən bizə qalan gözəl miras idi. Lakin dindarlar olaraq böyüyə hörməti, qohum-qonşuya dəstəyi unutduq. Əvəzində isə, başqa millətlərdən xüsusilə qərb millətlərindən soyuqqanlılıq, şəxsi mənafeyinə görə addım atmaq, qohumları itirib-axtarmamaq, karyeranın
bütləşdirilməsi, böyüklərin yanında ucadan danışmaq, ayağı ayağın üzərinə qoymaq kimi İslamla əlaqəsi olmayan, hətta İslama zidd olan adətləri mənimsədik. Nəticədə cəmiyyətə yad, cəmiyyətdən uzaq bir müsəlman modeli formalaşdırdıq.

İslami dəvəti bizim torpaqlara gətirən əksər məktəblər öz təqdimatlarını mütləq doğru hesab elədilər. Onların hər birilə bu və digər şəkildə tanış olmuş adam kimi deyə bilərəm ki, onlar bu sınağı keçmədi dostlar! Quran və səhih sünnət, eləcə də ləyaqətli və düşüncəli insanların birgə müzakirəsi bizə yerli şəraitə, cəmiyyətimizin hal vəziyyətinə uyğun bir fəaliyyət şəkli seçməyə imkan verərdi. Dindarlar bunu etmədi. Çox maraqlıdır ki, bu İslami təqdimatları gətirənlərə reallıqdakı problemlərin bir qismini sizin paket həll edə bilmir dedikdə pis insan olduq......
Özəl qələmdən.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.