İnsaf borcu


Biz müsəlmanıq. Onun üçün də insani münasibətlərdə Allah Rəsulu salləllahu əleyhi və səlləmin davranışını nümunə götürürük və götürməliyik də. Allah Rəsulu salləllahu əleyhi və səlləmin bir çox sünnətləri vardır ki, müsəlmanlar onu icra edirlər. Amma onun bir gözəl sünnəti vardır ki, onu icra etmək həqiqətən nəfsimizə ağır gəlir. Bu, sünnət onun “insaf və haqq borcu” sünnətidir.

Bəzən insan olaraq, kişi olaraq, mütəxəssis olaraq, ailə başçısı olaraq bizim formalaşmağımızda rolu olmuş insanlarla ayrılma dövrümüz olur. Hətta bəzən bizim həyatımızda müsbət izi olan insanlar bizimlə qarşı cərgədə, hətta düşmən cərgəsində belə ola bilirlər. Fəqət bir zaman onların bizə vaxtilə etdikləri yaxşılıqlar yaddan çıxmamalıdır. Bu, insaf və haqq borcu sünnətidir. Bu, Allah Rəsulu salləllahu əleyhi və səlləmin üstün şəxsiyyət sünnətidir. O, vaxtilə ona yaxşılıq etmiş müşrikləri belə dəyərləndirən bir insan idi.

Lakin bu davranış indi çox ağır gəlir bizə. Bəzən, haqq borcu olduğumuz insan məzhəbini, siyasi görüşünü, fikri yanaşmasını dəyişə bilir. O zaman bizim qərəzlərimiz Allah Rəsulu salləllahu əleyhi və səlləmin bu haqq borcu sünnətini icra etməyə imkan vermir. Pis ifadələr, pis sözlər və pis ləqəblər işə düşür. Allah`a and olsun ki, əksər hallarda da meyarımız ya nəfsimiz, ya da yeni dostlarımız olur. Həzindir, çox həzin. Halbuki, Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “İnsanlara təşəkkür etməyən, Əziz və Cəlil olan Allah`a da şükür etməz”. (Əhməd ibn Hənbəl\“əl-Müsnəd”: 2\258) 
Allah təala müsəlmanların cəmiyyət münasibətlərinə xüsusi önəm vermişdir. Hətta bu barədə bötüv bir surə (Hucurat surəsi) nazil etmişdir. Qurani Kərim insanlara bir- birinə qarşı vəfalı olmağı tövsiyə etmiş, birlikdə Allah üçün addım atmağa qərarlaşan lakin hansısa fikir ayrılığı və ya nəfsin qabarması nəticəsində ayrılan insanları qınamış və bunun düzgün addım olmadığını vurğulamışdır. Uca Allah buyurur: “İpliyini yaxşıca əyirib qatladıqdan sonra söküb dağıdan qadın kimi olmayın..” (Nəhl 92)
Allah bizi Saleh qullarından etsin. Onun ayələrindən və Allah Rəsulu salləllahu əleyhi və səlləmin sünnətindən bəhrələnənlərdən etsin. Amin

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.