Yol Xəritəmiz
Ey mənim sətrimə şahidlik edən insanlar,
Yazıram bir yeni mövzu, oxuyanlar anlar.
Əfsus ki, zəmanəmizdə çoxu azmış yolunu,
Zənn edir əyrini doğru, tanımır sağ solunu.
Belə bir qərara gəldim ki, yolunu azan kəsin,
Kəlmələr ilə cızım getdiyi yol xəritəsin.
Batil ilə doğru ziddir biribirinə, fərqi var.
Necə ki, cəhətlərin qərb yönü var və şərqi var.
Doğru bir yolla gedibdir şəhid olmuş ərlər,
Həmi siddiq, həmi saleh, həmi peyğəmbərlər.
Onların getdiyi yol haqq yoludur, İslamdır.
Qayda, qanunlar ədalətlidir, hər şey tamdır.
İslam ilə hər qaranlıq gecə nur ilə dolar,
Cahil əhlindəki baş əqli-şüur ilə dolar.
Xalqa İslamdan uzaq, abırsız neçə mənzərə,
Mədəniyyət adıyla göstərilir əlli kərə.
Dedilər gah bəzənin, gah geyinin, gah soyunun,
Olmuşuq qurbanı bizlər mədəniyyət oyunun.
Beləliklə çoxusu göstərir əksər tərəfin,
Yeri gəldikdə nümayiş etdirir hər tərəfin.
Millətin musiqiçi, müğənni, xanəndələri,
Ət tökən kanallarda moda nümayəndələri.
Cızığından çıxıb və çıxardır öz millətini,
Millət də şövq ilə onlardan alır ibrətini.
Qumar da rəsmiləşib, bəşər rəsmi yolnan azır,
Kimisi laterya oynuyur, kimisi topaz yazır.
Şərab və pivə reklam olundu ekranlarda,
Bu şeytan əməllərinə can atdı insanlar da.
Siqaret, kazbek həmi qəlyan adi bir hal alıb,
Babalardan bizə çünki tüstü yadigar qalıb.
Başqa yadigar qalan günah da var, rüşvətdir,
Hörmətdən əlamətdi, bizdə köhnə adətdir.
Sonra təşviq etdilər banka girin, pul götürün,
Üstündə xeyli faiznən o pulu geri ötürün.
Bitmədi bank ilə iş, gəldi hiylənin ardı,
Millət icad elədi başqa növü - lambardı.
Bu hiylə cəlb elədi avamların bir çoxunu,
Borcu qaytarma məqamında satdı var-yoxunu,
Bu haramzadə siyasətlərə aldandı hamı,
Qalmadı zərrə damağlarda halallığın tamı.
Nə qədər geyindirsələr də belə halal donu,
Haram onsuz da haramdır, dəyişsə də fasonu.
Ta uşaqlıq dönəmindən bugünkü yaşımıza,
Haramlar halal kimi yazıldı yaddaşımıza.
Böyüklərmiz bizə bu xəritəni tədris elədi,
Onların xətaları milləti müflis elədi.
Kim bu dünyadə və üqbadə səadət istəyir,
Haqq yolun yolçusu olsun, bu cəsarət istəyir.
Haqq yolun xəritəsi gizli deyil, aşkardır,
Doğru yol bələdçisi Quran və Sünnət vardır.
Çıxarır hər insanı nura qaranlıqlardan,
Hər zaman xilas edir bağlı tikanlıqlardan.
Müjdə var şeytanın həm də nəfsinin qalibinə,
Bunları həsr edirəm hər bir ağıl sahibinə.
Abdullah Qılınc