Skip to main content


Payğəmbər salləllahu əleyhi və səlləmin adından yalan uydurmaq

Açıqlama:

“Mənim adımdan yalan danışmayın” ifadəsi bütün yalançıları və hər cür yalanı mənimsəyən ümumi bir ifadədir. Bu sözü “yalanı mənə nisbət etməyin” kimi də açıqlamaq olar.

Bir qrup cahil insan aldanaraq əməllərə təşviq və günahlardan çəkindirmək məqsədiylə hədis uydurmuşlar və “biz onun əleyhinə yalan hədis uydurmadıq, əksinə bunu onun dinini gücləndirmək üçün etdik” demişlər. Bu insanlar, onun adına yalanlar uydurmağın əslində Allah  adına yalan sözlər uydurmaq olduğunu fərq etməmişdilər.

Abdullah ibn Zübeyrin oğlu Amir atasından bunu eşitmişdir: “(Atam) Zübeyrə “Filan və filan kimsələrin hədis rəvayət etdiyi kimi sənin Allah Rəsulundan hədis rəvayət etdiyini nə üçün eşitmirəm?” dedim. O belə cavab verdi: “Gerçək budur ki, Allahın Elçisindən heç ayrılmadım (həmişə onunla bərabər idim), ancaq onun belə buyurduğunu eşitdim: “Kim mənim adımdan yalan danışarsa cəhənnəmdəki yerini hazırlasın”. (Bu səbəbdən də çox hədis rəvayət etmirəm).

Açıqlama:

Zübeyr radiyallahu anhunun Peyğəmbər salləllahu əleyhu və səlləmin bu sözü səbəbiylə az hədis rəvayət etməsi göstərir ki, yalan istər qəsdən, istərsə də səhvən yalan deyilsin, deyilən şeyin gerçəyə uyğun olmamasıdır.

Səhvən dediyi zaman günahın olmadığı barədə icma vardır. Ancaq Zübeyr çox hədis rəvayət edərək bilmədən xətaya düşməkdən qorxmuşdur. Zübeyr və digər bəzi səhabələr çox hədis rəvayət etməkdən çəkinmişdilər.

Ənəs ibn Malikin belə dediyi rəvayət edilmişdir: “Mənim sizlərə çox hədis rəvayət etməyimə mane olan şey Allah Rəsulu salləllahu əleyhi və səlləmin bu sözüdür: “Kim qəsdən mənim adımdan yalan danışarsa cəhənnəmdəki yerinə hazırlaşsın”.

Açıqlama:

Ənəs radiyallahu anhu da yuxarıdakı kimi Zübeyrin qorxduğu şeydən qorxmuşdur. Onların az hədis rəvayət etməsi, xətadan qorunmaqdan irəli gəlirdi.

Buna baxmayaraq Ənəs radiyallahu anhu da çox hədis rəvayət edən səhabələrdəndir. Çünki əvvəl də dediyimiz kimi o uzun ömür sürmüş, onun biliyinə ehtiyac duyulmuş və o da bildiklərini gizlətməmişdir.

Ənəsin bu sözü ilə rəvayət etdiyi hədislərin sayını nəzərə alsaq bunu deyə bilərik ki, əgər bildiyi hədislərin hamısını rəvayət etsəydi, mövcud olan rəvayətlərdən bir neçə dəfə çox olardı.