Skip to main content


Müsəlmanın övladlarına öyrətməli olduğu 30 əsas praktiki məsələ



Övladlarımıza öyrətməli olduğumuz kiçik, amma vacib olan şeylərin siyahısını tərtib etmişəm. Bunlar fərdi gigiyenik qaydalardan tutmuş maliyyə işlərinə və təhlükəsizlik məsələlərinə qədər geniş mövzuları əhatə edir.

Quran və sünnətdə çoxlu qayda-qanunlar və hikmət dolu tövsiyələr var ki, onlar biz müsəlmanlara həyatda bir sıra hallarda və müxtəlif seçim qarşısında qaldığımız vəziyyətlərdə gözəl ədəb-ərkan və ağıllıca davrana bilməyimiz üçün bələdçilik edir.
Biz bu qayda-qanunları övladlarımıza da ötürməliyik ki, oblar həyatda azmasın və ya kor-koranə gəzib ayaqları büdrəməsin.

Valideynlər bəzən uşaqlarına praktiki və həyati məsələləri öyrətməyi unudurlar. Bəzən valideynlər uşaqlarını yedizdirmək və ya onları sığınacaq ilə təmin etmək kimi daha böyük və əhəmiyyətli vəzifələrlə o qədər məşğul olur və bundan dolayı da çox yorğun olurlar ki, uşaqlarına həyatla bağlı incə detalları öyrətməli olduqlarını dərk eləmirlər.

Valideynlərin övladlarına öyrətməli olduğu müəyən praktiki əhəmiyyətli həyati əhəmiyyət kəsb tövsiyələr:

1. Fövqəladə vəziyyətlərdə necə davranmağı öyrənmək. (uşağın valideyndən ayrı qaldığı və ya itdiyi hallar, yanğın zamanı və ya təqib olunduğunuz hallar və s.)
2. Valideynlərin telefon nömrələrini əzbərləmək.
3. Evin dəqiq ünvanını bilmək.
4. Zorbalığa və ya ədalətsizliyə qarşı adekvat cavab vermək.
5. Özünü bütün situasiyalarda qorumaq, həmçi­nin, fiziki olaraq da özünü müdafiə etmək.
6. Təzyiqlərə qarşı dözümlü olmaq və başqalarını haram işlərdə təqib etməmək; dəyişilməz prinsiplərə sahib olmaq.
7. Əsas təmizlik işlərini necə icra etməli olduğunu öyrənmək; qarışıq bir yeri yığışdırmaq, tökülən bir şeyi silmək, yapışmış bir şeyi ovmaq, özündən sonra yeri təmizləmək, öz yerini səhmana salmaq və s.
8. Kimsədən nə isə xahiş etməyi və ya bir şey istəməyi nəzakətlə etməyi öyrənmək.
9. Böyüklərin söhbətinə kobudluq göstərmədən və sözlərini yarımçıq kəsmədən necə müdaxilə etməyi öyrənmək.
10. Səhv olduğu zaman üzr istəmək.
11. Kimsə səhv olanda onu bağışlamağı öyrənmək.
12. Duyğularla necə davranmalı olduğunu öyrənmək; qəzəbi idarə etməyi, həsədi (həsəd, qısqanclıq) aradan qaldırmağı öyrənmək. Biz nə emosiyalarımızı tamamilə boğmalı, nə də duyğularımızın təsiri altına düşməliyik. Emosiyalarımızı gizlətmək, saxtakarlıq və ya süni olmaq da işə yaramır. Açıq ünsiyyət, özünü səmimi şəkildə ifadə etmək, orijinallıq, başqalarına hörmət etmək ən yaxşısıdır.
13. Sadə yeməkləri necə bişirməyi öyrənmək; sadə bir sendviç hazırlamaq, yumurta qaynatmaq, süd tökmək, salat doğramaq və s.
14. Fərdi gigiyenik qaydalara riayət etməyi öyrənmək; duş qəbul etmək, tualetdən istifadə etmək, tualetdən istifadə etdikdən sonra təmizlənmək, tualetə girib-çıxarkən oxunan duaları öyrənmək və s.
15. Diş gigiyenası; dişləri fırçalamaq, diş ipindən istifadə etmək, misvakın necə tutulması və istifadəsi, təravətli nəfəs almaq və s.
16. İctimai nəzakət; danışıq zamanı səs tonunu tənzimləmək, başqalarına toxunmadan yerimək, şəxsi mühit, danışığı idarə etmək, söhbətlərdə iştirak edilmədiyi zaman üzr istəmək, ədəb qaydaları və s.
17. Başqaları ilə tərəddüdsüz, lakin ehtiramla mübahisə etməyi öyrənmək
18. Özünü dürüst şəkildə ifadə etməyi öyrənmək, başqalarını incitmədən həqiqəti necə söyləmək və ya asanlıqla inciyən insanlar ilə necə davranmağı öyrənmək
19. Körpəyə necə qayğı göstərmək və ya onunla necə davranmağı öyrənmək, məsələn, əgər körpə qardaşınız varsa. (əsas tövsiyələr; çox ağır körpəni tək daşıya bilməzsiniz, onunla kobud oynamaq olmaz, nəzakətli olmaq lazımdır və s.)
20. Pul və maliyyə məsələlərində əsas şeylər; mağazada və ya onlayn ödənişlər etmək, alış-verişdə ağıllıca qərarlar qəbul etmək, sürətli alış-verişdən və ya çox xərcləməkdə çəkinmək, qənaət etmək, borc və faiz anlayışları və s.
21. Necə geyinməyi öyrənmək; daim örtülməli olan yerlər, övrət anlayışı, həya, geyim növləri, təmiz və səliqəli geyinmək, səliqəli görünüşdə olmaq. (Bu qızlar üçün daha uzun bir müzakirə mövzusudur; hicab və digər şeylər də öyrədilməlidir.)
22. Böyüklərə müraciət etməyi öyrənmək; heç vaxt böyüklərin adları ilə onlara müraciət etməyin, müvafiq müraciət formalarından istifadə edin (məs. əmi, dayı və s.), ehtiram göstərin.
23. Narahat, gərgin və qeyri-adi vəziyyətlərdə, dava-dalaşda necə davranmağı, eyni zamanda, münaqişələri, söz-söhbətləri həll etməyi öyrənmək
24. Müəyyən şəxsi məsələləri gizli saxlamağı öyrənmək; ictimai və şəxsi mühit arasında sərhədləri möhkəm qorumaq, ailə həyatına dair məlumatların təfərrüatlarını yadlardan qorumaq, öz və digər insanların şəxsi mövzularının gizliliyini qorumaqda diqqətli olmaq, çox paylaşmamaq, sirləri yaymamaq, əmanəti qorumaq və s.
25. Qarşı cinsin nümayəndələri olan bir mühitdə necə davranmağı öyrənmək; gözləri haramlardan qorumaq, hicab məsələsi, qarşı cinslə əl ilə görüşməkdən nəzakətlə imtina etməyi öyrənmək, lazım olduğu zaman mədəni şəkildə söhbət etmək, qadın və kişilərin bir yerdə olduğu mühitlərdən mümkün olan qədər çəkinmək
26. İtmiş bir əşyanın necə tapmağını öyrənmək; itmiş əşyanı axtarmaq üçün dua etmək, addımları təkrarlamaq və s.
27. Alınmış kiçik bir travma (yara) ilə necə davranmağı öyrənmək; yaranın üzərinə Fatihə surəsini oxumaq, yaranı su ilə yumaq, bandajla bağlamaq və s.
28. Yemək yeməyin sünnətləri; yeməkdən əvvəl və sonra dua oxumaq, sağ əldən istifadə etmək, halal yemək, yalnız ac olduqda yemək və tam doymadan süfrədən qalxmaq, mədənin yemək üçün üçdə bir, su üçün üçdə bir və hava üçün üçdə bir hissəsini saxlamaq barədə olan hədis və s.
29. Otağa girərkən əməl edilməli olan ədəblər; otaqda olanlara salam vermək, oturmağa yer varsa, oturmaq və s.
30. Cinsi yetişkənlik əlamətləri; kişilər və qadınlar üçün ayrı-ayrı əlamətlər, qoltuqaltı tükləri, üz tükləri, bədən quruluşu və ya səs dəyişiklikləri, tərləmə və bədən qoxusu kimi fiziki yetişkənlik əlamətləri və s. Həddi-buluğa çatma anlayışı, Allah qarşısında məsuliyyət daşımaq, və artıq "uşaq olmaq" düşüncələrindən uzaqlaşmaq, Allahın hər şeyi Görən, hər şeyi Eşidən və hər şeyi Bilən olduğunu dərk etmək. Agah olun ki, Allah bütün etdiklərinizdən xəbərdardır

Muslim Skeptic saytından tərcümə edilmişdir.