Skip to main content


Sual 15 – Niyə bu gün dünya problemlərinin əksəriyyəti İslam coğrafiyasında cərəyan edir?

Birincisi və ən önəmlisi Allah`ın məhz müsəlman coğrafiyasını yeraltı və yerüstü sərvətlərlərlə zəngin etməsidir. Avropa ölkələri isə, bu sərvətlərə sahib olmadığı üçün 18-ci əsrdən etibarən Şərq ölkələrini koloniyalaşdırıb onların bütün sərvətlərini istismar etməklə özləri üçün rifah ölkəsi qurmuşlar. Sual yaranır ki, koloniyalardan vəhşiliklə resusrların Avropaya daşınması strategiyasi olmasaydı maraqlıdır, Qərb bu qədər inkişaf edərdimi? Özlərinin heç nəyi olmadığını görüb istismar strategiyasının da bir gün sonlana biləcəyini bilərək texnoloji inkişafa önəm verdilər. İndi də BVF vasitəsilə bank kredit-borclanma sistemini inkişaf etdirməklə zəif ölkələrə tətbiq etdilər və onları bitmək bilməyən kredit borcu ilə özlərindən asılı hala saldılar.

"Məhz 18-ci əsrdən başlayaraq müsəlman ölkələri vəhşiliklə talanıb, nemətləri sovrulub və öz inkişaflarını lazımi qədər təmin edə bilməyiblər".

Bu gün müsəlman ölkələrinin yaşadığı bitmək bilməyən münaqişlərin səbəblərindən bir  digəri də Böyük Britaniya və Fransa kimi ölkələrin keçmiş Osmanlı ərazisi və digər ərazilərdəki koloniyalarını 2-ci dünya müharibəsindən sonra zəifləyərək bir-bir tərk etdikləri zaman İslam coğrafiyasında süni olaraq çizdikləri yeni ölkələrin sərhədləri idi.

Belə ki, onlar guya etnik milli zəmində dövlətlərin yaranmasına şərait yaratdıqlarını iddia edirdilər. Halbuki əslində qurduqları dövlətlərdə və idarəsində milli, etnik, məzhəb fərqlərinə məhəl qoymadan qəsdən elə süni sərhədlər çəkildi ki, məhz bununla daimi mühariblər yaşana bilsin və öz silah bizneslərini davam etdirə bilsinlər. Məsələn, şiə çoxluğu olan İraqa və Bəhreynə sünni hökumət, əksəriyyəti sünni olan Suriyada şiə hakimiyyəti qurdular. Müsəlmanların ən həssas yeri olan Qüds və Fələstin zonasında İsrail dövləti yaradıldı. Müsəlman əhalisi çox olan Kəşmir Pakistana deyil, Hindistana verildi. Əhalisinin yarısı xristian yarısı müsəlman olan Sudan bir dövlət halında xəritəyə salındı. (2011-ci ildə ölkə 2 yerə bölündü) Ərəbistan yarımadası dünyanın ən çox neftlə zəngin bölgəsi olduğu üçün orada süni şəkildə xeyli kiçik dövlətlər yaradıldı ki, neft-qaz sərvətləri vahid əldə birləşməsin. Hakimiyyətə özlərinə tabe idarəçilər gətirildi ki, enerji təminatı zəmanət altına alınsın. Yoxsa Qərb 1975-ci il neft embarqosu kabusundan daha betərini yaşaya bilərdi.

Axı Qərbin yüksək texnologiyası və rifahı neftdən asılıdır və müsəlman ölkələri bu rifahın önünü kəssə, Qərbin bütün cazibədarlığı məhv olardı. 

      Məhz bu təbii sərvətlərə maksimum yiyələnmək üçün bu gün bir çox ölkələrin İraq, Suriyada maraqları toqquşur və nəticədə bölgə qan gölünə dönmüşdür. Digər tərəfdən Əfqanıstanda terrorizmlə müharibə adı altında Qərb özünün ən böyük narkotik biznesini həyata keçirir, bu biznesin inkişafı üçün böyük ərazilər ayrılır. Maraqlısı budur ki, onlar bütün bunları artıq gizlətmirlər..

     Digər məsələ isə 16-cı əsrdən etibarən əslində İslamda heç bir əsası olmayan molla anlayışının yaranması və bu anlayışın bir zamanlar katolik inancın dünyəvi elmə-inkişafa mane olduğu kimi, müsəlmanların elmə yiyələnməsinə daim maneçilik törətməyə başlaması idi. Biz bunu M.Ə. Sabir, C. Məmmədquluzadə kimi 19 və 20-ci əsr yazıçı və şairlərin əsərlərindən tənqidi şəkildə görürük. Halbuki Quranda və onlarla hədislərdə Peyğəmbər salləllahu əleyhi və səlləm elmə yönəlməyin nə qədər vacib olduğunu göstərir və buna təşviq edirdi. Məsələn, bir hədisdə deyilir:

Elm arxasınca getmək hər müsəlmanın borcudur”. (İbn Macə 224)

Lakin din əslindən uzaqlaşıb xurafatlarla dolduğu zaman İslam diyarı elmdən də uzaqlaşıb geridə qaldı. Müsəlmanlar 8-15-ci əsrlər boyunca elmə verdiyi dəyərdən uzaqlaşdı və elmə sarılaraq inkişaf etmək əvəzinə qərbin texnologiyasına həsəd aparıb, özü isə başını yalnız məzhəb və etnik düşmənçlik ilə qatdı. İlk dəfə 1-ci dünya müharibəsi zamanı İslam coğrafiyasında Qərbin xüsusi missiyası həyata keçdi: ərəblər osmanlıya arxadan zərbə vuraraq, ərəb-türk müharibələrinə səbəb oldular. Əslində İslamda millətçilik olmamalıdır və məzhəbçilik bir çox halda tolerantlıq ilə qarşılanmalıdır. Lakin 19-cu əsrdə Qərbdən İslam coğrafiyasına yayılan və 20-ci əsrdə şiddətli hal alan milliyətçilik təfəkkürü ümmətçilik anlayışını yıxdı və bu gün vəziyyət bəzən insanların “İslam ərəblərin dinidir, mənə nə” deməsinə qədər gəlib çıxdı. Ərəb dövlətləri isə pula o qədər həris oldular ki, islami şəxsiyyətlərini itirdilər və örnək olmaq əvəzinə üz qarasına çevrildilər.

      Bu gün Qərb yenidən 16-cı əsrdən etibarən dəstəklədiyi sünni-şiə düşmənçiliyini alovlandıraraq müsəlmanların başını daxili çəkişmələrlə qatır. Gah bir, gah da digər tərəfi dəstəkləyərək hər iki tərəfə silah satır. Bu strategiya ilə müsəlmanların bir yumruq olaraq birləşib onlar üzərində oynanan oyunlara qarşı durması, Yeni Səlahəddin Eyyubilərin yetişməsinə nə olursa olsun qarşı çıxmağa çalışır.  Hər keçən il, ABŞ, Rusiya, Almaniya və s. kimi ölkələrin silah biznesindən gəlirlərini daha artırdığını görürük. Maraqlıdır, dünyada müharibə olmasa bu biznes necə inkişaf edərdi? –təbii ki, inkişaf etməzdi.

    Məhz dünyanın bir çox ölkəsində seçkilər zamanı böyük maliyyə vəsaitinə ehtiyac duyulur. Silah şirkətləri də daxil olmaqla bir çox biznesmenlər maliyyələşməni öz üzərinə götürür və əvəzində hakim dairələr onların ehtiyaclarına uyğun qərarlar verirlər, yəni müharibələrin davam etməsini təmin edir. Bu gün müharibələrin, xaosun bitməməsinin səbəblərindən bəlkə də ən böyüyü budur.

       Məsələnin mühüm səbəblərindən biri də, bu gün müsəlmanların təəssüf ki, öz müsəlman şəxsiyyətinə sahib çıxmamasıdır. Məs, xaricdən gələn bir xristian turist ölkəmizdə yeni il ağacı görüb təəccüb edib soruşur ki, “siz də ortodoks xristianlarısız?” Halbuki onlar xristan olaraq nə Ramazanı, nə də Qurban bayramını qeyd etmir. Biz isə: “Əşi boş verin, 21-ci əsrdir, nə İslam, nə şəxsiyyət” deyərək Qərbin çaldığı havayla rəqs etməyi xoşlayırıq. Çünki belə etməklə özümüzü inkişaf etmiş hesab edirik.

Halbuki inkişaf kiminsə həyatını təqlid etməklə deyil, elmlə olur.

 Qərb bizim dəyərlərin üstünlüyünü bizdən daha yaxşı bildiyi üçün bu gün bizi bu dəyərlərdən məhrum etməklə məşğuldur. Media və sosial şəbəkələr vasitəsilə İŞİD misalındakı kimi, İslam inancını vəhşilik, geridə qalmışlıq rəmzi olaraq göstərilməklə, insanların beyni yuyulmaqdadır. Baş verən hadisələri yerindəcə izləyib reallığı görmə imkanları olmayan sıravi insanlar isə mediada gördüklərinə inanırlar və bununla kifayətlənirlər. Digər tərəfdən isə yenə media vasitəsilə qərb öz filmləri, serialları, musiqisi ilə müsəlmanların zehnini rahat və sürətli şəkildə dəyişərək onların eyforiyaya qapılmalarına, gerçəkləri görüb təfəkkür etməsinə imkanı və vaxtı olmayacaq qədər zehinlərini doldurmağa nail olur, onların getdikcə həyat tərzini tamamilə dəyişirlər. Həm də müsəlmanların öz səhlənkarlıqları, öz əqidə və islami şəxsiyyətlərinə sahib çıxmamaları nəticəsində bu təsir daha da sürətlənmişdir. Bunun ən güclü sübutu cəmiyyətimizin çox deyil, 15-20 il əvvəlki düşüncəsinin indiki düşünəsindən həddən artıq fərqlənməsidir. Misal, cəmi 20 il əvvəl evlənmək niyyətilə bir oğlan könlü olduğu qızı uzaqdan uzağa sevib, ədəb çərçivəsini daim qoruduğu və yalnız nişanlandıqdan sonra münasibətləri inkişaf etdirdiyi halda, bu gün orta məktəblilər üçün açıq sevgi həyatı ən təbii hal və təbii əyləncə hesab edilir.

      Məhz müsəlmanların qumar, faiz, zina kimi Allahın sərhədlərini aşması, namaz, oruc, zəkat, tərəzidə ədalət, qardaşlıq ruhu kimi əmrlərini tərk etməsi nəticəsində Allah müsəlmanların üzərindən izzəti qaldırmışdır və islam coğrafiyası başqaları üçün asan loxma halına gəlmişdir.

Bütün sadalanan tarixi reallıqlar bu gün yaşanan fəlakətlərin səbəbidir.

Yenidən izzətli və şərəfli günlərə qayıtmaq ümidi ilə...