Skip to main content


Faydalı dərslər 9 – Qəlbin bütləşmiş dəyərlərə qarşı vulkan kimi püskürsün...

Şeytan bilir ki, Kəbənin içərisinə bir daha büt yerləşdirməyin mənası yoxdur. Çünki bütə sitayiş etmək artıq gülünc hala gəlmişdir. Artıq insanlar bütlərə səcdə etməsə də, bütləşdirdiyi dəyərlərə ibadət edir:

  1. Spirtli içkilərin haram olmasına qarşı dirənər,
  2. Faizin Allah`la savaşmaq olduğunu qəbul etmək istəməz,
  3. Zinanı azad düşüncə və şəxsi haqlarından hesab edər,
  4. Qeybəti şirin olduğu üçün problem kimi hesab etməz,
  5. İftiranı “mən etmədim” deyə özünü məsum göstərərək edər.
  6. Rüşvəti həyatın normal axarı, işlərin yolunda getməsi üçün çarə olaraq hesab edər, hətta universitetdə oxumamaq üçün belə rüşvət verər. Rüşvəti haram hesab etməz..
  7. Öz cəmiyyətini aldatmağı, vəzifəsini sui-istifadə edərək cəmiyyətə vəya şirkətə məxsus pulu-malı qəsb etməyi şəxsi inkişaf üçün vasitə görər, bunu "başqalarının haqqına girmək" kimi görməz.

Allah Rəsulu saləllahu əleyhi və səlləm buyurur: “Günahlar xalça toxunan kimi insanın qəlbinə toxunar”. Hər kəs günahla qarşılaşar. Mömin və Allah`dan qorxan qəlb günaha dərhal reaksiya göstərər. Nəticədə bir nöqtə qədər kir qəlbə girməz.

Əgər qəlbini qara nöqtədən qoruyacaq heç bir şey yoxdursa o zaman istənilən günah qəlbə daxil olacaq.  Qəlbin: “Əşi bir dəfə etdim nə olacaq ki?” deyir, “Sadəcə ev almaq üçün kredit götürdüm, həmişə deyil, bir də dükan alanda, bir də maşın alanda və bir də toy  edəndə kreditə girəcəm yoxsa həmişə girmirəm ki, çox olsa haramdı...” deyə sənə təlqin edər.

Unutma!! Hər günah işləyəndə yığılan qara nöqtələr nəticəsində qəlbin bir gün qapqara olar və artıq geriyə dönüş çox çətin olar.

Ey müsəlman!!! Bir günah edən birisini gördükdə ona əlinlə mane ol. Əgər insanların sənə qarşı çıxacağından çəkinirsənsə dilinlə bu hərəkətin haram olduğunu söylə. Əgər yenə də başına bir iş gələcəyindən qorxursansa ən azından qəlbinlə bu günaha qarşı vulkan kimi püskür, “Rəbbim bu günahdan mən uzağam” de və ordan uzaqlaş!!!

Çünki bunu da etməsən və günah işlənən yerdə könül xoşluğu ilə oturarsansa deməli günaha razısan və səndə artıq imandan əsər-əlamət qalmayıb!!! 

Allah Rəsulu saləllahu əleyhi və səlləm buyurur:  “Sizdən kim (dinimizə uyğun gəlməyən) bir münkər görərsə (tamaşaçı qalmayıb) onu əli ilə düzəltsin. Buna gücü çatmazsa dili ilə düzəltsin. Buna da gücü çatmazsa ürəyi ilə nifrət etsin. Bu qədəri imanın ən zəif dərəcəsidir”. (Müslim/İman 78 (49); Əbu Davud 248 (1140); İbn Məcə 20, (4013))

Digər bir rəvayətdə isə “Bundan sonra isə artıq zərrə qədər də iman yoxdur” deyilir. (Müslim 80)

Ey İnsanlar!!! Deyəcəksiniz ki, “Haramı onlar işləyir, mənə nə?”. Mən nə məscid imamıyam, nə də polisəm. Məni dinləməyəcəklər. Allah və Peyğəmbəri məndən nə istəyir? Buna cavab olaraq deyirik: Allah və Rəsulu səndən günahlara qarşı çıxmağını, qəlbinin bütləşmiş dəyərlərdən təmizlənməyini istəyir.

İçkiyə, zinaya, cinayətə, faizə, yalana, qeybətə, iftiraya, başqasının malını qəsb etməyə qarşı qəlbin vulkan kimi püskürsün!!!

Mömin və Allah`dan qorxan qəlb günaha dərhal reaksiya göstərər. Mömin qəlbə sahib olmağa çalış!!!