Faydalı dərslər 6: Bu Böhtandır!!!
Böhtan - Birinə onda olmayan bir işi və ya sözü isnad vermək, iftira demək, ləkə vurmaqdır. Bəs böhtan necə yaranır?
Böhtan bilərəkdən, qəsdən bir kəsi başqaları içində pisləmək, insanların gözündən salmaq üçün ortaya atılır. Bu insanlar arasında yaranan fikir ayrılığı, münaqişə və qarşılıqlı ittihamlar nəticəsində yaranır. Bu halda günahın əhatə dairəsi hələ kiçikdir və böhtanlı fikri ilk eşidənlər buna mane olmaqla daha çox insanı bu günaha girməkdən qorumuş olar, şəxsin özünü də bu əməldən çəkindirə bilərlər.
İkinci halda isə böhtan insanın bir başqası haqda deyilən şər fikirləri eşidərkən buna “Dur” deməməsi, əksinə qulaq asıb, bunu təsdiqləməsi və hətta özü də bu mənfur fikri insanlar arasında yaymağa başlamasıdır. Bu ikinci hal birincidən daha təhlükəlidir. Çünki birinci halda şəxs özü ortaya atır və yalnız bir qisim insanla fikrini bölüşürsə, ikinci halda bu böhtanı dinləyənlər araşdırmadan, şahid istəmədən bu böhtanı daha böyük kütlə arasına yayar. Nəticədə özlərilə birgə yüzlərlə insanı böyük günaha sövq edirlər.
İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: “Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın birgünah götürmüşlər!” (Əhzab 58).
Təəssüf ki, bu gün müsəlmanlar arasında bu geniş yayılmış xəstəlikdir. Öncə birlikdə oturub duran və sonra fikri ayrılıqlardan parçalanan müsəlmanlar özlərinin haqlı olduqlarını vurğulmaq üçün qarşı tərəf haqda durmadan şayələr, pis fikirlər yayırlar. Qarşı tərəfi münafiqlik, sapıqlıq, xəyanət, satqınlıq, savadsız və cahillikdə, ən dəhşətlisi isə bəzən kitab yüklü heyvanlara bənzədərək iftiralar atmaqdadırlar. Bunu dinləyən müsəlmanlar isə dərhal bu söhbəti dayandırmaq əvəzinə həmin şəxsi təsdiqləyirlər. Haqqında böhtanlı sözlər, təkfirlər edilən adamın doğrudan da həmin sözlərə layiq olacaq hərəkət etdiyini araşdırmırlar. Allah`ın bizə əmr etdiyi “Ədalətli olmaq” prinsipinin əksinə olaraq ittiham olunan şəxsi bir dəfə də olsun dinləmirlər. Qulaqla eşitmə yoluyla fitnəni daha da gücləndirirlər. Hələ Allah Rəsulu səlləllahu əleyhi və səlləmin zamanında Aişə radiyallahu anhəyə atılan iftiralar bir çox məşhur səhabələri belə fitnəyə salmış, nəticədə Allah Qiyamətədək insanlara dərs olacaq və insanları bu kimi əməlləri işləməyə qarşı qorxudacaq ayələrlə dolu Nur surəsini endirmişdir.
Bəs bu fitnə qarşısında müsəlman necə rəftar etməlidir?
1. Müsəlman gərək ilk öncə qardaş-bacısı haqda iftira atmağın və ya buna dəstək olmağın necə böyük və həlakedici günahlardan olduğunu düşünsün, Allah`ın şiddətli əzabını ağlına gətirməlidir.
“Möminlər arasında (onları nüfuzdan, salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!” (Nur 19).
“O zaman ki, siz yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (insana günah gətirməyən) bir şey hesab edirdiniz. Halbuki bu Allah yanında çox böyük günahdır!" (Nur 15)
2. Dininin gözəlliyinə şahid olmuş, heç vaxt pis bir hərəkət görmədiyi, bir sözlə dilindən-dinindən əmin olduğu birisi haqda yersiz sözlər eşidərsə müsəlman dərhal müdaxilə etməli və qardaşını-bacısını müdafiə etməlidir. Allah Quranda buyurur: “Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi? (Nur 16)
3. Müsəlman başqa birisi haqda böhtanlı kəlmələr eşitdiyi zaman gərək hər şey açıq-aşkar sübut olunanadək sükunətini qorusun və bilmədiyi işin arxasınca düşüb fitnəni daha da qızışdırmasın.
“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır" (İsra 36).
4. Böhtanı yayan şəxsdən sübut üçün 4 şahid tələb edilməlidir.
“Nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! (Nur 13)
5. Araşdırma nəticəsində şəxsin tövbə etdiyi aşkarlanarsa artıq keçmişi unudub, qardaşını bu hərəkətdən dolayı eyibləməyi dayandırmalıdır. Allah Rəsulu səlləllahu əleyhi və səlləm bu barədə belə buyurur: “Kim dostunu, tövbə etdiyi bir günahdan dolayı eyibləsə, o kimsə, eyni günaha mübtəla olmadan ölməz.” (Tirmizi)
6. Yenə atılan iftira araşdırmalar nəticəsində doğru çıxsa, lakin iftira olunan başqalarını aldadan, əmanətə xəyanət edən və s kimi cəmiyyətə ziyan vuran əməllər işləmirsə yəni günahı yalnız özünə aiddirsə bu zaman onun nöqsanını açığa çıxarmış olarıq ki, bu da böyük günahdır. Allah Rəsulu səlləllahu əleyhi və səlləm belə buyurur: “…Hər kim Müsəlman qardaşının üzə çıxmasını istəmədiyi bir şeyi ortaya çıxarar və dilə tökərsə, Allah da onun eyiblərini, kimsənin bilməsini isəmədiyi hallarını ortaya çıxarar. Beləliklə öz evinin içində də olsa onu rəzil edər. Müsəlman qardaşının eyiblərini örtən ölünü diriltmiş kimidir.” (Müslim).
7. Ən nəhayət iftira və böhtanı yayan şəxs və ya şəxsləri şiddətlə Allah`ın əzabıyla qorxutmalı, qəti şəkildə onları bu əməldən çəkindirməyə çalışmalıyıq. Müsəlman qardaşının işlədiyi günaha qarşı biganə qalmamalı, onu Cəhənnəmdən qorumağa çalışmalıdır. “Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edər, pislikdən çəkindirməyə çalışar və Allah`a inanırsınız.” (Əli İmran 110).
Mövzunu Ənəs radıyallahu anhudan rəvayət olunan bir hədislə tamamlamaq istərdim: “Allah Rəsulu səlləllahu əleyhi və səlləm buyurmuşdur: “Merac gecəsində, mis dırnaqları olan bir qövmlə rastlaşdım. Bunlarla üzlərini (və sinələrini) cırmaqlayırdılar. “Ey Cəbrayıl! Bunlar kimdir?” deyə soruşdum. O dedi: “Bunlar, dedi, insanların ətlərini yeyənlər və irzlərini (şərəflərini) tapdalayanlardır.” (Əbu DavudƏdəb 40, (4878, 4879).
Bütün bu sadalananları dərk etdikcə anlayırıq ki, əslində birisi haqda iftiraya qulaq asmaq və yaymaq Allah qatında nə qədər böyük bir günah, cəzası şiddətli bir əməldir. Allah bütün müsəlmanları bu əmələ düçar olmaqdan qurtarsın. Amin!