Skip to main content


İslamda həmd məfhumu

Bütün bunları diqqətə alaraq biz də Azərbaycan müsəlmanlarının istifadə edə bilməsi və faydalanması üçün Quranda və eləcə də sünnətdə keçən bir sıra anlayışlar, məfhumlar və ya qavramlar haqqında yazmağa qərar verdik. Bu yazıda toxunacağımız məsələ Quranda “həmd” anlayışıdır. Buradan yola çıxarkən izləyəcəyimiz metod ilk öncə həmd anlayışının Quranda necə və harada keçməsi haqqındadır. Daha sonra həmd anlayışının Allah Rəsulunun sünnətində özünə necə yer tapdığına baxacağıq. Növbəti addımda isə İslam alimlərinin həmd haqqında fikirlərini nəzərdən keçirəcəyik.

Quranda həmd qavramı ilə ilk olaraq Fatihə surəsində qarşılaşırıq. Həmd aləmlərin Rəbbi Allaha (məxsusdur) (Fatihə 2)

Ərəb dilində övgünü, tərifi ifadə edən üç söz vardır. Bunlar mədh, həmd və şükürdür. Quran qavramlarını izah edən İslam alimlərindən Rağib əl-İsfahaniyə görə mədh kimisə onun özündən asılı olmayan bir üstün xüsusiyyətinə görə tərifləməkdir. “Tutaq ki, filankəs necə də gözəl xarici görünüşə malikdir. Buradan görünür ki, insan zahirinin gözəlliyinə görə tərif edilir, halbuki təməlində insan zahiri görkəminin gözəlliyinə təsir edə bilmir. Onun mudaxiləsi olarsa belə, bu cüzi olur, yaxud da şəriətə zidd bir şəkildə ola bilir. Həmd isə hər hansı birinin işlərinə, fəaliyyətinə görə təriflənməsidir. Misal üçün filankəs çox gözəl ustadır. Bunu onun əsərləri göstərir. Şükür isə kimisə edilən yaxşılıqdan dolayı tərifləməkdir. Misal üçün, filankəs sizə bir yaxşılıq edir və siz onu tərifləyirsiniz. (Rağib əl-İsfahani “Müfradat”) Bu tərifə baxdıqda biz həmdin həqiqətən də Allah`ın yaratması və feilləri qarşısında insan acizliyinin etirafı olduğunu görürük. Burada buna misal olaraq bir neçə ayəni nəzərdən keçirə bilərik.

Elə ilk olaraq bir daha Fatihə surəsində olan ikinci ayəyə qayıdaq. İnsan özündən asılı olmayaraq dünyaya gəlir. Daha sonra Allah`ın yaratdığı möhtəşəm sistemin bir hissəsinə çevrilirik. Allah`ın yaratmasını və qüdrətini görürük. Allah`ın yaratmasındakı qarşılıqlı nizam bir araya gələrək aləmləri formalaşdırır. Bu aləmin genişliyi və insan ağlının onun ehtişamını tam mənası ilə əhatə edə bilməməsi Allah`ın yaratmasındakı qüsursuzluğu göstərməkdədir. İnsan öz daxili və xarici görünüşünə baxsa belə bunu görə bilər. İnsanın damarlarındakı qan onun heç bir mudaxiləsi olmadan hərəkət edir, ürəyi beyninin heç bir mudaxiləsi olmadan vurur, böyrəkləri onun heç bir müdaxiləsi olmadan süzür, gözləri ona güc verməyəcək şəkildə səmaya baxır, saçları uzanır, Allah istədiyi zaman ağarır və Allah istədiyi zaman tökülür. Həqiqətən həmd Allah`a məxsusdur. Burada həmd kəlməsinin önündə əlif ləm “əl” artiklı vardır. “əl” artiklı həmdlərin bütün növlərinin ən mükəmməl şəkli ilə tam birlikdə yalnız Allah`a məxsus olduğunu göstərir. İnsana edilən həmdlər isə qüsurludur. Çünki insan feilləri qüsurludur. Allah`ın feilləri isə qüsursuzdur. Feilləri qüsursuz olan Allah həmdlərin bütün növlərinin ən mükəmməl şəkli ilə tam birlikdə Ona aid olmasına layiqdir.

Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allah`dan qorxmanızı buyurduq. Əgər (Allah`ı) inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah Zəngindir, həmdə layiqdir. (Nisə 131)

Allah göylərdə və yerdə olan hər şeyin sahibidir. Ondan başqa heç kimin bu nizamı ayaqda tutmağa gücü çatmaz. Göylər və yer arasında qarşılıqlı əlaqələr Allah`ın istəyi ilə tənzimlənməkdədir. Əgər Allah göydəki bir səma cisminə, meteoritə Yerə düşməsi üçün əmr verirsə heç kim onu əngəlləyə bilmir. Allah`ın varlığına və ya Ona ibadətin İslam şəriəti üzrə icra edilməsinin vacibliyinə inanmayanlar göylərə və Yerə baxsalar. Bu onlara kifayətdir. Hətta bu insanlar yağışın düşməsinə, bir zaman periodunda eyni sürətlə və intensivliklə düşən suların yer səthinə daxil olmasına, amma insanın kəllə sümüyündən içəri keçməməsinə baxsalar kifayət edər. Daşları deşən su başları deşmirsə buna kim əmr etməkdədir. Təbii ki, Allah! Bu haqda Rəbb`imiz bizdən öncə gələn kitab əhlinə bildirdi. Amma onlar tövhid etiqadına qarşı gələrək, Allah`ı buraxıb insanlara və digər məxluqata Allah`a layiq olacaq ən üstün həmd ilə həmd etdilər. Rəbb`im onlara tövsiyyə etdiyi kimi bizə də tövsiyyə edir ki, Ondan qorxaq. Əgər ondan qorxmasaq biz Ona layiqli həmd edə bilmərik. Hətta insan dönüklük etsə belə göylərdə və yerdə həmdin ən üstünü yenə Rəbb`imizə aiddir. Çünki əsil varlı və zəngin olan odur. Bütün zənginlər onun nemətləri və istəyi ilə zəngin olur. Onun yaratdığı Yer üzündə gəzir, onun nemətlərindən istifadə edirlər. Nəhayət ölüm onları haqqlayanda, necə ki, o nemətləri Allah`dan almışdılar, eləcə də Allah`ın mülkündə qoyub gedirlər. Allah`ın mülkü olan torpağa qarışırlar. Allah`ın mülkü olmayan yer yoxdur ki, kimsə “mən Allah`a ehtiyacı olmayan zənginəm” deyə bilsin.

Həmd göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allah`ındır! (Bu dəlillərdən) sonra kafir olanlar hələ də (bütləri) öz Rəbb`inə tay tuturlar. (Ənam 1)

Bu ayətdə də Rəbb`imiz Özünün yaradan olmasını yada salır. Göylər və Yeri yaratmasını yada salır. Zülmətləri və nuru yaratmasını yada salır. Ey insan! Allah Günəşi yaratmasaydı necə aydınlıq olardı, Allah küləyi yaratmasaydı külək elektrik mühərriklərini necə düzəldərdilər. Allah suları yaratmasa idi su elektrik stansiyaları necə işləyərdi. Allah termo ehtiyatlar yaratmasaydı istilik elektrik stansiyaları necə işə düşərdi. Həm mütləq, həm də sənin hər gün üzləşdiyin baxımından zülmətlər necə aydınlanardı. Allah bir zülmət yaratsa və onu mütləq hala gətirsə sənin işıq sistemlərin onu işıqlandıra bilərmi? Bir düşün... Axı sənin işıq sistemlərin onun yaratdığı xammala möhtac, onlarsız nəyə yarayar. Bu ayə haqqında çox düşün. Zülmət və nur haqqında düşün... Allah sənin gözünə “görmə!” desə, ona nur verə bilərsənmi? Bunu bildiyin halda Allah`a həmd etmək əvəzinə yaradılmışlara Ona layiq həmdi etmə....! Beləliklə, görürük ki, Allah`ın kitabında həmd məxluqun Allah`ın feilləri qarşsında acizlik etirafı və ibadət şüurunun ilk addımıdır.

Rəbb`imiz bizi həmd edənlərdən etsin. Çünki həmd etmək nemətini bizə bəxş edən də yenə məhz Odur. Milyonlarla insan Ona həmd etmək nemətindən məhrumdur.