Skip to main content


Sünnətdə həmd məfhumu

Bir hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Allah`a həmd ilə başlamayan iş kəsikdir (yəni bərəkətdən məhrumdur)”.(Əbu Davud/Ədəb/18)

Bu eyni ilə Rəbb`imizin təqdirinə müvafiq də belədir. Quran belə bəsmələdən sonra aləmlərin Rəbb`i olan Allah`a həmd etməklə başlanmışdır. Əgər möminlər diqqətli olsalar, bunların arxasında neçə-neçə gözəl hikmətlərin dayandığını görə bilərlər. Hadisələrin bərəkətlənməsi onun davamlı olması deməkdir. Bir hadisə və ya hadisələr zinciri, proses və ya əşya Allah`ın nizamı daxilində davamlılıq qazana bilər. Əgər biz iş görmək istəyəriksə Allah o işin bərəkətlənməsi üçün bu işi əhatə edən mühiti tənzim edər. Beləliklə, də bizim planlaşdırdığımız bu iş yekun nəticəsini əldə edə bilər. Təəssüf ki, çox zaman bunu yaddan çıxardırıq. Sanki həmd etdiyimiz zaman Rəbb`imiz bizim yadımıza salır ki, balığın var olması üçün su lazımdırsa, bizim hər hansısa bir işimizin var olması üçün də zəmin lazımdır. Həmin zəminin formalaşması Rəbb`imiz olan Allah`ın izninə bağlıdır.

Bir digər hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Bir qul bir şey yedikdən sonra həmd edərsə, bir şey içdikdən sonra həmd edərsə Allah taala ondan razı qalar”. (Müslim/Zikr/39)

Bu da olduqca maraqlı bir nüansdır. Bir qulun qidalanması zamanı həmd etməsi adət halına gələndə, amma o hər dəfə bu həmdi haqqında detallı düşünməyəndə Rəbb`imiz olan Allah`ın qüdrət və əzəməti qarşısında anlayış sahibi ola bilməz. Biz Quranda həmd qavramı ilə bağlı demişdik ki, həmd Allah`ın feilləri ilə bağlıdır. Elə isə bir müsəlman düşünsün ki, onun həzm prosesi birbaşa Allah`ın feilləridir. İman bu zaman artmazmı? Rəbb`imizin vədi olan cənnətə istək artmazmı? Allah`ın izni ilə bizim heç bir beyni əmrimizin olmaması reallığında mədə şirəsi ifraz olur, mədə işə düşür, bağırsaqlar işə düşür, böyrəklər süzür, bizim heç bir mudaxiləmiz olmadan qidalanma prosesində enerji ayrılır və bu enerji necə ki, bizim heç bir xəbərimiz olmadan ayrılır, eləcə də lazımi yerlərə paylaşılır. Buna görə Rəbb`imiz bizə buyurur:

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. (Yasin 77)

Bir insan baxsın görsün onun fiziki inkişafının gedişatına beyninin müstəqil sinir siqnalları vasitəsi ilə təməlli mudaxiləsi mümkündürmü? Elə isə nə qəribədir, o insanın halı ki, beyni bağırsaqlarına müdaxilə edə bilmədiyi halda böyük iddialarla çıxış edir. Halbuki dişinin daxilində gedən karies belə bəzən onu qəfil tutur, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq Allah`ın nizamda konkret dəyişiklik etməsi ilə ölüm onu anidən alır.

Bir bax, gör Allah Rəsulu salləllahu əleyhi və səlləm bu haqda nə buyurur: “Zikrin ən üstünü “La iləhə illəllah”, duanın ən üstünü isə “Əlhəmdulilləh”-dir”. (Tirmizi/Dua/9)

Ey qardaşım, əgər sən həqiqətən də Allah`dan başqa ibadətə layiq məbudun olmadığı etiqadındasansa, o zaman bütün ehtişam qarşısında qəlbinin bütün hissələri ilə sənin üçün ən üstün dua “əlhəmdulilləh” olmalıdır. Bunu sənə insanların ən xeyirlisi deyir. Elə isə dəyərli müsəlman düşdüyün hər halda bir dua var ki, o zaman Rəbb`in səndən razı qalar. Bu “əlhəmdulilləh” duasıdır. Həmd qulun Allah`ın feilləri qarşısında acizliyidir. Bu acizlikdən ancaq necə qurtara bilər? Allah onun halını yaxşı istiqamətdə dəyişəcək bir feil işləməklə, qulun narahat olduğu mövcud zəmini dəyişər. Allah nizamda qulunun istəyinə uyğun olaraq tənzimləmə dəyişikliyi edər. Bax bıcaq əlsində kəsər, amma İsmayılı kəsmədi. Çünki Allah`ı halı və dili ilə həmd və səbr edən peyğəmbərinin qurtulması üçün nizamda dəyişiklik etdi. Bıçaq kəsmədi. Atəş İbrahimi yandırmadı. Çünki Allah oda yandırmamasını əmr etmişdi. Elə isə bizə düşən çoxlu həmd etməkdir. Həmd edərkən də Allah`ın feillərini görməkdir.

Hüzeyfə ibnu`l-Yəman radiyallahu anhudan rəvayət olunan bir hədisdə peyğəmbər salləllahu əleyhi və səlləm gecə yatağına girəndə sağ əlini sağ yanağının altına qoyardı. Sonra da belə deyərdi: “Ey Allah`ım, sənin adını xatırlayaraq ölürəm və dirilirəm (yəni, yataram və oyanaram)”. Yuxudan qalxanda da: “O Allah`a həmd edirəm ki, məni öldükdən sonra dirildən Odur. Öldükdən sonra dirilməyimiz də Ona aiddir”.

Bu hədisə də Allah`ın feilləri baxımından baxan bir müsəlman faydalana bilər, qeyri-müsəlman isə bəlkə də düşünüb iman edər. Hədisin ikinci qismində bir maraqlı məqam vardır. O da yuxunun ölümlə müqayisə edilməsi və dirilmənin, oyanmanın Allah`dan olmasıdır. Allah istəmədi və çox insanlar oyanmadı. Sadəcə insanlar bunu görə görə gəlir, amma düşünmür. Sadəcə olaraq bizə lazım olan Allah Rəsulu salləllahu əleyhi və səlləmin hədislərində həmd ilə bağlı mesajı tuta bilməkdir. Bir də hədisin içərisinə diqqətlə baxsaq görərik ki, işin başında Allah`ın istədiyi şəkildə istədiyi məsələyə mudaxilə edə biləcəyini anlamayanlar oyansa belə ölümün və dirilmənin Allah`dan olmasını anlamazlar. Onlar sanki yer üzərində səbəb və nəticə əlaqələrini görə bilməyən ölülər kimidir. Bütün bunlara diqqət etmək lazımdır. Ona görə də bir müsəlman gərək yatanda Rəbb`inə qarşı qafil yatmasın, naşükür yatmasın, əgər belə edərsə Allah qorusun o ya həqiqi bir ölümlə naşükür olaraq gedə bilər, ya da mənəvi ölümlə naşükür olaraq qala bilər. Hər iki hal da acıdır. Sadəcə ikinci halında oyanarsa və tövbə edərsə bəlkə növbəti yuxuya getməsində Allah`dan, Onun güc və qüdrətindən qafil getməz.

Elə isə dəyərli qardaşım bil ki, həmd Allah Rəsulu salləllahu əleyhi və səlləmin ümmətinə xilasının tövhidlə bağlı açarıdır.