Skip to main content


İstiğfarın (Allah`dan bağışlanma diləməyin) fəziləti və faydaları

Bismilləh, əlhəmdulilləh, və`s-salətu və`sələmu alə Rasulilləh, əmmə bəad.
Adəm övladı öz zəif yaradılışı ilə həyatının bütün sahələrində səhvlər buraxır və xətalar edir. Bəzən nəfsinin və şeytanın təhriki ilə günaha sövq edilir. Yəni xəta etmək onun təbiətinə xas bir əməldir. Allah Rasulu salləllahu əleyhi və səlləmdən belə buyurduğu rəvayət edilmişdir: “Adəm övladının hamısı xəta edəndir”.

Ancaq Rəbb`imiz bizə geniş, sonsuz rəhməti ilə bu səhvlərimizi düzəltməyə bir çox şanslar vermiş tövbə etmək və Allah`dan bağışlanma diləmək kimi bir ibadəti bizə nəsib etmişdir. Bu zaman isə biz xəta etməklə yanaşı onu düzəltməyə çalışdığımız zaman xeyirli qul sifətinə nail olmuş oluruq. Çünki, yuxarıda qeyd etdiyimiz hədisin ardında Allah Rəsulu salləllahu əleyhi və səlləm belə davam etmişdir: “Xəta edənlərin ən xeyrlisi isə tövbə edənlərdir”. (Əbu Davud, Tirmizi)

Allah`dan bağışlanma diləmək; “əstəğfirullah” deyib günahlarını anlayaraq onlardan dolayı peşmançılıq çəkmək kimi bir ibadətin dinimizdə böyük üstünükləri vardır. İlk öncə onu qeyd edək ki, bizi bu ibadətə Rəbb`imiz çağırır:

وَاسْتَغْفِرِ اللَّهَ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا

Allah`dan bağışlanma dilə! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Nisə 106)

Adəm əleyhi`s-sələmin bağışlanmasına səbəb də məhz bu dua olmuşdu. O İblisdən fərqli olaraq etdiyi günahdan dolayı peşman oldu və Allah`dan bunun üçün bağışlanma dilədi.  Adəm və Həvvanın Allah`ın qadağan etdiyi ağacın meyvəsindən yedikdən sonra etdikləri ilk tövbəsi məhz istiğfarla başladı. Onlar dedilər:

قَالَا رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

Hər ikisi: “Ey Rəbb`imiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər. (Əraf 23)

Bundan sonra isə Allah Rəsulu salləllahu əleyhi və səlləm ümətini Allah`dan çoxlu bağışlanma diləməyə sövq etmiş və özü haqqında isə buyurmuşdur: “Vallahi mən gün ərzində yetmiş dəfədən çox Allah`dan bağışlanma diləyib Ona tövbə edirəm”. (Buxari 5957)

Başqa bir hədisdə isə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Mən gün ərzində Allah`dan yüz dəfə bağışlanma diləyirəm”. (Müslim 4977)

Allah təalə istiğfar edənləri tərif etmiş və cənnətə daxil olanların sifətləri haqqında xəbər verərkən istiğfar etmək kimi ibadət sabihlərini də onlar arasında qeyd etmişdir:

وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ

Sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir. (Əli İmran 17)

Həmçinin müttəqilər haqqında buyurmuşdur:

وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allah`ı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. (Əli İmran 136)

Allah`dan bağışlanma diləməyin üstünlüyü haqqında Quranda və sünnədə bir çox dəlillər vardır. Bununla yanaşı Allah təala bağışlanma diləyənlərin həm bu dünyada həm də axirətdə müəyyən mükafatlara layiq görüləcəkləri haqqında bizə bildirmişdir. İstiğfar diləyənlərin əldə edəcəkləri və onun faydaları haqqında Həsən əl-Bəsridən rəvayət olunan bu hadisəni qeyd etmək olar.

Qurtubi nəql edir ki, bir gün bir kişi Həsən əl-Bəsriyə quraqlıq olması, uzun müddətdir yağışın yağmamasından şikayət etdi. Həsən əl-Bəsri ona dedi: “Allah`dan çoxlu bağışlanma dilə”. Başqa birisi isə gəlib ondan çox kasıb olmasından şikayət etdi və əlacını soruşdu. Həsən əl-Bəsri ona da “Allah`dan çoxlu bağışlanma dilə” deyərək cavab verdi. Müsəlmanlardan biri yenə Həsən əl-Bəsrinin yanına gələrək ona dedi ki, çoxdandadır övladım olmur. Allah`a dua et ki, məni övladla ruziləndirsin. Həsən əl-Bəsri isə cavabında ona da “Allah`dan çoxlu bağışlanma dilə” deyə nəsihət etdi. Başqa bir kişi isə gəlib İmama bostanının quraqlığından, az meyvə verməsindən şikayət etdi. İmam Həsən əl-Bəsri eyni ilə həmin adama da Allah`dan çoxlu bağışlanma diləməsi haqqında göstəriş verdi. Bunu görən tələbəsi ər-Rabi ibn Subeyh ondan soruşdu: “Ey İmam, insanlar sənə müxtəlif şeylərdən şikayət etdilər ancaq sən onların hamısına bir şeyi – istiğfar etməyi – nəsihət etdin. Bu necə olan şeydir?” Həsən əl-Bəsri rahimahullah dedi: “Mən bunların heç birini özümdən demədim. Uca Allah`ın  Nuh surəsində olan bu ayəsini oxumadınmı? Rəbb`inizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! – O, sizin üzərinizə bol-bol yağış göndərər,  O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar! (Nuh 10-12)”

Yuxarıda qeyd olunan Həsən əl-Bəsrinin ona şikayət edənlərə nəsihəti və dəlil olaraq qeyd etdiyi Quran ayəsindən də məlum olduğu kimi, Allah`dan çoxlu bağışlanma diləmək quraqlığın, qıtlığın aradan qalxmasına Allah`ın insana bol-bol ruzi verməsinə, ona övladlar əta etməsinə və s. xeyrlərə vəsilədir.

Alimlərdən biri istiğfarın fəziləti haqqında danışarkən öz başına gələn hadisəni belə nağıl edir: “Bir gün bir ailə mənə uzun müddətdir uşaqlarının olmamasından şikayət etdi. Onlar bildirdilər ki, həkim müayinəsindən keçiblər və nəticə o olub ki, onlarda uşağın olmasına mane olacaq heç bir tibbi problem yoxdur”. Alim deyir ki, o onlara Allah`dan çoxlu bağışlanma diləməyi və bunu gün ərzində ən azı min dəfə etməyi nəsihət edib. Sonra həmin alim deyir: “Vallahi bir neçə həftədən sonra həmin kişi mənə zəng vurdu ki, artıq zövcəm iki əkiz uşağa hamilədir”.

SübhənAllah. İstiğfarın fəzilətinə, onun səbəbi ilə Allah`ın insana verdiyi nemətlərə baxın.

Bundan başqa Allah`dan çoxlu istiğfar diləməyin digər faydaları da vardır.

Daim istiğfar edənə ömrünün sonuna qədər xoş gün-güzəran nəsib olar və o həyatını sıxıntıdan, darlıqdan uzaq yaşayar və Allah`ın lütfünə nail olar. Allah təala buyurur:

وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا إِلَىٰ أَجَلٍ مُسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ

Həm də Rəbb`inizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. (Hud 3)

Daim istiğfar edənə Allah güc-qüvvət verər onu xəstəliklərdən, zəiflikdən qoruyar. Uca Allah buyurur:

وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ

Ey qövmüm! Rəbb`inizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. (Hud 52)

Allah təalə Ondan daima bağışlanma diləyən bir qövmə əzab göndərməz, onları təbii fəlakətlərdən və s. digər kütləvi faciələrdən qoruyar. Allah təala buyurur:

وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

Bağışlanmalarını dilədikləri halda Allah onlara əzab verməz. (Ənfal 33)

İstiğfarın faydası və qarşılığında verilən nemətlər Allah Rəsulu salləllahu əleyhi və səlləmdən rəvayət olan bir hədisdə belə açıqlanmışdır:

“Kim istiğfar etməyi çoxaldarsa Allah ona bütün sıxıntılardan qurtuluş verər, onu darlıqlardan qurtarar və gözləmədiyi yerdən ruziləndirər.” (İbn Məcə, Hakim/Mustədrak)

Həmçinin Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Xoş o kəsin halına ki, səhifəsində istiğfar görəcəkdir.” (İbn Məcə)

İbn Qayyim, İbn Useymin və digər alimlər yuxarıda qeyd olunan dəlillərə əsasən çoxlu istiğfar etmənin ruzinin çoxalmasına səbəb olacağını, xoş güzərana yola açacağını qeyd etmişlərdir.

Yuxarıda qeyd olunan dəlillərlə istiğfarın bir neçə fəzilətini və faydasını qeyd etdik. İndi isə onun keyfiyyəti haqqında öyrənək. İmam Qurtubi rahiməhullah fayda verəcək istiğfarın aşağıdakı şəkildə olacağını açıqlayaraq deyir:

“Alimlərimiz dedilər: “Tələb olunan istiğfar odur ki, o israrla istənilməsi ilə yanaşı digər bədən üzvləri bu istəyin mənasını isbat etsinlər. Yəni sadəcə dil ilə deyilməsin. Kim dili ilə sadəcə “əstəğfirullah” (Allah`dan bağışlanma diləyirəm) desə ancaq eyni zamanda qəlbində günahlara israr etsə əslində onun istiğfar diləməsinin özünün istiğfara ehtiyacı vardır.  Bununla o əksinə kiçik günahlarını böyük olanlara çevirəcəkdir. Həsən əl-Bəsridən belə dediyi rəvayət olunur: “Bizim istiğfarlarımızın özünün istiğfara ehtiyacı vardır”.

İmam Qurtubi dili ilə istiğfar edənin ancaq qəlbində günahlara israr edənin özünün günaha batacağını və onun bu əməllə Allah`ın ayələri ilə istehza etməsini bildirir. Məhz bu səbəbdən dolayı həmin istiğfarın özünün istiğfara ehtiyacı vardır deyə qeyd edir.

Yuxarıda qeyd olunan sözlərdən hasil olan nəticə odur ki, Allah`ın bizdən tələb etdiyi istiğfar və qarşılığında verdiyi fəzilətlər quru dil ilə edilən istiğfar deyil. Qulun günahlarını yadına salaraq onlardan peşman olması və ona birdə dönməyəcəyinə söz verib qarşılığında Allah`dan bağışlanma diləməsidir. Məhz Rəbb`imin qarşılığında yuxarıda qeyd olunan üstünlükləri verdiyi və bizə əmr etdiyi istiğfar etmə forması da budur.

Rəbbim bizi günahlarımızı anlayan . ondan dolayı peşman olan və Allah`dan haqqı ilə bağışlanma diləyən qullarından etsin. Əgər Rəbb`imizdən haqqı ilə bağışlanma diləsək, O Ğaffar olan Rəbb`imiz bizi bağışlayacaqdır. Necə ki,  O buyurmuşdur:

وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا

Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allah`dan bağışlanmağını diləyərsə, Allah`ın bağışlayan, mərhəmətli olduğunu görər. (Nisa 110)

Əbu Zərin Peyğəmbər salləllahu əleyhi və səlləmdən, onun da Rəbb`indən rəvayət etdiyi bir qüdsi hədisdə Allah təala buyurur: “Ey qullarım, həqiqətən də siz gecə və gündüz xətalar edirsiniz. Mən isə bütün günahları bağışlayanam. Məndən bağışlanma diləyin ki, Mən də sizi bağışlayım. (Müslim)

Məqalənin sonunu Allah Rəsulu salləllahu əleyhi və səlləmin “seyyidul istiğfar” dediyi yəni istiğfar dualarının ağası olan dua ilə bitirmək istəyirəm.

“Allahummə Əntə Rabb`i, lə iləhə illə Əntə, xalaqtəni və ənə abdukə, və ənə alə ahdikə va vədikə məstətəatu, əuzu bikə min şərri mə sanəatu, əbu`u ləkə binimətikə aleyyə, və əbu`u bizəmbi, fəğfir li, fə innəhu lə yəğfiru`z-zunubə illə ənt”

“Allah`ım Sən mənim Rəbb`imsən, səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən məni yaratdın və mən Sənin qulunam, bacardığım qədər sənə verdiyim sözə və əhdə bağlıyam. Etdiklərimin şərrindən Sənə sığınıram, Sənin mənə verdiyin nemətləri etiraf edirəm, Həmçinin günahlarımı da etiraf edirəm, Məni bağışla! Şübhəsiz ki, günahları Səndən başqa bağışlayacaq kimsə yoxdur!”