Səfərdə ikən oruc tutmağın hökmü
Allah təala buyurur:
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya yetişən şəxslər oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.
Bu ayələr səfərdə ikən oruc tutmağın əzimət (fəzilətli əməl), oruc tutmamağın isə rüxsət (icazə) olduğunu göstərir.
Bu görüşə dəstək verən dəlillərdən biri də Əbu Dərdadan rəvayət olunan bu hədisdir:
Əbu Dərda radiyallahu anhu demişdir: “Biz Allah Rəsulu salləllahu əleyhi və səlləmlə birlikdə Ramazan ayında səfərə çıxdıq. Şiddətli isti var idi. Bizim içimizdə Allah Rəsulu salləllahu əleyhi və səlləmdən və Abdullah ibn Ravəhədən başqa oruc tutan yox idi”. (Buxari 1945, Müslim 1122)
Hənbəli məzhəbinə görə isə səfərdə orucu açmaq daha fəzilətlidir. Hənbəli alimlərindən olan Xuraqi demişdir: “Səfərdə olan üçün oruc tutmamaq müstəhəbdir”. Mərdəvi demişdir: “Məzhəbin görüşü budur”.
əl-İqna kitabında belə deyilir: “Səfərdə olan birisi üçün oruc tutmamaq sünnətdir. Belə şəxsin məşəqqət (çətinlik) olmasa belə oruc tutması isə məkruhdur. Səhabələr bu görüşdə olmuşlar. Bu Abdullah ibn Ömər, İbn Abbas radiyallahu anhunun və həmçinin Şəbinin və Əvzainin məzhəbidir”.
Bu görüşə dəlil olacaq bir digər hədis də Cabir ibn Abdullah radiyalahu anhudan rəvayət olunmuşdur.
Hədisdə deyilir: “Səfərdə ikən oruc tutmaq yaxşı əməllərdən deyil”. Hədisin bir başqa rəvayətində deyilir: “Allah`ın rüxsətindən istifadə edin. Allah sizə icazə vermişdir, onu qəbul edin”. (Buxari 1946, Müslim 1115)
İmam Nəvəvi və Kamal ibn Həmam demişlər: “Səfərdə ikən orucu açmağın üstün olduğunu göstərən hədislər orucun ona zərər verdiyi şəxslər üçün nəzərdə tutulmuşdur. Həmin hədislərin bəzilərində bu barədə açıqlama da var. Hədisləri toplayaraq ortaq məxrəcə gəlmək üçün belə bir təvilin olması labüddür. Bu cürə təvil etmək hədislərin bir qismini görməzlikdən gəlmək və ya qəti dəlil olmadan onların bir qisminin nəsx olunduğunu iddia etməkdən daha doğrudur.
Səfərdə ikən oruclu qalmaqla orucu açmaq arasında fərq görməyən alimlər isə Aişə radiyallahu anhənin rəvayət etdiyi hədisi dəlil olaraq göstərirlər. Hədisdə deyilir: “Həmzə ibn Amr əl-Əsləmi radiyallahu anhu Peyğəmbər salləllahu əleyhi və səlləmə dedi: “Səfərdə ikən oruc tutummu?” – O çoxlu oruc tutardı – Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “İstəsən oruc tut, istəsən də orucunu aç”. (Buxari, Müsim)
Bu məsələdə ən doğru olanı isə hənbəlilərin görüşüdür. Onlar səfərdə ikən orucu açmağın daha fəzilətli olduğu görüşündədirlər. Bu görüşü seçələrin dəlili Həmzə ibn Amrdan rəvayət olunan hədisdir. Hədisdə deyilir: Həmzə ibn Əmr əl-Əsləmi radiyallahu anhudan belə dediyi rəvayət olunmuşdur: “Ey Allah`ın Rəsulu! Mən səfərdə ikən oruc tutmağa taqətim olduğu halda mənə günah yazılarmı?” Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: (Səfərdə ikən orucu açmaq) Allah`ın bir rüxsətidir (icazəsidir). Kim bununla əməl edərsə nə gözəl. Kim də orucu tutmaq istəsə ona günah yazılmaz”. (Müslim) Hədisin başqa bir rəvayətində deyilir: “Allah təala (qulun) günah işləməsindən xoşlanmadığının əksi olaraq rüxsətlərinə əməl edilməsindən xoşlanar”.
Alimlər oruc tutmağa imkanı olan üçün daha fəzilətli olan seçim haqda ixtilaf etmişlər.
Osman Əbu As və Ənəs ibn Malikdən səfərdə ikən oruc tutmağın daha fəzilətli olduğu görüşündə olduqları rəvayət olunmuşdur. Nəxai, Səid ibn Cübeyr və Əsvəd ibn Yəzidin də bu görüşü seçdikləri rəvayət olunur. Həmçinin Əbu Hənifə və hənəfi alimləri də bu görüşü seçmiş, İmam Malik, Süfyan əs-Sövri, Şafi və Əbu Sövrün də “səfərdə ikən oruc tutmaq bizə daha əzizdir” dedikləri rəvayət olunmuşdur.
Abdullah ibn Ömər, İbn Abbas, Səid ibn Müseyyib və Şəbi isə səfərdə ikən orucu açmağın daha fəzilətli olduğunu demişlər. Çünki səfərdə orucu açmaq rüxsət olmaqla yanaşı Allah`ın möminlərə bəxş etdiyi bir hədiyyədir və bu hədiyyəni qəbul etmək lazımdır. Bu görüş həmçinin Əvzai, İmam Əhməd və İshaq ibn Rahaveyhin görüşü olmuş Ömər ibn Xəttab, Əbu Hüreyrə, Abdullah ibn Ömər isə səfərdə oruc tutmağın caiz olmadığını və əgər tutarsa səfər bitdikdən sonra həmin orucu yenidən tutmalı olduğunu demişlər.
Abdu`r-Rahmən ibn Ovf demişdir: “Səfərdə oruc tutmaq evində orucu açmağa bərabərdir.”
Buxari və Müslimin rəvayət etdiyi bir hədisdə Ənəs ibn Malikin belə dediyi rəvayət olunmuşdur: “Mən Allah Rəsulu salləllahu əleyhi və səlləmlə Ramazan ayında səfərə çıxmışdım. Səfərdə ikən bizdən oruc tutanlar tutmayanlara, tutmayanlar da tutanlara eyib etmirdi”.
Allah daha doğrusunu biləndir.