Skip to main content


Küfrün lüğəvi mənası və tərifi

Küfrün islami termin olaraq mənası isə, Peyğəmbər salləllahu əleyhi ve səlləmin Allah təala tərəfindən gətirdiyi dəqiq olan hər hansı bir şeyi inkar etmək, yalanlamaq, bu şeyi ciddi qəbul etməmək və ya onunla istehza etməkdir.

Küfrün Növləri

Alimlər küfrü, açıq küfr və gizli küfr olaraq iki əsas növə ayırmış, sonra isə bunlardan hər birini öz içində də növlərə ayırmışlar.

Birinci Növ: Açıq küfr

Bu açıq aşkar bəlli olan və asan bilinən küfr növüdür. Açıq küfr də öz içərisində iki növə ayrılmaqdadır.

1. Cəhalətdən qaynaqlanan küfr

Bu, qulun iman edilməsi lazım olan şeyləri bilmədiyindən qaynaqlanır. Belə ki, peyğəmbərlərin olmadığı zamanlarda yaşayanların və ya Darul Hərbdə (müharibə ölkəsində) yaşayan və özünə din çatmayanların küfrü bu qəbildəndir. Belə bir küfrə düşənin axirətdəki aqibəti xüsusunda iki görüş var.

a) Hənəfilərə, matrudilərə və mötəziləyə görə, cahilliyi səbəbi ilə kafir olan adam, axirətdə nə qədər dinin hökmlərindən məsuliyyət daşımasa da, Allah`ı və sifətlərini qısa olaraq bilməklə məsuliyyət daşıyır. Cəhaləti onun üçün üzr kimi qəbul edilməz. Amma onun axirətdəki vəziyyətinin nə olacağı xüsusunda da iki müxtəlif görüş rəvayət edilmişdir. Birinci görüşə görə belə bir şəxs əbədi olaraq Cəhənnəmdə qalacaq. Digər görüşə görə isə günahkar sayılacaq və digər günahkarların hökmünə tabe olacaqdır.

Molla Əli əl-Qari bu mövzuda belə demişdir: “Hənəfilərə və mötəziləyə görə yetkinlik yaşına çatmış və ağlı tam olan bir insanın göyləri və yeri yaradan Xaliqini bilməməyinə dair heç bir üzrü qəbul edilməz. Bunun axirətdəki vəziyyəti haqqında isə, Əbu Hənifədən belə dediyi nəql edilir: “Cahil olanın Allah`ı bilməsi lazımdır. Fəqət bundan ötrü axirətdə ona əzab edilməz”. (Molla Əli əl-Qari “Bədul-Əmali” kitabının şərhi, 30-cu səhifə).

Göründüyü kimi Əbu Hənifədən, belə birinin axirətdəki vəziyyəti haqqında iki görüş nəql edilmişdir. Birinə görə özlərinə din təbliğ edildiyi halda iman etməyən kafirlər kimi bunlar da ağıllarıyla Allah`ın varlığını qısa olaraq sifətlərini bilməyə çalışmadıqları üçün onlar kimi əbədi olaraq Cəhənnəmdə yanarlar. Digər bir görüşə görə isə onlar özlərinə təbliğ çatan kafirlərdən fərqlidir. Cəhənnəmdə yanmayacaqlar amma aqibətlərinin nə olacağını Allah`dan başqa kimsə bilməz.

b) Əşarilərə və onların fikirləri ilə razılaşanlara görə isə din özünə çatmadığı üçün cəhalətindən ötrü küfrə düşüb kafir olaraq ölən kimsə, axirətdə məsuliyyət daşımayacaqdır.

2. Qəsdli bir şəkildə israr edilən küfr

Buna inaddan ötrü içinə düşülən küfr deyilməkdədir. Bu cür küfrə düşənlərə, din təbliğ edilmişdir. Amma bunlar inadlarında israr edib iman etməyiblər. İnad edib küfrdə qalanların səbəbi müxftəlif şeylər ola bilər.

a. Qürur. Fironun küfrü məhz bu qəbildəndir. Allah təala, onun və qövmünün haqqında belə buyurmuşdur: “ (Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!!” (Nəml 14)

b. Mövqe və məqamı itirmək qorxusu. Heraklın küfrü bu qəbildəndir. Belə ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm dövründə Bizans imperatoru olan bu adam, müşriklərdən ibarət olan və ticarət üçün Qüdsə gedən Əbu Sufyan radiyallahu anhunun rəhbərlik etdiyi ərəb ticarət karvanını özü də içərisində olduğu Hums şəhərinə çağırıb, rumların liderlərini də dəvət edib şəxsi çadırında birlikdə görüşmüşdür. Toplantı əsnasında Allah Rəsulu salləllahu əleyhi və səlləmə soyu ən yaxın olan Əbu Sufyan radiyallahu anhuya Allah Rəsulu salləllahu əleyhi və səlləm haqda bəzi suallar verib cavabını almış və sonda müsəlman olmaq istəyini tərcüməçi vasitəsi ilə ərəb karvanına demişdi:

“Əbu Sufyana söylə: Muhəmmədin soyunu soruşdum, içinizdə ən üstün soylu olduğunu bəyan etdin. Peyğəmbərlər də elə bucürdürlər. Qövmlərinin içində soyu təmiz olanlardan göndərilirlər.

“İçinizdən bu sözü ondan əvvəl söyləyən bir kimsə var idimi?” deyə soruşdum. “Xeyr” dedin. Ondan əvvəl bu sözü söyləyən bir kimsə olsaydı, “bu da özündən əvvəl deyilənlərə tabe olan bir kimsədir” deyərdim.

“Ataları içində kimsə kral oldumu?” deyə soruşdum. “Xeyr” deyə cavab verdin. Atalarından kimsə kral olsaydı, “bu da atasının hakimiyyətini istəyir” deyərdim.

“O sizə söylədiklərini söyləməzdən qabaq, siz onu hər hansısa bir yalanda ittiham etmişdinizmi?” deyə soruşdum. “Xeyr” deyə cavab verdin. Mən bunu yaxşı bilirəm ki, bir adam, insanlara qarşı yalan danışmağı buraxıb Allah`a qarşı yalan danışmaz.

“Ona tabe olanlar xalqın zadəganlarıdır, yoxsa zəifləri?” deyə soruşdum. Ona tabe olanların zəif insanlar olduğunu söylədin. Peyğəmdərlərə tabe olanlar da belə kimsələrdir.

“Ona tabe olanlar artır yoxsa azalır?” deyə soruşdum. “Artırlar” dedin. İman etmək vəziyyəti də tamam olana qədər hər zaman bu şəkildə davam edər.

“İçlərində onun dininə girdikdən sonra qəzəblənərək dinindən dönən varmı?” deyə soruşdum. Yenə “xeyr” dedin. İman qəlblərin içinə yerləşdikdən sonra belə olur.

“Heç xəyanət edirmi?” deyə soruşdum. “Xeyr” dedin. Peyğəmbərlər də belədir, xəyanət etməzlər.

“Sizə nəyi əmr edir?” deyə soruşdum. Yalnız Allah`a ibadət edib Ona heç bir şeyi şərik qoşmamağı sizə əmr etdiyini, bütlərə ibadəti sizlərə qadağan etdiyini, namazı, doğruluğu və iffətli olmağı əmr etdiyini söylədin. Əgər bu dediklərin doğrudursa, o adam yaxın bir zamanda bu ayaqlarımın basdığı yerlərə hakim olacak. Bu peyğəmbərin gələcəyini bilirdim. Lakin sizdən olacağını təxmin etmirdim. Onun yanına yetişəcəyimi bilsəm, onunla görüşmək üçün hər cür əziyyətə qatlanardım. Yanında olsaydım ayaqlarını yuyardım!...”

Herakl, Humusda yerləşən saraya Rum böyüklərini dəvət edərək qapıların bağlanmasını əmr etdi. Sonra yüksək bir yerə çıxıb “Ey Rum camaatı! Bu peyğəmbərə beyət edərək qurtuluşa və doğru yola nail olmaq istəmirsinizmi?” deyə xitab etdi. Bundan sonra rumların liderləri, vəhşi uzunqulaqların qaçdıqları kimi qapılara doğru qaçdılar amma bağlı olduqlarını gördülər. Herakl, onların bu qədər nifrətini görüb iman etmələrindən ümidini kəsdikdə “Onları mənə tərəf çevirin” deyərək sözlərinə belə davam etdi: “Az əvvəlki sözlərimi dininizə olan möhkəm bağlılığınızı imtahan etmək üçün söylədim, bunu da gördüm”. Bundan sonra ona səcdə etdilər və ondan məmnun qaldılar. Heraklın son halı bu idi. (Buxari)

Göründüyü kimi Herakl mövqe və məqamını itirməmək üçün rumluların liderlərinə iman etmədiyini bəyan etmişdi.

c. Qınanma qorxusu. Əbu Talibin küfrü bu qəbildəndir. Çünki o bir şeirində belə demişdir:

 

“”Şübhəsiz ki, Məhəmmədin dininin, xalqın dininin ən xeyirlilərindən olduğunu bildim. Əgər qınanılma və söyülmə qorxusu olmasaydı, mənim bu dinə qarşı açıq aşkar xoş görüşlü olduğumu görərdin.” (İbn Hişam)