Skip to main content


İman və İslamın vacib şərtləri

İman sözünün leksik mənası “bir şeyə inanmaq” , “bir şeyi təsdiq etmək”, “bir şeyin bu və ya digər şəkildə olması barəsində qərara gəlmək” deməkdir. Şəriət terminologiyasında iman bütün qəlbi ilə Allah sübhanə və təalanın dinini qəbul etmək anlamına gəlir. Yəni, Allah Rəsulunun (s.a.v.) gətirdiyi bütün şeyləri qəbul etmək.  Həqiqətdə iman qəlb ilə təsdiqdən ibarətdir. Lakin, əgər heç bir əngəl yoxdursa, o zaman insanın qəlbi ilə təsdiqlədiyi bu şeyi dili ilə də söyləyib təsdiqləməsi vacibdir. Belə ki, əgər kimsə qəlbi ilə Allah sübhanə və təalaya və inanması gərəkdiyi şeylərə də inanarsa lakin, dili ilə bunu təsdiq etməzsə, digər insanlar üçün onun halı naməlum qalmış ola bilər. Belə insanı müsəlman hesab etmək mümkün olmaya bilər.

Qəlb ilə təsdiq və dil ilə şahidlik etməklə yanaşı namaz, oruc və s. kimi əməlləri də etmək mühümdür. Belə ki, biz bu cür əməlləri edib etməməyə görə məsuliyyət daşıyırıq. Biz bununla mükəlləfik. Bu qəbil əməllər imanı gücləndirir və qəlbdə imanın nurunu artırar. Bu əməllər insana Allah sübhanə və təalanın cəzasından qorunmaqda, onun rəhmət və yardımına qovuşmaqda köməklik edir.
İslam sözünə gəldikdə isə, o , nəyəsə tabe olub, itaət etmək anlamına gəlir. Şəriət terminologiyasında İslam “Allah sübhanə və təalaya itaət etmək və Allah rəsulunun (s.a.v) gətirdiyi bütün şeyləri doğru və gözəl qəbul etmək” anlamına gəlir.

İslam sözü həm də “din” mənasında işlədilir. Haqq din ilə İslam arasında heç bir fərq yoxdur. Doğru din – İslamdır, İslam – doğru dindir. Buna bəzən “müsəlmançılıq” da deyilir. İslam bu mənalardan başqa bəzən saleh əməl, bəzən isə iman mənasında da istifadə edilir. Şəriət termini isə bəzən bir sıra dinin anlayışları, məsələn, ibadət, nigah, ticari münasibətləri və s. ehtiva edir.

İslam dinində Allah sübhanə və təalaya, onun mələklərinə, kitablarına, peyğəmbərlərə, qiyamət gününə, qəza və qədərə iman gətirmək əsas şərtlərdəndir. Bu şərtləri bilmək və onları qəlb ilə qəbul etmək imanın olmazsa olmazıdır. Ona görə də deyirlər ki : “ İmanın 6 əsas şərti var “. İmanın bu əsas şərtlərinə iman etmək İslamda vacib şərtdir. Buna görə də onlar dinin əsasını təşkil edən prinsiplər hesab edilir. Bu şərtlərdən hər hansısa birini qəbul etməyib imandan danışmaq olmaz. Bu şərtlərdən hər hansısa birini təkzib etmək insanı kafir edir (Allah qorusun!).

Biz bu əsaslara imanımızı “Əməntu billəh...” formulası ilə ifadə edir, bu formulanı tələffüz etməklə, onları aydınlaşdırır və təsdiq edirik.

آمَنْتُ بِاللهِ ، وملائكته ، وَكُتُبِه ، وَرَسُوْلِه ، وَالْيَوْمِ الْاخِرِ ، وَالْقَدْرِ خَيْرِه وَشَرِّه مِنَ اللهِ تَعَالى ، وَالْبَعْثِ بَعْدَالْمَوْتِ

أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ الله ُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ

Bu formulanı deməklə müsəlman deyir : “Mən Allah sübhanə və təalaya , onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, Qiyamət gününə, xeyir və şərin Allahdan olduğuna və ölümdən sonra həşr olunmağın həqiqət olduğuna iman edirəm”

İslamın vacib şərtlərinə gəldikdə isə, onların sayı beşdir. Onlar Rəsullahın (s.a.v.) növbəti hədisində sadalanır :


«
بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍشَهَادَةِ أَنْ لَا إلَهَ إلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ الْبَيْتِ، وَصَوْمِ رَمَضَانَ»

“İslam beş təməl üzərindədir : Allahdan başqa ilah olmadığına və Muhəmmədin onun Rəsulu olduğuna şahidlik etmək, namaz qılmaq, Ramazan orucu tutmaq, zəkat vermək, həcc ziyarəti etmək (son ikisi maddi imkana bağlıdır)”

Bu beş şey İslamın mühim şərtləridir. Bu beş əməlin hər birinə müvəffəq olmuş şəxs, müsəlman olmaq şərəfinə nail olmuşdir- deməkdir.
“Əşhədu ən lə iləhə illallah va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu” bu sözlər isə kəlimeyi-şəhadəti təşkil edən sözlərdir. “Lə iləhə illallah, Muhəmmədən Rasulullah” isə təkAllahlığın sözüdür və biz daim bu sözləri təkrar edirik.