Skip to main content


Qəzəbinə hakim olmaq

“Pisliyə yaxşılıqla qarşılıq ver. Bir də görəcəksən ki, səninlə düşmən olan insan sanki səmimi bir dost olub.”

Qəzəblənmə! İnsanlar qəzəbini artıracaq söz deyə və ya hərəkətə yol verə bilərlər. Bu anı qəzəblənərək yox, bağışlayaraq dəyərləndir ki, sabah axirətdə bunun qarşılığı olaraq veriləcək ən gözəl huriyə sahib ol!

Oxuyaq!

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qəzəbin vadar etdiyi şeyləri edə bildiyi halda qəzəbini boğan şəxsi Allah qiyamət günü məxluqatın başları üstünə dəvət edər, ta ki, (onlardan öncə) dilədiyi hurini özünə seçsin”.

Bu mükafatın gözəlliyinə bax! Qəzəbini boğ və onu büruzə verərək heç kimin canını sıxma və nəticədə ən gözəl hurini seç! Sübhənallah! Qəzəblənərək qarşımızdaki insanı üzməmək üçün verilən mükafatın böyüklüyünə bax!

İstəsəniz, tarixin səhifələrini bir az vərəqləyək, baxaq səhabələr qəzəblənəndə nələr ediblər:

İbn Məsud radiyallahu anhunun dirhəmləri oğurlanmış və oradakılar oğruya bəddua etməyə başlamışdılar. Bunu görən İbn Məsud onlara belə dedi: “Allah`ım! Əgər ehtiyacı səbəbilə onları almışsa, onun üçün bərəkətli et! Əgər bir günaha cürət etmək üçün almışsa, bunu onun son günahı et.

Qəzəb anında qəzəbini büruzə verməmək, qəzəbi sakitləşdirib, heç kimə zərər vermədən özünü ələ almaq əlbəttə ki, asan deyil. Amma mümkün olmayan bir şey də  deyil.

Qəzəblənən bir insanın siması dərhal çirkinləşir. Qəzəbləndikdə güzgüyə bir baxın və simanızın nə kökə düşdüyünü öz gözlərinizlə görün!

Ağıla istər istəməz belə bir sual gəlir: “Nə üçün qəzəblənmək bəyənilmir?” Qəzəblənən insana şeytandan gələcək təkliflərə bir baxaq:

  1. Qarşındakını öldür!
  2. Təhqirlər yağdır və rahatla!
  3. Söyüş söy!
  4. İftira at!
  5. Qalx ayağa döy!
  6. Hər kəsin yanında təhqir et!
  7. Alçalt!
  8. Qüsurlarını üzünə vur!
  9. Günahını hər kəsə de!
  10. Dəftərdən sil!

Bu və bənzəri onlarca haram. Qəzəblənən bir insanın asanlıqla edəcəyi haramlardır bunlar. İşlənəcək bu haramlar şübhəsiz şeytanı sevindirəcəkdir. Allah nə şeytanın sevinməsini, nə də insanların zərər görməsini istəyər.

Qəzəbin boğulması əlbəttə ki, asan deyil, amma asanlaşdıracaq yollar mütləq vardır və bizlərə düşən hirsə səbəb olan ünsürləri təsbit etməkdir. İndi qısaca qəzəbləndikdə edə biləcəyimiz şeylərə baxaq.

  1. Allah`dan səbir diləmək.
  2. Bağışlamağın fəzilətini öyrənmək.
  3. Bağışlamağın əcrini, savabını bilmək.
  4. Qəzəbin dəvətə zərər verəcəyini unutmamaq.
  5. O an qalxıb dəstəmaz almaq.
  6. Yeri dəyişdirmək.
  7. Şeytandan Allah`a sığınmaq.

Yaxşı heç qəzəblənməyəcəyikmi? Allah üçün olduğu halda qəzəblənməyin heç bir zərəri yoxdur. Baxın, Allah təala nə buyurur:

“Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş! Onlarla sərt davran! Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!  (Tövbə 73)