Yağışın damlaları
Yağır ahəstə və bir-bir yağışın damlaları,
Torpağa olur müsafir yağışın damlaları.
Buludu bir araya göydə küləklər gətirir,
Yerə hər damcısını sonra mələklər gətirir,
Həmin an qul dilinə arzu, diləklər gətirir,
Yaradır bir ayrı təsvir yağışın damlaları.
Hicrət etdikdə Məkkə əhalisi dirçəldi,
Bir-birinə dəstək olub zirvələrə yüksəldi,
Təbiət diliylə təşbeh bu cür uyğun gəldi,
Torpağ ənsardı, mühacir yağışın damlaları.
Yağışın yağmağı bir möcüzədir,yadda qalır,
Elə ki, yağış buluddan yer üzünə meyl salır,
Böyük surətlə yağır amma çatarkən azalır,
Gör nə cür hikmətə qadir yağışın damlaları.
Haqqı təbliğ eliyən dövrdə Nuh aleyhisalam
Dünyanı ağuşuna yağış almış idi tamam,
Indi də gözlər önündə canlanır həmin məqam,
Eyləyir qəlblərə təsir yağışın damlaları.
Çoxsuna bəlkə bu sözlər nağıl, əfsanə gəlir,
Ölü təbiət dirilir, bir daha dövranə gəlir,
Bu həqiqətdi yağışnan təbiət canə gəlir,
Çox düşündürücüdü şair, yağışın damlaları.
Abdullah Qılınc