Ramazan haqqında nə qədər bilirsiniz?
Ramazan islami təqvim olan “hicri-qəməri” təqviminə əsasən 12 aydan 9.cu ay və ən müqəddəs ay hesab olunur. Ramazan kəliməsi ərəb dilində "yağaraq yer üzünü tozdan təmizləyən yağış" mənasına gələn "ramda" sözündən və ya "yandıran", "istidən (daşların) qızması" mənasına gələn "ramad" sözündən götürüldüyü ehtimal edilir. Nəticədə Ramazan yağış kimi müsəlmanın günahlarını təmizləməsi və ya günahları yandırması kimi başa düşülür.
Bütün müqəddəs kitablar bu ayda nazil olmuşdur
İmam Əhmədin Cabir b. Abdullahdan rəvayət etdiyinə görə Hz Peyğəmbər s.a.s belə buyurur: "Hz İbrahimin səhifələri Ramazanın ilk gecəsində, Tövrat Ramazanın altıncı gecəsində, Zəbur Ramazanın on ikinci gecəsində, İncil on səkkinci gecəsində endirildi. Allah Quranı Ramazanın iyirmi dördüncü gecəsində endirdi." (hədis müxtəsərdir). Hz Muhamməddən başqa bütün Peyğəmbərlərə kitablar bütöv halda nazil oldu. (İbn Kəsir təfsiri, Bəqərə 185)
Quran 23 ildə nazil oldu
İslam tarixçiləri və mötəbər hədis kitabları Quranın hamısının bir dəfədə Ramazan ayında Qədr gecəsində endirilərək dünya səmasında Beytu`l-İzzədə qoyuldu və onu Cəbrail əleyhissəlam Peyğəmbərimizə salləllahu əleyhi və alihi səlləm qulların suallarının və əməllərinin cavabı olaraq 23 ildə hissə-hissə endirdi. Bəzi islam tarixçi və alimlərinə görə "Ələq" surəsinin ilk 5 ayəsi də məhz bu ayda nazil olmuşdur. Allah Təalə buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. (Bəqərə, 185)
İslamın 5 şərtindən üçüncüsü- Oruc
Allahın fərz buyurduğu İslamın 5 şərtindən biri olan Oruc məhz bu ayda tutulur. Ramazan orucu ilk dəfə Mədinəyə hicrətin 2.ci ilində fərz olmuşdur. Allah Təalə buyurur: "Sizdən kim bu aya yetişsə oruc tutsun". (Bəqərə, 185)
Qədr Gecəsi
Qurani Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi məhz bu ay içərisindədir. Quranda buyurulur: "Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!. (Qədr 3)
Keçmiş günahların bağışlanmasına səbəb 4 əməl
Bu ayı özəl edən digər məsələ isə Allah Rəsulunun (s.a.s) 4 fərqli hədisdə inanaraq və savabını Allahdan ümid edərək edilən 4 fərqli əməlin keçmiş günahların bağışlanmasına səbəb olacağını bildirməsidir ki, bu əməllərin dördü də Ramazan ayında baş verir: 1).Ramazan orucu, 2).Təravih namazı 3).Qədr gecəsi 4) Orucluya iftar vermə (Buxari, Muslim, Beyhaqi)
Mələklərin və Hz Cəbrayılın toplu halda yerə enməsi
Mələklərin və Hz Cəbrayılın toplu halda yerə endiyi və rəhmət, məğfirətin yer üzünü əhatə etdiyi gecə (Qədr) məhz Ramazan ayında baş verir. Qurani Kərimdə deyilir: O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrayıl) hər işə görə (yerə) enirlər. (Qədr, 4)
Oruc müddəti
İbn Abbas bildirir ki Ramazan orucu ilk əmr olan ili müsəlmanlara yalnız məğrib namazı ilə işa namazı arasında (təxmini 2 saat) yemək, içmək və cinsi münasibətə icazə verilmişdi. Müsəlmanlar 22 saat oruclu qalardılar, və bəzən işlərinin yoğunluğuna görə və yatıb qaldıqlarına görə iftar vaxtı yeyə bilmirdilər. Daha sonra insanların çətinliyini nəzərə alaraq Allah sübhə qədər yemək, içmək və cinsi münasibətə icazə verən ayə endirdi: Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın. (Bəqərə 187)
Bu gün isə yaşadığı yerdən asılı olaraq bəzi müsəlmanlar daha az, bəziləri isə daha çox oruc tuturlar. Məsələn, Avstraliya müsəlmanları ən qısa müddətdə oruc tuturlar, onların ibadəti təxminən 9 saat təşkil edir, halbuki İsveç və İslandiya müsəlmanları 20 saat oruc saxlayırlar. Qütb bölgələrində olan müsəlmanlar davamlı gün səbəbindən oruc vaxtını ən yaxın şəhərin vaxtı ilə uyğunlaşdırırlar.
Hər halıyla Rəhmət ayı
Hz Muhamməd salləllahu əleyhi və alihi və səlləm buyurdu: "O elə bir aydır ki; əvvəli rəhmət, ortası bağışlama və sonu da Cəhənnəm atəşindən qurtuluşdur". (İbni Hüzeymə, Beyhaqi)
Hər gün Cəhənnəmə düşməkdən azad olma şansı
Allah Rəsulu (s.a.s). dedi:"Ramazanın ilk gecəsi gəldikdə şeytanlar və cinlərin ən şərliləri zəncirlənər. Cəhənnəmin qapıları bağlanar və onlardan heç birisi açılmaz. Cənnət qapıları açılar və onlardan heç birisi bağlanmaz. Bir carçı bağırar: Ey xeyri istəyən önə keç! Ey şərri istəyən azalt(kəs). Və Allahın hər gecə üçün azad olunmuş qulları var". Tirmizi(682) İbn Məcə(1642)
İslam tarixində ən önəmli və dönüş nöqtəsi olan hadisələr
İslam tarixində ən önəmli və dönüş nöqtəsi olan hadisələr məhz Ramazan ayında gerçəkləşmişdir. Müsəlmanlar bu ayda Allah`ın rəhmət və yardımının daha çox gələcəyini bilmiş və bu səbəblə hərəkətə keçmələri lazım olduğuna inanmışlar.
1. Bədr döyüşü.
Hicrətin 2-ci ili Ramazan ayının 27-si Cümə günü. Məkkədə müşriklərə qarşı edilən ilk döyüş. İman və küfrün savaşı.
2. Məkkənin fəthi.
Ramazan ayının 10-u.
3. İslamın Yəməndə yayılması.
Hicri 10-cu ilin Ramazan ayında.
4. Sasanilərə endirilən zərbə.
Hicrətin 13-cü ilinin Ramazan ayında Müsənna ibn Harisə radiyallahu anhunun komandanlığı altında Sasani (İran) imperatorluğuna İraqın Buveyd ərazisində əzici bir zərbə endirilmişdir.
5. Kadisiyyə döyüşü.
Hicrətin 31-ci ilində Ramazan ayında Səd ibn Əbu Vaqqasın komandanlığı altında Sasanilərə qarşı böyük bir zərbə vurulmuşdur.
6. Səlahəddin Eyyubinin zəfəri.
Hicri 584-cü ildə böyük komandan Səlahəddin Əyyubi xaçlıların belini məhz Ramazan ayında qırmış, Əqsa məscidini və onun olduğu bölgəni xaçlıların zülmündən azad etmişdir.
7. Əndülüsün (İspaniya) fəthi.
Hicri 711-ci ilin 28 Ramazan tarixində Tarıq ibn Ziyadın komandanlığı altında olan 7000 min nəfərlik ordu God komandanı Radriki Buhayra ərazisində məğlub etmişdir. Tarıq ibn Ziyad öncə Cəbəl-Tarıq boğazını almış, bundan sonra Qurtuba, Qrenada və Əndülüsün paytaxtı Tulaytula şəhərlərini fəth edilmişdir. Tarıq ibn Ziyad bu fəthlərlə İspaniyada 700 ildən çox davam edən İslam mədəniyyətinin qurucu ünsürlərindən biri olmuşdur. (gəncmuslim.net)
Əvvəlki heç bir peyğəmbərə verilməyən 5 şey
Cabir b. Abdullah Rəsulullah (s.a.s)ın belə buyurduğunu rəvayət etmişdir: "Ümmətimə Ramazan ayında beş şey verilmişdir ki bunlar məndən əvvəlki heç bir peyğəmbərə verilməmişdir":
1- Ramazan ayının ilk gecəsi olunca Allah Təala ümmətimə (rəhmət baxışıyla) baxar. Allah hər kimə (rəhmət baxışıyla) baxsa ona əbədi olaraq əzab etməz.
2- Gecə olduğu zaman ağızlarının qoxusu Allah qatında müşk qoxusundan daha gözəldir.
3- Mələklər hər gün və gecə onlara istiğfar edərlər, Allahdan bağışlanmalarını diləyərlər.
4- Allah Təala Cənnətinə əmr edib; "Qullarım üçün hazırlanıb bəzən. Onların dünya məşəqqətlərindən xilas olub, mənim yurduma və lütfkarlığıma istirahət üçün gəlmələri yaxınlaşdı" buyurar. Ubadə b. əs-Samit (r.a)dan: Rəsulullah (s.ə.s) Ramazan ayının yeni girdiyi bir gün belə buyurdu: "Sizə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah sizi əhatə edib rəhmətini endirər. Günahları bağışlayıb, duaları qəbul edər.
5.Allah bu ayda sizin xeyr barəsində yarışmanıza baxar və sizinlə mələklərinə qarşı fəxr edər. Allaha xeyr əməllər təqdim edin. Beləki, günahkar- bu ayda Allahın rəhmətindən məhrum olan kimsədir" (Təbərani ət-Tərgib, II, 99)
Bütün bunları biləndən sonra yuxunu və tənbəlliyi bir kənara qoyub, Allahın Rəhmətini qazanmaq üçün aktiv bir Ramazan keçirməyinizi arzu edirik. :)