Skip to main content


Sağlam İslami həyat yolu

Əslində belədirmi? Mövzu ilə bağlı Allah üçün çox sevdiyim bir qardaşımla söhbət etdim. Acizanə və qısır ağlımın imkanları əsasında mütləq həqiqət sayılmayacaq və daha çox təcrübədən qaynaqlanan fikirlərimi yazmaq qərarına gəldim. Əgər Rəbb`im mənə bu sahədə uğur və müvəffəqiyyət verərsə Ona həmd edirəm, yanılaramsa Rəbb`im olan Allah`a tövbə edirəm.

Müsəlman hər hansı isə bir məsələni araşdırdıqda necə bir “Yol xəritəsi” izləməlidir. Xüsusi ilə həmin məsələ bu dininin əsaslarına aiddirsə. Birinci növbədə həmin anlayışı, məfhumu, qavramı Allah`ın kitabında axtarmalıdır. Tutaq ki, “tövbə” anlayışını özü üçün tam bir şəkildə açmaq istəməkdədir. Burada atılacaq ilk addım “tövbə” anlayışının keçdiyi Quran ayətlərinə baxmaqdır. Belə ki, ilk yol göstərici Allah`ın kitabıdır.

Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. (Bəqərə 2)

Xüsusi ilə Rəbb`imizin lütfü sahəsində müasir vasitələr müsəlmana bu işi asanlaşdırmaqdadır. İkinci addımda isə tövbə anlayışının keçdiyi ayələri diqqətlə oxumalı, onların daxilində fikir və söz bağlılıqlarına baxmalı, öncəki və sonrakı ayələri də dəyərləndirməlidir.

Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminun 68)

Təəssüf ki, yeni bir dalğa Quranın anlaşılmazlığı fikrini yeni üsullarla, müəyyən sözlər arxasına gizlənərək təbliğ etməkdədir. Mən bu halla bir gözəl qardaşımla söhbət edərkən üzləşdim. Ona Rəbb`imin ayəsini dedikdə bir vaxtlar İslamda minhəc baxımından bir az qəti olan qardaşım “Mənə ayə gətirmə” dedi.

Axtarılan anlayış haqqında ayətləri nəzərdən keçirib, onlar haqqında düşündükdən sonra Rəbb`imin iznilə bu ayələrin təfsirlərini araşdırmaq lazımdır. Bunun üçün ilk öncə mötəbər təfsirləri gözdən keçirmək və bunlarda israiliyyata deyil, Allah Rəsulu salləllahu əleyhi və səlləmə səhih bir şəkildə gedib çıxan hədislərə baxmaq lazımdır.

Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr! (Nəhl 44)

Artıq növbəti addımda isə Allah Rəsulu salləllahu əleyhi və səlləmin axtarılan anlayışla bağlı təfsirlərdə keçmiş olan hədislərini də eyni prinsiplə ilk öncə düşünmək, imkan varsa düşüncələri qeyd etmək, sonra isə həmin hədislərin mötəbər hədis şərhçiləri tərəfindən verilən açıqlamalarına baxmaq lazımdır. Baxmadan öncə əldə etdiyiniz qənaətləri şərhlərə baxdıqdan sonra əldə edilən qənaətlərlə tutuşdurmaq, düzləri alimlərin sözləri qüvvətləndirmək, yanlışları isə yenə isabət etməsi ehtimalı bizlərdən daha güclü olan alimlərin sözləri ilə dəyişmək lazımdır.

Əgər əldə etdiyimiz bu məlumatlarda bizim üçün uyğunsuz görünən və eləcə də anlamadığımız məqamlar varsa o zaman biz alimlərin görüşlərinə müraciət etməliyik. Yaxşı olar ki, bir müsəlman anlaşılmasında müsəlman alimlərin icma etdiyi anlayışları özü üçün qeyd etsin və bir kataloq formalaşdırsın. İxtilaflı məsələlərdə isə yenə alimlərə müraciət etməyə davam etsin.

Burada bir məqamı vurğulamaq istəyirəm. Miz məsələlər haqda alimlərə müraciət etdikdən sonra, onların özlərini nəyə nisbət etdiklərini də diqqətə almalıyıq. Üstünlük təbii ki, Quran və sünnətə özünü bağlayan alimlərə verilməlidir. Bu nə deməkdir? Dəlilləri və izahları daha təfsilatlı olan rəyləri, sadəcə rəyləri ortaya qoymuş olanlardan üstün tutmaq lazımdır. Həmçinin alimlərin də fikirlərinin hansı sosial və siyasi durumda ortaya çıxdığına baxmaq lazımdır.

Nəhayət, axtardığı anlayışın həqiqəti axtaranda görüləcəkdir. Allah bu şəkildə bir “Yol xəritəsi” ilə gedənə bərəkət verəcəkdir. Çünki axtarışda dəlillərin mərtəbələri prinsipinə əməl edəcəkdir. 

Ey İslam dəvətinin insanları! Bu prinsipi rəhbər etsəniz Rəbb`imiz sizə zəlalət əhlinə qarşı müvəffəqiyyət nəsib edər. Məzhəbini dinləşdirənlərə qarşı zəfər verər.

Bir problem yaşandığı zaman Quran və sünnətə, anlamada ixtilaf və problemlər olduqda alimlərə, alimlər arasında fərq olduqda burhanı güclü olana müraciət etmək lazımdır!