Skip to main content


Bayram namazları

.

Bayram namazları müəkkəd bir sünnətdir (şafi məzhəbi). Bəzi İslam alimləri isə bunun vacib olduğunu demişlər (hənbəli məzhəbi). Çünki Bayram namazının qılınması əmr olunduqdan sonra Peyğəmbərimiz salləllahu əleyhi və səlləm vəfat edincəyə qədər onu tərk etməmişdir. Ummu Atiyyə deyir: “Bayram günü bizə bakirə qızları və evli qadınları namazgaha çıxarmaq əmr olunurdu”. (Buxari: 2/463, Müslim: 2/605) Bayram namazının camaatla qılınması şəriətlə əmr olunan bir şeydir. Amma buna baxmayaraq tək olaraq da qılına bilər. Bayram namazında fitnəyə səbəb olan və ya bəzənmiş qadınlar xaric olmaqla (onlar namazı evlərində qılmalıdırlar) erkək və ya qadın, evində və ya səfərdə olan, azad və ya kölə olmasından asılı olmayaraq hər kəs iştirak edə bilər. (Mustafa əl-Xin, Mustafa əl-Buğə “Böyük Şafii Fiqhi” 1/243)

Bayram namazlarının vaxtı

Bayram namazlarının vaxtı günəşin doğuşundan etibarən başlar, zəval vaxtına qədər davam edər. Namazı günün doğmasından sonra 1 mizraq qədər (təxmini gün çıxışından 45 dəq sonra) gözləyərək qılmaq sünnətdir. Yezid ibn Xumeyr ər-Rahəbi deyir ki, Peyğəmbər salləllahu əleyhi və səlləmin səhabələrindən olan Abdullah ibn Busr camaatla Ramazan, yaxud Qurban bayramı günü bayram namazına gəldi və imamın namazı gec qılmasına etiraz edərək belə dedi: “Biz bu vaxtı artıq bayram namazını bitirərdik. O vaxt namaz günəş çıxdıqdan az sonra (namaz qılmaq qadağan olunan vaxt bitdikdən sonra) qılınardı”. (Səhih Sünən Əbu Davud: 1005, İbn Məcə: 1317) Digər bir hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bu gün ilk etdiyimiz şey bayram namazını qılmaqdır”. (Buxari: 908)

Bayram namazlarının qılınış şəkli

Xüsusilə onu bilməliyik ki, bayram namazı üçün nə azan, nə də iqamə verilmir. İbn Abbas və Cabir ibn Abdullah deyirlər ki, bayram namazları üçün azan verilməzdi. Cabir ibn Abdullah demişdir: “Ramazan bayramı günü, imam namaza gələndə, yaxud gələndən sonra nə azan, nə iqamə nə də başqa bir çağırış edilmir”. (Buxari: 960, Müslim: 886)

Bayram namazı iki rükətən ibarətdir. Birinci rükətdə ehram (namaza başlama) təkbirindən sonra və iftitah duasından sonra 7 təkbir gətirilir və hər təkbirdə əllər qaldırılır. İki təkbir arasında nə qısa nə də uzun yəni 1 ayə oxunacaq qədər dayanılır. Şafi məzhəbinə görə bu əsnada “subhənallah va lə iləhə iləlləllah vəllahu əkbər” duasını oxumaq sünnətdir. Təkbirləri bitirdikdən sonra Fatihəyə başlanılır və ardınca başqa bir surə oxunur. İkinci rükətdə intiqal (ayağa qalxma) təkbirindən əlavə Fatihədən öncə 5 təkbir gətirilir. Bu təkbirlər sünnətdir, unudularaq təkbirlər deyilmədən qiraətə başlanılsa, zaman keçdiyi üçün artıq təkbir gətirilməz. Bu vəziyyət namaza heç bir xələl gətirməz. Amr ibn Şueyb atasından, o da babasından belə dediyini rəvayət etmişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm hər iki bayram namazını qılarkən birinci rükətdə yeddi, ikinci rükətdə isə beş dəfə təkbir gətirirdi”. (Səhih Sünən İbn Məcə: 1057, əl-Mişkat: 1441)

Numan ibn Bəşir demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm hər iki bayram namazında və cümə namazında “Səbbih ismə rabbikə`l-Alə” yəni əl-Alə və “Həl ətəkə hədisu`l-ğaşiyə” yəni əl-Ğaşiyə surələrini oxuyardı”. (əl-İrva: 644, Səhih Sünən İbn Məcə: 1281, Müslim: 878, Əbu Davud: 1109)

Bayram namazları məscid və ya açıq sahədə qılınır. Bayram namazını daha çox insanın yerləşdiyi yerdə qılmaq daha fəzilətlidir. Hər iki yerdə bərabər səviyyədə insan yerləşirsə məsciddə qılınması daha yaxşıdır. Allah Rəsulu salləllahu əleyhi və səlləmin məscidinə insanların hamısı yerləşmədiyi üçün Allah Rəsulu bayram namazını səhrada qıldırmışdır.

Bayram xütbəsi

Xütbə bayram namazından sonra verilməlidir. Xütbənin bayram namazından əvvəl verilməsi heç xütbə verilməmiş kimi sayılar. Çünki İbn Abbasdan belə dediyi rəvayət olunmuşdur: “Mən Peyğəmbər salləllahu əleyhi və səlləmlə Əbu Bəkr, Ömər və Osmanla birlikdə bayram namazını qılmışam. Onların hamısı xütbədən öncə namaz qılardılar”. (Buxari: 962, Müslim: 884) Cümə xütbəsində olduğu kimi bayram xütbələrində də iki xütbə oxunması və arasında fasilə edilməsi sünnətdir. Birinci xütbəni 7 və ikinci xütbəni də 7 təkbirlə başlamaq sünnətdir. Bu barədə Ubeydullah ibn Abdullah ibn Utbə ibn Məsuddan rəvayət olunmuşdur. (Beyhaqi, Mustafa əl-Xin, Mustafa əl-Buğə “Böyük Şafi Fiqhi”: 1/246)

Bayram namazından öncə və ya sonra namaz qılmaq

Bayram namazından öncə və sonra namaz qılmaq barəsində İbn Məcənin Abdullah ibn Amrdan, Bəzzarın Əli ibn Əbu Talib və İbn Abbasdan nəql etdikləri bu rəvayətə deyilir: “Amr ibn Hurays deyir ki, Əli ibn Əbi Talib ilə birlikdə bir bayram günü çıxmışdıq. Bir qrup insan ondan bayram namazından əvvəl və sonrakı nafilə namazı haqda soruşdu. Əli ibn Əbu Talib radiyallahu anhu onlara cavab vermədi. Az sonra bir başqa qrup da gəlib eyni şey haqda sual verdi. O onlara da cavab vermədi. Sonra namaz qılınacaq yerə gəldik və camaata namaz qıldırdı. Yeddi və beş dəfə təkbir gətirdikdən sonra xütbə verdi və sonra da (minbərdən) enib miniyinə mindi. Orada olanlar: “Ey möminlərin əmiri! Bunlar namaz qılan qrupdur (onlara bir cavab vermədin)” dedilər. O da belə dedi: “Sizin məndən soruşduğunuz sünnət namazını mən etməyi arzulamamışam. Peyğəmbər salləllahu əleyhi və səlləm bayram namazından əvvəl və sonra namaz qılmamışdır. İstəyən etsin, istəməyən etməsin. İstəyirsiniz namaz qılan bir camaatı bundan uzaqlaşdıraraq namaz qılan bir qulu həmin namazdan uzaqlaşdıran vəziyyətəmi düşüm..!”.

Digər bir rəvayətdə isə İbn Abbas demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm Ramazan bayramı günü iki rükət namaz qıldı. Amma namazdan əvvəl və ya sonra heç bir namaz qılmadı”. (Buxari: 964, Müslim: 884, Nəsai: 3/ 193)

4 məzhəbin bu məsələdəki mövqeyi isə aşağıdakı kimidir:

Hənbəli məzhəbinə görə bayram namazından əvvəl və sonra sünnət namazı yoxdur və onlar bu məsələdə İbn Abbas və İbn Ömərin görüşünə üstünlük verirlər. Hənəfi imamlarından bir qisiminə görə, bayram namazından sonra evinə dönən kimsənin nafilə olaraq iki rükət namaz qılması müstəhəbdir. Maliki məzhəbi də eyni fikirdədir. Şafi imamlarına görə, bayram namazından əvvəl camaatın nafilə qılmasında bir problem yoxdur, imamın qılması isə məkruhdur.

Bayram günü edilməsi müstəhəb olan əməllər

1. Qüsl almaq: Əli ibn Əbu Talib radıyallahu anhudan qüsl almaq haqda soruşdular və o belə cavab verdi: “Cümə və ərafat günlərində, Ramazan və Qurban bayramlrında qüsl almaq lazımdır”. (Beyhəqi, Sünənu`l-Kubra: 3/ 278)

2. Ən gözəl paltarı geyinmək: İbn Abbas deyir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm bayram günü qırmızı əbasını geyinərdi. (Silsilətu`s-Səhihə: 1279, Heysəmi “Məcməu`z-Zəvaid”: 2/ 201)

3. Ramazan bayramı günü namaza getmədən öncə yemək yemək: Ənəs ibn Malik deyir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm Ramazan bayramı günü bir neçə ədəd xurma yeməmiş evindən çıxmazdı”. (Səhih Sünən ət-Tirmizi: 448, Buxari: 953)

4. Qurban bayramı günü, öz qurbanından yemək üçün, səhər yeməyini gecikdirmək: Əbu Bureydə deyir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm Ramazan bayramı günü yemək yeməmiş evindən çıxmazdı. Qurban bayramı günü isə, qurban kəsməmiş yemək yeməzdi. (Səhih Sünən ət-Tirmizi: 447, İbn Xuzeymə: 1426)

5. Getdiyi yolu dəyişib başqa yolla qayıtmaq: Cabir ibn Abdullah deyir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm bayram günləri getdiyi yolu dəyişib başqası ilə qayıdardı. (Hədis səhihdir. əl-Mişkat: 1434, Buxari: 986)

6. Hər iki bayram günü təkbir etmək

Allah təalə Quranda buyurur: “... fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz” (əl-Bəqərə: 185). Bu, Ramazan bayramına aiddir. Bu təkbirlərin vaxtı, namazgaha gələndən ta namazı qılana qədərdir. İbn Əbu Şeybə demişdir: “Zuhridən rəvayət edilir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm Ramazan bayramı günü evindən çıxar, namazgaha gələnə və namazı qılana qədər təkbir gətirərdi. Namazı bitirdikdən sonra isə təkbir gətirməzdi”. (Silsilətu`s-Səhihə: 171, İbn Əbu Şeybə: 2/ 164)

Qurban bayramı haqqında isə, Allah təala belə buyurur: “Sayı bəlli olan günlərdə Allah`ı yada salın (təkbirlə zikr edin)”. (Bəqərə 203) Qurban bayramında deyilən təkbirlərin vaxtı, ərafa günü sübhdən, sonuncu təşriq günü əsrə qədər davam edir. Bu haqda Əli ibn Əbu Talib, İbn Abbas və İbn Məsudan səhih rəvayətlərlə nəql olunmuşdur. (İbn Əbu Şeybə: 2/ 165, Beyhəqi: (3/ 314) Hakim: 1/ 300, əl-İrva: 3/ 125)

Təkbirin deyiliş qaydasına gəlincə, İbn Məsuddan rəvayət olunur ki, o təkbiri cüt-cüt edər və təşriq günləri belə deyərdi: “Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah. Allahu əkbər, Allahu əkbər və lilləhi`l-həmd”.

7. Bayram günü - insanlar bir-birilərini ''Allah bizdən və sizdən qəbul etsin'' - deyərək təbrik edə bilərlər. Təbrik edərkən əllə görüşmək və qucaqlaşmaq olar. Və həmçinin bayram münasibətilə hədiyyə vermək və almaq olar.

Əlavə məlumatlar

I.   Ramazan bayramı, cəmi bir gündür, Qurban bayramı isə üç gün.

II.  Bayram günü oruc tutmaq qadağandır.

III. Bayram günü dəf çalmaq, yalnız qadınlara icazəlidir.

IV.  Məhz bayram günlərini xüsusiləşdirərək, qəbirstanlığa ölüləri ziyarət etməyə getmək bidətdir.

V.   Əgər Ramazan bayramı Cümə gününə düşərsə, bayram namazı qılana, Cümə namazı qılmaq vacib deyil.