Skip to main content


Qüsl necə alınır?

 

Qüsl müsəlmanın ibadət edə bilməsi və ümumiyyətlə təmiz olması üçün bir şəriət qaydasıdır. Uca Allah Quranda buyurur: “(Həyat yoldaşınızla) yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin.” (Maidə, 6)

Qüsl alarkən fərz olan 2 şeyə diqqət edilməlidir. 1. Niyyət etmək, 2. Bütün bədənin yuyulması. 

Niyyət edilməsə insan tər-təmiz çimsə belə qüsullu, pak sayılmır. Əgər cünub olubsa, cinsi əlaqə olubsa o zaman cənabət qüslu niyyəti edilir. Cümə namazından öncə cümə qüslu niyyəti edilir yəni yerinə görə niyyət edilir. Qüsl alarkən dillə niyyət deyilmir. Sadəcə qəlbində adi çimmək yox, qüsl almaq məqsədinin olması kifayətdir. 

Allah dərgahında qəbul olunan qüsl iki növdür:
Vacib qüsl. "Bismilləəh" deyib ağız və burunu yaxalamaq, başı və bütün bədəni su ilə yumaq. Bununla da insan boynunda olan vacibi ödəmiş hesab olunur.
Kamil qüsl. Kamil qüsl almaq üçün "bismilləəh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Möminlərin anası xanım Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu". (Muslim, 716).

Qüsl alarkən bəsmələ oxunur. Hətta kəlmeyi-şəhadət də gətirmək yaxşı olar. Qüsl alarkən dəstəmazı pozacaq hallar olsa, (məsələn, qaz və ya sidik çıxsa və s.) qüslə qaldığı yerdən davam edilir, dəstəmazı pozan şey qüslü pozmaz. Yalnız, sonra dəstəmazı yeniləmək lazımdır. 

Dəstəmazda, qüsldə unutduğunuzdan dolayı quru yer qaldığını düşünürsünüzsə, bilmədiyiniz üçün heç zərəri olmaz. “Görəsən quru yer qaldımı” deyə dəfələrlə yumaq lazım deyil. Bunlar şeytandan olan vəsvəsədir, insanı dinə qarşı bezdirmək istəyər. 

Qüslu pozan amillər isə ümumilikdə kişi və qadınlarda cənabət (cinsi əlaqədən sonra və ya əlaqə olmadan şəhvətlə spermanın çıxması), yuxuda qeyri-iradi olaraq məninin (spermanın) çıxması, yalnız qadınlarda isə "heyz" (aybaşı) və "nifas" (doğuşdan sonra ən çoxu 40 gün davam edən qanaxma) hallarıdır.
Xəstələnmək qorxusu olan və ya su tapmayanlar çətinlik aradan qalxana qədər qüsl əvəzinə təyəmmüm edə bilərlər.

Qeyd: Qüslda əsl olan, niyət edərək bütün bədənin yuyulmasıdır. Sadəcə bunu etmək kifayətdir. Qeyd edilən digər qaydalar isə sünnətdir, yəni vacib deyil, lakin edilməsi müstəhəbdir.