Skip to main content


Ərşin kölgəsindəki yeddi qisim insan

1- Ədalətli hökmdar,

2- Ömrünü ibadətlə keçirmiş gənc,

3- Qəlbi məscidlərə bağlı olan kəs,

4- Bir-birlərini Allah üçün sevən və Allah üçün görüşüb, Allah üçün ayrılan iki şəxs,

5- Varlı və gözəllik sahibi olan bir qadın onu zinaya dəvət etdiyi halda “Mən Allah'dan qorxuram” deyə cavab verən şəxs,

6- Sağ əlinin verdiyini sol əlinin bilmədiyi qədər gizli xeyir və savab işlər görən şəxs,

7- Tək olduqda Allah`ı zikr edərkən gözləri yaşaran şəxs.

Şərh:

Ədalətli hökmdar, müsəlmanlara rəhbərlik edən insandır. Müsəlmanlar bu dünyada onun himayəsində olarlar. Bu səbəblə də bu hökmdar etdiyi saleh əməllərin əvəzi olaraq Allah`ın kölgəsi altında olacaqdır.

Ömrünü ibadətlə keçirmiş gənc, gənclik illərini namazlara həsr etmiş, Allah`ın əmrlərinə itaət etmiş, həva və həvəslərini, nəfsani duyğularını boğmuş və ömrünü ibadətlə keçirmişdir. Bu, həmin gəncdə olan Allah sevgisinin göstəricisidir.

Qəlbi məscidlərə bağlı olan müsəlman, qəlbi sanki məsciddən asılı olan, məsciddəkiləri sevən, davamlı olaraq maraqlanan insandır.

Allah üçün bir-birlərini sevən iki insan, Allah üçün toplaşıb, Allah üçün ayrılarlar. Hədisimiz bu mövzu ilə əlaqədardır. Burada Allah üçün bir-birlərini sevən, toplaşanda Allah üçün toplaşan, ayrılmaları da ALLAH üçün olan iki insandan bəhs edilir.

Varlı və gözəllik sahibi olan bir qadın onu zinaya dəvət edəndə “Mən Allah`dan qorxuram” deyə cavab verən igid. Belə bir dəvətə qəlbilə və ya açıqca “Mən Allah`ın əmrinə asi olmaqdan, Onun əzabından və qəzəbindən qorxuram” deyərək ona yaxınlaşmayan və nəfsini qoruyan insan böyük bir igidlik göstərmişdir.

Sağ əlinin verdiyini sol əli bilməyəcək qədər gizli xeyir və savab işlər görən şəxs, Allah üçün verdiyi sədəqə və etdiyi yaxşılıqları gizli edən, riyadan uzaq qalan kimsə Allah`ın rizasını hər şeydən üstün tutmuşdur. Bunun qarşılığında axirət günü Allah`ın kölgəsi altında olmaqdır. Bu qibtə ediləcək bir haldır.

Yalnız olduqda Allah`ı zikr edən zaman gözləri yaşaran şəxs, insanlardan uzaq heç kimin olmadığı bir yerdə Allah`ı anaraq gözlərindən sevgi yaşları axan kimsədir. Onun bu səmimi davranışı səbəbilə Allah`ın kölgəsi altında olmasıyla yanaşı, həm də hər kəsin gözü önündə mükafatlandırılacaqdır. Belə bir mükafatı kim istəməz ki? Uca Rəbb`imiz hər kəsə nəsib etsin.