Skip to main content


İmanın artıb-azalması

Birinci görüş: İman artar və azalar.

Bu görüş Cumhur üləmanın görüşüdür. Bunlara görə hər bir qul, Allah`a və Rəsuluna itaət etdiyi müddət ərzində imanı artar və üsyan etdiyi müddət ərzində imanı azalar. Dəlilləri aşağıdakılardır:

 Quran ayələri:

1- Möminlər yalnız o kəslərdir ki, Allah`ın adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allah`ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbb`inə təvəkkül edər. (Ənfal 2)

2- O kəslər ki, xalq onlara: “Camaat  sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” - deyə cavab verdilər. (Əli İmran 173)

3- Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. (Fəth 4)

4- Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): “Bu sizin hansınızın imanını artırdı?” - deyənlər də var. Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.  (Tövbə 124)

5- Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allah`ın və Peyğəmbərinin bizə olan (zəfər) vədidir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi möminlərə kafirlər üzərində qalib olmağı vəd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allah`a) imanını və itaətini artırdı. (Əhzab 22)

Hədislər:

1- Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “İmanın yetmiş və ya altımışdan çox şöbəsi vardır. Bunun ən üstünü “Allah`dan başqa haqqı ilə ibadət ediləcək məbud yoxdur!” demək, ən aşağısı isə yoldan insanlara əziyyət verən şeyləri təmizləməkdir. Həya da, imanın bir şöbəsidir.” (Müslimİman kitabı 35, Əbu DavudSünnət kitabı 14)

 2- Ənəs ibn Malik radiyallahu anhunun Peyğəmbər salləllahu əleyhi və səlləmdən rəvayət etdiyi bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm Qiyamət günü möminlərə şəfaət edəcəyini bəyan edərkən belə buyurmuşdur: “Təkrar dönüb Rəbb`imi mənə öyrətdiyi övgülərlə övəcəyəm və sonra Ona səcdəyə qapanacağam. Mənə belə deyiləcək: “Ey Muhamməd! Başını qaldır, istə istədiyin veriləcək, söylə sözün dinlənəcək, şəfaət et şəfaətin qəbul ediləcək”. Mən deyəcəm: “Ey Rəbb`im! Ümmətim, ümmətim!” Allah təala buyuracaq: “Get, ürəyində xardal dənəsinin ən kiçiyindən kiçiyi qədər qəlbində iman olan birini tapsan onu Cəhənnəm atəşindən çıxar!” Məndə gedib bunu edərəm....” (BuxariTövhid kitabı 36, Müslimİman kitabı 326)

 3- İbn Əbu`l-İzz demişdir: “Bütün bu dəlillərdən sonra necə demək olar ki, göydəkilərlə yerdəkilərin imanı bərabərdir. Bunların bir-birilərindən üstünlüyü imanın xaricində olan şeylərdədir”.

Səhabə və tabiun görüşləri:

 1- Səhabədən Əbu Dərda radiyallahu anhunun belə dediyi rəvayət edilmişdir: “Bir şəxsin, imanını və ondan nəyin əksildiyini gözdən keçirib dərk etməsi onun fəqihliyindəndir (dini yaxşı bilən biri olmasındandır). Həmçinin bir şəsxin imanının artdığını və əksildiyini bilməsi onun fəqihliyindəndir”.

 2- Ömər ibn Xəttab radiyallahu anhu dostlarına belə deyərdi: “Gəlin imanımızı artıraq!” Bunu dedikdən sonra Allah`ı zikr edərdilər. (Abdu`r-RazzəqMusənnəf 11164)

 3- Abdullah ibn Məsud radiyallahu anhu dua edərkən belə deyərdi: “Ey Allah`ım! Sən bizim imanımızın və inancımızın qətiləşməsini və dini yaxşı anlamamızı artır” (TəbəraniMucəm əl-Kəbir 9105)

 4- Muaz ibn Cəbəl radiyallahu anhunun bir şəxsə belə dediyi rəvayət edilir: “Otur bizimlə, bir az iman edək”. (Buxariİman 1)

 5- Ammar ibn Yasirin belə dediyi nəql edilmişdir: “Hər hansı bir şəxsdə bu üç şey olarsa imanın hamısı onda olar. Bunlar özünə qarşı insaflı olmaq, hər kəsə salam vermək və az olandan infaq etmək”. (Buxariİman kitabı 20)

 6- Tabiundan olan Ömər ibn Abdu`l-Əziz, Adiy ibn Adiyə belə yazmışdı: “İmanın bir hissəsi fərzləri, hökmləri, hüdudları və sünnələri yerinə yetirməkdir. Hər kim bunların hamısını yerinə yetirərsə, imanı tamamlanmış olar. Hər kim də bunların hamısını yerinə yetirməzsə imanı tamamlanmış olmaz. Əgər yaşasam mən bunları sizə açıqlayacam ki, bunlara əməl edəsiniz. Əgər ölsəm bunuda bilin ki, mən sizinlə yaşamağa elədə düşgün deyiləm”. (Buxariİman kitabı 1)

Cumhurun görüşü:

İmanın artıb azalması görüşü cumhurun da görüşüdür. Belə ki, bu görüş səhabələrdən, tabiundan, Buxari də daxil olmaqla hədis alimlərindən, Şafii, Malik və Əhməd ibn Hənbəl daxil olmaqla fıqh alimlərinin coxunun görüşüdür.

1- Bu mövzu ilə əlaqədar olaraq Buxarinin “Səhih” kitabını şərh edən Ayni belə demişdir: “Əksəriyyət, imanın itaətlərlə ardığını və günah etməklə azalacağını demişdir. Bu görüş Şafiidən, Əhməd ibn Hənbəldən və Buxaridən rəvayət edilmişdir. “Ayni bu görüşdə olanları belə nəql etmişdir: “Səhabələrdən, Ömər ibn Xəttab, Əli ibn Əbu Talib, Abdullah ibn Məsud, Muaz ibn Cəbəl, Əbu Dərda, Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Ammar ibn Yasir, Əbu Hüreyrə, Hüzeyfə ibnu`l-Yəmən, Səlman əl-Farisi, Abdullah ibn Rəvahə, Əbu Ümamə, Cundəb ibn Abdullah, Aişə bint Əbu Bəkr və Ümeyr ibn Həbib, tabiundan Kəbu`l–Əhbar, Urvə ibn Zübeyr, Əta, Tavus, Mücahid, İbn Əbu Müleykə, Meymun ibn Mehran, Ömər ibn Əbdu`l-Əziz, Səid ibn Cübeyr, Həsən əl-Basri, Yahya ibn Əbu Kəsir, Zühri, Qatadə, Əyyub, Yunus, İbn Avn, Süleyman ət-Teymi, İbrahim ən-Nəxəi, Əbu`l-Bəxtəri, Abdu`l-Kərim əl-Cəriri, Zeyd ibn Haris, Əməş, Mənsur, Hakəm, Hamza əz-Zeyyaq, Hişam ibn Həssan və Məqil ibn Übeydullah imanın artıb-azaldığını demişdirlər”.

 2- Maliki məzhəbindən olan İbrahim əl-Ləkkaninin əqidə ilə əlaqədar yazdığı “Cəvhər ət-Tövhid” adlı şerlərini şərh edən İbrahim əl-Bəycuri bu mövzuda aşağıdakıları demişdir: “Möminlər üç qismə ayrılırlar:

Birincisi mələklərdir. Məşhur olan görüşə görə bunların imanları artmaz və azalmaz. Çünki bunların imanları yaradılışlarındandır. Yaradılışdan olan isə dəyişməz.

İkincisi peyğəmbərlərdir. Bunların imanı artar ancaq azalmaz. Çünki, mükəmməl olan ancaq artar. İmanlarının artmasının dəlili Allah`ın kitabında keçən İbrahimin aşağıdakı sözüdür: “Ancaq qəlbimin tam şəkildə xətircəm olmasını istəyirəm”. (Bəqərə 260)

Üçüncüsü, peyğəmbər olmayan insanlar və cinlərdir. Bunlarım imanları artar və azalar. Belə ki, bunların imanları fərqli dərəcələrdə olmazsa, ümmətin bütün fərdlərinin, hətta fasiqlərində imanlarının peyğəmbər və mələklərin imanına bərabər olması lazımdır ki, bu da batildir”. (İbrahim əl-BəycuriCəvhər ət-Tövhidin şərhi 160)