Skip to main content


Ramazana hazırsanmı?

Çoxlarımız Ramazan ayında oruc tutur ama bu ayın necə gəlib necə getdiyindən heç xəbəri belə olmur. Bir də ayılır ki, artıq Ramazan ayı bitir, o isə "köhnə hamam köhnə tas" halındadır. Bu Ramazan ayı, onun həyatında bir şey dəyişməyərək gəlib keçir. Ramazanın sonları nələrisə dəyişmək fikrinə düşsə də bunu belə edə bilmir. Unutmayaq ki, dünyada ən xoşbəxt insan, Allahın  bütün xeyir qapılarını üzünə açdığı  və ibadətləri ona asanlaşdırıb, onu müvəffəq etdiyi insandır. Ən bədbəxt insan isə xeyirin nə olduğunu bilsə də, onu tərk edən, xeyirlərə üz döndərən insandır. Bu düsturu göz önündə tutaraq Ramazana çatan bir adam Allah üçün düşünsün ki, ondan fərqli olaraq bir çoxları bu xeyirdən məhrum olub ya xəstədir, ya dinsizdir, ya da ölü. Amma o digərlərindən fərqli olaraq bu aya qədəm qoyur və bu xeyrə çatmaq şansına nail olmuş haldadır. Bizlərin bədbəxtlərdən deyil, xoşbəxtlərdən olmağımız üçün aşağıda verilən qaydalara əməl edərək Ramazana hazırlaşmağımız lazımdır.

1. Sevinc və Şükür Ramazan ayının gəlişi Allah`a itaətlə yaşayan qulun sevincidir, fərəhidir. Necə ki, səhabələr, bizdən öncəkilər bu ayın gəlişinə çox sevinərdi. Allah Rəsulu salləllahu əleyhi və səlləm bu ayın gəlişi ilə əshabını təbrik edərək müjdələyər və belə deyərdi:

Ramazan ayı sizə yetişdi. Ramazan ayı mübarək aydır. O ayda Allah sizə orucu fərz etdi. O ayda Cənnətin qapıları açılır, cəhənnəmin qapıları isə bağlanır. O ayda şeytanlar zəncirlənir. Orada bir gecə vardır ki, o min aydan daha xeyrlidir. Kim onun xeyrindən məhrum qalarsa o məhrum olanlardandır.” (İmam Əhməd)

Bir müsəlman Allahın bu fürsəti ona nəsib etməsinə şükür etməli və bunu bir nemət olaraq anlamalıdır. Yuxarıda qeyd olunduğu kimi bəziləri bu nemətdən məhrum olmuş haldadır. Unutmayaq ki,  bir qul Allahın verdiyi nemətə şükür edərsə, Allah da ona daha çox nemət verər və bərəkətləndirər. Necə ki, Allah buyurur:

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

"O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”. (İbrahim, 7)

2. Niyyət- Hər bir əməlin başı olan niyyət oruc ibadətində də çox mühümdür. Niyyətimiz Allahın rızası olmasa, o əməl boşa getmiş olacaqdır. Eyni zamanda dinimiz yaxşı bir şeyə niyyət edənə, hətta onu etməyə imkanı olmasa da savab yazılacağını bildirməkdədir. Bu səbəblə biz Ramazandan öncə və Ramazanda yaxşı əməllərə niyyət etməklə savab qazana bilərik.

3. Dua- Bu ayın fəzilətlərini bilən əshab Ramazana altı ay qalmış ona çatmaları üçün Allah`dan bunu yalvararaq istəyərdilər. Bəşəriyyətin ən xeyirlisi Muhəmməd salləllahu əleyhi və səlləm də Allah`dan həmin aya çatmasını diləyərərək belə dua edərdi:

“اللهم بارك لنا في رجب وشعبان وبلغنا رمضان“

“Allah`ım bizə Rəcəb ,Şaban aylarında bərəkət ver və bizi Ramazana çatdır.” (İmam Əhməd)

Ona görə də müsəlman qardaşım Ramazana çatman üçün, o böyük fəzilətlərdən istifadə etmən üçün bunu Allah`dan dilə, üzərinə düşən ilk öncə duadır. Bil ki, müvəffəqiyyət Allah`dandır. Ona görə də Ramazanda müvəffəq olman üçün onu Rəbb`indən dilə. Allah`dan istə ki, o ayda səni haqqı ilə oruc tutanlardan, namaz qılanlardan etsin. Allah`dan istə ki, o ay sənə Allah`a itaət yönündə həyatının dəyişməsinə bir vəsilə olsun. Allah`dan istəki, o ay sənə Rəbb`inə etdiyin asiliklərdən qurtulmana bir vəsilə olsun. Allah`dan istəki o ay sənə bütün ilini, ömrünü sabit qalmağa bir vəsilə olsun.

4. Tövbə- Müsəlman qardaşım! Allah`dan Ramazanın xeyrini istədikdən sonra həmin aya tövbə ilə başla. Axı o mübarək ayda Rəbb`im cənnətlərinin qapıların sənin üzünə açmaqla səni tövbəyə səsləyir. Axı Cəhənnəmin qapılarını bağlamaqla sənin ondan uzaqlaşmanı istəyir. Ramazan məktəbinin uğurlu şagirdi olman üçün tövbə ilə bu məktəbin qapılarından daxil olman gərəkir. Həmdə o ayda axı şeytan da zəncirlənmişdir. Artıq nəfsinlə baş-başasan. Səni masiyyətə çağıran günahlar içində qalan nəfsindir. Onun üçün günahlar içərisində boğulan və səni də oraya çəkən nəfsini təmizlə. Uca Rəbb`im buyurur:

قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا, وَقَدْ خَابَ مَنْ دَسَّاهَا

Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms 9-10)

Ona görə də qardaşım, bu mübarək aya təmiz nəfslə gir ki, onu asanlıqla özünə tabe edəsən. Rəbb`inə tövbə et. Günahlarını xatırla. Etiraf edərək, peşmanlıqla bağışlanma dilə. Çünki bu uğurun və qurtuluşun başlanğıcıdır. Uca Allah buyurur:

وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirlənlər! Hamınız Allah`a tövbə edin ki, bəlkə nicat tapasınız.” (Nur 31)

Bundan sonra bilki mərəhəmətli Allah tövbələri qəbul edən, rəhimli və günahları bağışlayandır

5. Qəzaları tamamlamaq -Ramazan gəlmədən öncə əvvəldən qalan qəza oruclarımızı tutmalıyıq.

6. Elm- Müsəlman qardaşım! Ramazana hazır olman üçün üzərinə düşən növbəti vəzifə elm öyrənməyin, bu ayda üzərinə düşən bütün əhkamları bilməyindir. Çünki, İslam dini elm üzərinə bina edilmiş bir dindir. Hər bir müsəlman isə üzərinə düşən, ona lazım olan fiqhi məsələləri öyrənməklə vəzifəlidir. Bunun üçün Ramazanla bağlı kitablar oxu, orucu pozan şeylər haqqında araşdırıb aidiyyatı dərsləri dinlə ki, orucun səhih və Allah qatında məqbul olsun. Sənə qaranlıq qalan məsələləri isə bilənlərdən soruşub öyrən. Uca Rəbbimiz buyurur:

“Əgər bilməsəniz zikr əhlindən (elm əhlindən, alimlərdən) soruşun!” (Nəhl 43)

7. Quran oxumaq- Deyildiyinə görə Ramazanda Quranı başdan sona qədər oxumaq Quranın insan üzərində haqqıdır. Ramazanda Quranı oxumaq üçün isə gərək əvvəlcədən belə bir vərdişə yiyələnək. Bu səbəblə Ramazan gəlmədən belə davamlı Quran oxumaq lazımdır. Sıravi hər bir insan ən az ildə iki dəfə Quranı xətm etməlidir. Birini Ramazanda, digərini isə yerdə qalan 11 ay ərzində tədəbbürlə (mənasına diqqət edərək ) oxumalıdır.

8. Oruc tutmaq- Buxarinin Hz. Aişədən rəvayət etdiyi hədisdə belə buyrulur. “Ramazan xaricində ən çox oruclu olduğu ay isə Şaban ayı idi.” Bir başqa rəvayətdə Peyğəmbər Şaban ayında əməllərin Allaha yüksəldiyini bizə xəbər verməkdədir. Şaban ayında oruc tutmağın bir başqa hikməti isə fərz namazından öncə qılınan sünnət namazının bənzəri olmasındadır. Bu səbəblə Ramazan orucundan öncə Şaban ayında (misal 1 və 4.cu günlər, ayın ortasında 3 gün) sünnət orucu tutulması bir sünnət ibadətdir.

9. Ramazan Planı- Müsəlman qardaşım ! Ramazana tam hazır olman üçün ilk öncə plan hazırlaman önəmlidir. Çünki, plansız, proqramsız bu kimi böyük faydalardan və məhdud zamandan az bir fayda əldə edilir. İlk öncə Ramazan ayını üç on günlük proqram üzrə böl. İlk on gündə edəcəklərin, ikinci ongünlükdə edəcəklərin və nəhayət qədr gecələrinin təsadüf etdiyi son on günlükdə həyata keçirməli olduğun əməllər.

Şəxsinə aid olan proqramına bunları daxil et.

1. Bacardığın qədər namazları camaatla qılmaq.

2. Səhər-axşam zikrləri,

3. Quran tilavəti (xətm etmək üçün hər gün ən azı bir cüz oxumalısan buda hər fərz namazdan sonra 4 səhifə edir) və surələrin mənalarını dərk edərək əzbəri,

4. Müəkkəd sünnət namazları, duha və s. kimi nafilə namazlar,

5. Qohumların ziyarəti və dəvəti,

6. İftar süfrələri təşkil etmə, dəvət məqsədi ilə digərlərini də oraya dəvət etmək- (hətta oruclu olmasa da belə.)

7. Sədəqələri artırmaq

8. Ailəyə vaxt ayıraraq onlarla ramazanla bağlı və s. mövzularda dərslər və ya söhbətlər təşkil etmək.

9. Etikaf etmək

Allah`ım, bizi Ramazana çatdır!. Allah`ım, bizə Ramazanın fəzilətini əldə etməyi nəsib et!. Allah`ım, bizə Ramazanda salamatlıq və səbat ver!. Onu bizə asanlaşdır!. Bizi bağışla və həmin ayda öyrəndiyimiz itaətləri və xeyr əməlləri bir ömür sabit et!. Amin!