Skip to main content


Sıxıntı


Artır günü gündən sayı aşkarə sıxıntı.
Vurdu sıxılan qəlblərə çox yarə sıxıntı.
 
Gəl bəhs eliyək ağrılı dünya həyatından,
Qafildi çox insan həyatın hər saatından,
Etdikləri pislik və günahlar ucbatından,
Qoydu neçə insanları əvvarə sıxıntı.
 
Yoxdur elə bir bəndə bu dünyadə günahsız,
Bir imtahandı sıxıntılar, adi - izahsız,
Döz, qarşıla hər bir bəlanı naləsiz, ahsız.
Olsun edilən günahıva kəffarə sıxıntı.
 
Möminlərin əhvalına etdi Rəsul heyrət,
Hər halda xeyir var, dedi, şadlıq və müsibət,
Dünyadə mükafatı onun çatmasa, əlbət,
Məhşər günü mütləq gələcək karə sıxıntı.
 
Fəxr eyləmə ki, ey sıxıntı, qəlbləri sıxdın,
Yalnız zəif və səbrsiz insanları yıxdın,
Gördükdə səbr və təqvanı kənarə çıxdın,
Rəbbim yetirir gec ya da tez çarə, sıxıntı.
 
Yusufda da var idi, səbir, təqva və əxlaq,
Rəbbim onu şah etdi Misirə, ola-ola dustaq,
Bir şey sənə şər görünsə də kənardan, ancaq,
Ağ günlərə bəlkə çıxarır qarə sıxıntı.
 
Hərgahi sıxıntılar yazılmışsa qədərdə,
Bir kəs qoya bilməz o hökmün önündə pərdə,
Yalnız duadı gecikdirən, saxla nəzərdə,
Heçkimlə qəti etmir istişarə sıxıntı.
 
Allaha əl aç, ixlas ilə et dua, qurtul,
Rəbbim Mucibdir, eyləyəndi duanı qəbul,
Israrlı olarsansa əgər görərsən ey qul,
Bir gün sovuşar yalvara yalvarə sıxıntı.
 
Talha b. Ubeydullah