Orta Əsrlərdə İslam Dünyasında Məhkəmə-Hüquq Qaydalarına Dair
Onu sakitləşdirmək üçün qazı qələnsutunu çıxarmış, saqqalını isə cübbəsinin yaxası ilə örtmüşdü. Qazılar məhkəmə iclaslarında oturur, çəkişən tərəflər isə onun qarşısında ayaq üstə dururdular.
Abbasilərdən xəlifə Mehdinin (775-785) anası, oğlu ilə arasındakı mülki mübahisəni həll etmək üçün məhkəməyə müraciət etmişdi. Bu məhkəmədə xəlifənin anası şəxsən iştirak etməyib təmsilçisini göndərmişdi. Xəlifə isə məsciddə özü üçün yer hazırlatdırıb orada oturmuş, lakin qazının tələbi ilə iddiaçı tərəf olan xəlifənin anası Umm Musa Ərvanın təmsilçisi ilə eyni sırada oturmağa məcbur olmuşdu. Xəlifə Mə`mun (813-833) isə məhkəmədə özü üçün xüsusi müsəlla (kiçik xalı) sərdirərək üzərində oturmuş, bunu görən qazı digər tərəf üçün də eyni keyfiyyətdə xalça sərilməsini tələb etmişdi.
Qazı Muhəmməd ibn Məsruq əl-Kindi xəlifə Harun ər-Rəşidin arvadı Zübeydəni məhkəmə intizam qaydalarını pozduğu üçün cəzalandırmaqdan çəkinməmişdi. Qazılarin özlərinin əməl etməli olduqları məhkəmə intizamı və mühakimə üsullarına kifayət qədər ciddi nəzarət olunurdu. Bu haqda ayrıca əsərlər yazılırdı. Belə əsərlərdən birinin müəllifi də azərbaycanlı alim, şafii fəqihi şeyx Əbü`l-Abbas Əhməd Düveynidir (öl. 984). Əbü`l-Abbas Əhməd Düveyni məhkəmə hakimlərinin davranış qaydaları, məhkəmə intizamı və mühakimə üsuluna dair “Ədəbu`l-Qəza” adlı əsərin müəllifi idi. Fəqihlər bu mövzuda hətta xırdalıqlara belə böyük əhəmiyyət vermişdilər. Məsələn qazı tərəflərdən heç birinin “salam əleykum”una “əleykum salam” deməməli, sadəcə “əleykum” deməklə kifayətlənməli idi. Çünki “əleykum salam”, “sənin üzərinə də salamatlıq olsun, mənim tərəfimdən səni təhlükə gözləmir” mənasını ifadə edir. Bu isə qazınin qərəzsizliyini şübhə altına ala bilərdi. Bəlkə də mühakimə olunacaq adam, üzərinə salamatlıq dilənəcək bir şəxs deyildir. Buna görə də çəkişən tərəflərin qazını salamlamamaları qaydası qəbul edilmişdi. Qazı məhkəmə iclası vaxtı səsini qaldırmamalı, çəkişən tərəfləri danışmağa və ifadə verməyə məcbur etməməli idi. Bir daha şahid qismində dindirilməmələri üçün yalan ifadə verdiyi aşkarlanmış şahidlərin məhkəmələr tərəfindən siyahısı tutulurdu.
Məhkəmələrdə həllini tapmayan məsələrlə bağlı şəxsən xəlifəyə şikayət etmək mümkün idi. Abbasilərdən Mə`mun hər bazar günü şikayətçiləri şəxsən dinləyirdi. Misirin türk valisi Əhməd ibn Tolon isə həftədə iki gün qazıların qərarından narazı qalanları qəbul edirdi. Xəlifələrin “Qübbətu`l-Məzalim” adlanan ədliyyə binasında şikayətləri şəxsən dinləmə ənənəsi xəlifə Mühtədiyə (868-869) qədər davam etmiş, ondan sonra bu işi vəzirlər görmüşdülər.
Məhkəmə-hüquq əməkdaşlarının məvacibi dövrün şərtlərinə görə elə də yüksək deyildi. Şəhər qazıləri ayda 150-200 dinar, vilayət baş qazıləri (qazıu`l-quzat) 2000 dinar, məhkəmə katibi 300 dirhəm, hacib (ədliyyə qulluqçusu) 130 dirhəm, münsif (xırda mülki məsələlərə baxan hakim) 100 dirhəm, ə`van (məhkəmə icraçısı və ədliyyə polisi) 600 dirhəm məvacib alırdılar.
Dr. Elnur Nəsirov
________________
Mənbələr:
Adam Mez, Musulmanskiy Renessans, (Tərc. D. Bertels), Moskva 1973.
Cəmaləddin Əbdu`r-Rahim ibn Həsən Əsnəvi, “Təbəqatu`ş-Şafi`iyyə”, cild. I-II, Beyrut 1987.
Əbu Ömər Muhəmməd ibn Yusif əl-Kindi əl-Mısri, “Kitabu`l-Vulat və Kitabu`l-Qudat”, Beyrut 1908.
İbrahim ibn Muhəmməd Beyhəqi, “Kitabu`l-Məhasin və`l-Məsavi”, (Nəşr. F. Schwally), Giessen 1902.