Skip to main content


Sual 18: Bir müsəlman üçün hansı elmləri öyrənmək fərzdir (vacibdir)?

Cavab:
Bu mövzuya toxunmağımızın əsas səbəbi hazırda bir çox müsəlmanın bundan xəbərsiz olmasıdır. Daha doğrusu, bu mövzunu onlara tam şəkildə izah edəcək kimsə yoxdur. Müsəlmanlar bunun fəsadını iş və ailə həyatında ,insanlarla münasibətində və s. görürlər. Bumövzu ilə bağlı səhv fikir formalaşdırılıb, çox müsəlman elə bilir ki, islami elmin hər sahəsini öyrənmək vacibdir. Qısacası, “hər kəs "elm tələbəsi" olmalıdır”- deyə düşünürlər. Xüsusən də, ibadətə yeni başlayanlarda bu hal daha çox müşahidə olunur. Təbii ki, sadəcə onları qınamaq düzgün deyil.Çünki "elmli" olaraq tanıdıqları insanların hər biri onları bir tərəfə çəkir və onlar da bu məsələdə çaş-baş qalırlar. Bunun nəticəsində müsəlmanlar öz işlərində, ailə həyatlarında məsuliyyətsiz olmağa başlayırlar. Bu isə, həm özlərinə, həm də ümmətə ziyan vurur. Bəs insan üçün islami elmin hansı sahələri fərzdir? Bu sualın cavabını aşağıda tapa bilərsiniz:
Təbii ki, elm öyrənmək şərəfli işdir. İnsan elm sayəsində cahillikdən qurtulur. Xüsusən də, Allah (Sübhanəhu Təalə), islam haqqında olan elm daha da şərəflidir. İnsan, islam vasitəsilə cahillikdən qurtularaq Allahın buyruqlarını yerinə yetirib çəkindirdiklərindən qaça bilər.
Uca Allah, Qurani Kərimdə elmi əməldən əvvəl zikr edir. Aşağıdakı ayəyə diqqət etsək, Uca Allah ilk olaraq "bilməyi" ,sonra isə "bağışlanma diləməyi" yəni, əməl etməyi buyurur: "Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə ,mömin qadınların bağışlanmasını dilə." (Quran, Muhamməd, 19).
Uca Allah Asr surəsində, ilk olaraq zamana,vaxta and içir.Əgər Quranda Allah bir şeyə and içirsə,bu həmin şeyin və ondan sonra söylənəcəklərin mühüm olduğunu göstərir. Bəs Allah zamana and içdikdən sonra nə buyurur? İnsanların ziyan içində olduğu buyurulduqdan sonra , bu ziyandan xilas olmağın yolları göstərilir. Xilas olanlar kimlərdir? Elm öyrənən, əməl edən, dəvət edən və bu əməllərdə səbir edənlərdir. Bu da elmin əməldən öncə gəldiyini göstərir.
Ancaq bunlar o demək deyil ki, hər kəs "elm tələbəsi" olmalıdır. Belə olduqda ümmətin həkimi, müəllimi, mühəndisi, mühasibi və s. kimlər olacaq? Çox vaxt elmin fərz olduğunu deyənlər bu hədisi dəlil olaraq gətirirlər: "Elm tələbi hər bir müsəlmana fərzdir (vacibdir)." (Hədis səhihdir). Ancaq burada söylənmək istənən elmin müəyyən
hissəsinin fərz olmasıdır. Yoxsa,müsəlman hər bir şeyi dəlilləri ilə öyrənsə, bundan sonra hətta bəzi müzakirələrə girsə, bütün vaxtını ona lazım olmayacaq elmə sərf etsə, o zaman o işində, ailəsində necə məsuliyyətli ola bilər?
Müsəlmanlar bu cür lazımsız mövzuları tərk etməli və bu mövzuları əhli olanlara həvalə etməlidir. Özləri isə, ailə həyatlarında məsuliyyətli olmalı, işlərində, ixtisaslarında daha da inkişaf etməli, öz sahələrində onlara lazım olan dünyəvi elmi gözəl şəkildə öyrənməli, müasir dövrdə iqtisadi cəhətdən çətinlikdə olan müsəlmanlara yardım etməlidirlər. Nəyə görə hər sahədə (həkim, mühasib, mühəndis, müəllim və s.) mütəxəssis müsəlmanlar olmasın ki?!
Sualımızın cavabına gəldikdə, müsəlmanın nəyi etməsi fərzdirsə, o sahədə elm öyrənməsi də ona fərz olar. Məsələn, insan ibadətləri etməzdən əvvəl sağlam imana sahib olmalıdır. İmanın gərəyi isə imanın şərtlərini, tövhidi (Kəlməyi-şəhadəti) öyrənməkdir. O zaman insana imanın şərtlərini, tövhidi ümumi şəkildə bilmək fərzdir (vacibdir). Bundan başqa, Ramazan orucunun hökmü nədir? -Fərzdir. Bu zaman oruc necə tutulur, hökmləri nələrdir və s. -bunları öyrənmək də müsəlmana fərz olar. Bundan başqa, Məhərrəm ayının 10-u (Aşura günü) oruc tutmaq sünnədir. O zaman, o günün orucu haqqında olan hökmləri öyrənmək də sünnə olur.Qısacası, müsəlmanın fərz olan bir şeyi etməsi üçün kifayət qədər elm öyrənməsi fərzdir. Fatihə surəsini öyrənmədən namaz qılmaq olarmı? Əlbəttə, xeyr. Namaz fərz olduğu üçün, namazı qılmaq üçün Fatihə surəsini öyrənmək də müsəlmana fərzdir. Eyni zamanda dəstəmaz olmadan namaz qıla bilməyəcəyimiz üçün, dəstəmaz haqqında olan məlumatları bilmək insana fərz olar. Əgər müsəlman artıq zəkat verməlidirsə, bu zaman zəkat haqqında olan hökmləri bilmək müsəlmana fərz olar. Istənilən bir ayda hər hansı bir müsəlmana həccin hökmlərini öyrənmək fərz deyildir. Ancaq həcc etmək qərarına gəldikdə həccin hökmlərini, necə əta edildiyini və s. bilmək artıq fərz olar.
Ümumiyyətlə isə, müsəlman öz nəfsini daim tərbiyə etməli, öz imanını yeniləməlidir. Bunun üçün Quran oxumalı (mənası ilə birlikdə olması daha gözəldir), bu şeylərə təsir edəcək mühazirələr dinləməli, kitablar oxumalı, peyğəmbərlərin, səhabələrin həyatını oxumalıdır. Bunun ucu “40 hədis”,”Salehlər bağçası”, “Peyğəmbərlərin Həyatı “(ibn Kəsir), “Muhamməd Peyğəmbərin(sallallahu aleyhi və səlləm) Həyatı” (Mubarak Furi), Səhahələrin Həyatı (Dr. Abdurrahman Rafat əl-Başa) və s. kitabları oxumaq faydalıdır.
Ən doğrusunu Allah bilir.
Hazırladı: Tunar Suleymanli