Ələq surəsi

96:1

(Ya Peyğəmbər! Qur´ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
96:2
O, insanı laxtalanmış qandan yaratdı.
96:3
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
96:4
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
96:5
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
96:6
Xeyr, insan azğınlıq edər,
96:7
Özünün dövlətli olduğunu gördüyü üçün!
96:8
Axı sənin axır dönüşün Rəbbinədir!
96:9
Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
96:10
Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
96:11
Bir de görək, əgər o doğru yoldadırsa,
96:12
Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
96:13
(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur´anı) yalan sayır və (imandan) üz döndərirsə,
96:14
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
96:15
Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
96:16
Özü də yalançı, günahkar kəkilindən!
96:17
Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
96:18
Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
96:19
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!