İnfitar surəsi

82:1

Göy parçalanacağı zaman;
82:2
Ulduzlar dağılıb səpələnəcəyi zaman;
82:3
Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
82:4
Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
82:5
Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
82:6
Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?
82:7
O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
82:8
Sənə Özü istədiyi surətdə biçim verdi.
82:9
Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
82:10
Sizin üstünüzdə gözətçi mələklər -
82:11
(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.
82:12
Onlar sizin nə etdiklərinizi bilirlər.
82:13
Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö´minlər) Cənnətdə qərar tutacaqlar.
82:14
Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
82:15
Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
82:16
Onlar əsla oradan çıxan deyillər!
82:17
(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
82:18
Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır - Allaha səmimi-qəlbdən ibadət və itaət!)
82:19
O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!