Haqqə surəsi

69:1

Haqq olan qiyamət!
69:2
Nədir qiyamət?!
69:3
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
69:4
Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
69:5
Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
69:6
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
69:7
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
69:8
İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
69:9
Fir´on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö´təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
69:10
Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
69:11
Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
69:12
Ona görə ki, bunu (mö´minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
69:13
Sur bircə dəfə üfürüləcəyi;
69:14
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
69:15
Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
69:16
Və (göy) süst düşüb parçalanacaqdır!
69:17
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
69:18
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
69:19
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
69:20
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!"
69:21
Bundan belə o, xoş güzəran içində,
69:22
Yüksək bir Cənətdə olacaqdır.
69:23
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö´minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
69:24
(Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!"
69:25
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!
69:26
Hesabımın nə olduğunu bilməyəydim!
69:27
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
69:28
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
69:29
Mülküm (səltənətim) də məhv olub getdi!"
69:30
(Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!
69:31
Sonra da Cəhənnəmə atın!
69:32
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
69:33
Çünki o, böyük olan Allaha inanmırdı.
69:34
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
69:35
Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
69:36
İrindən başqa bir yeməyi də yoxdur.
69:37
Onu ancaq günahkarlar yeyər!"
69:38
And içirəm gördüklərinizə,
69:39
Və görmədiklərinizə ki,
69:40
Bu (Qur´an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!
69:41
O, şair sözü deyildir! Nə az inanırsınız!
69:42
O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
69:43
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
69:44
Əgər o (Peyğəmbər) özündən bə´zi sözlər uydurub Bizə isnad etsəydi,
69:45
Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
69:46
Sonra onun şah damarını qopardardıq!
69:47
Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
69:48
Şübhəsiz ki, bu (Qur´an) müttəqilərə bir öyüd-nəsihətdir.
69:49
(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
69:50
Şübhəsiz ki, bu (Qur´an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
69:51
Doğrudan da, bu (Qur´an) gerçək bir həqiqətdir.
69:52
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!