Nəbə surəsi

78:1

(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
78:2
Böyük bir xəbər (qiyamət günü) haqqında!
78:3
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
78:4
Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
78:5
Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
78:6
Məgər Biz yeri döşək etmədikmi?!
78:7
Dağları da dirək?!
78:8
Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
78:9
Yuxunuzu da istirahət etdik.
78:10
Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
78:11
Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
78:12
Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
78:13
Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
78:14
(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
78:15
Onunla dən və bitki yetişdirək,
78:16
Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.
78:17
Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
78:18
Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
78:19
(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
78:20
Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
78:21
Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
78:22
O, azğınların məskənidir.
78:23
Onlar orada sonsuz müddət qalacaqlar.
78:24
Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
78:25
Qaynar sudan və irindən başqa!-
78:26
(Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
78:27
Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
78:28
Ayələrimizi də elə hey təkzib edirdilər.
78:29
Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
78:30
İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
78:31
Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
78:32
Bağçalar və üzüm bağları,
78:33
Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
78:34
(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
78:35
Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
78:36
(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
78:37
Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
78:38
Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
78:39
Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
78:40
Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!" - deyəcəkdir.