Təkvir surəsi

81:1

Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
81:2
Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
81:3
Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
81:4
(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
81:5
Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
81:6
Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
81:7
Ruhlar (bədənlərə) qovuşacağı zaman;
81:8
Diri-diri torpağa gömülən körpə qızdan:
81:9
"Axı o hansı günaha görə öldürüldü?"; soruşulacağı zaman;
81:10
Əməl dəftərləri açılacağı zaman;
81:11
Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
81:12
Cəhənnəm alovlandırılacağı zaman;
81:13
Və Cənnət (mö´minlərə) yaxınlaşdırılacağı zaman;
81:14
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
81:15
And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
81:16
(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);
81:17
Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
81:18
Və sökülməkdə olan dan yerinə ki,
81:19
Bu (Qur´an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.
81:20
(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).
81:21
(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e´tibarlı müvəkkildir.
81:22
(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!
81:23
And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
81:24
O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.
81:25
O (Qur´an) da məl´un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.
81:26
Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?
81:27
O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
81:28
Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.
81:29
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)