Məaric surəsi

70:1

(Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.
70:2
(O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!
70:3
(O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!
70:4
Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.
70:5
(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et!
70:6
Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).
70:7
Biz isə onu yaxın görürük (ona inanırıq).
70:8
O gün göy göyərmiş mis kimi olacaq;
70:9
Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
70:10
Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır).
70:11
Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını;
70:12
Övrətini və qardaşını;
70:13
(Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);
70:14
Və yer üzündə olanların hamısını - təki özünü (Allahın əzabından) qurtarsın!
70:15
Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.
70:16
(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).
70:17
Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
70:18
Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)
70:19
Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!
70:20
Ona bir pislik üz verdikdə fəryad qoparar.
70:21
Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
70:22
Namaz qılanlar istisnadır!
70:23
O kəslər ki, daim namaz qılarlar;
70:24
O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır -
70:25
Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;
70:26
O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;
70:27
O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;
70:28
Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;
70:29
O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);
70:30
Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
70:31
Bundan artığını istəyənlər isə həddi aşanlardır;
70:32
O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;
70:33
O kəslər ki, düzgün şəhadət verərlər
70:34
Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-
70:35
Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
70:36
(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?
70:37
Sağdan və soldan dəstə-dəstə gəlirlər?
70:38
Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?
70:39
Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e´tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)
70:40
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.
70:41
Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müt´i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz!)
70:42
Elə isə (ya Peyğəmbər!) qoy onlar və´d olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
70:43
O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.
70:44
Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara və´d olunmuş həmin qiyamət günüdür!