Əbəsə surəsi

80:1

(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
80:2
Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
80:3
Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
80:4
Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
80:5
(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
80:6
Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
80:7
Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
80:8
Yüyürə-yüyürə sənin yanına gələn
80:9
Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
80:10
Sən ondan üz çevirirsən!
80:11
Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
80:12
Kim istəsə, ondan öyüd alar.
80:13
(Bu Qur´an Allah dərgahında) çox möhtərəm (mö´təbər) səhifələrdə -
80:14
(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
80:15
(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e´tibar edilmişdir).
80:16
(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt´idirlər.
80:17
Ölsün (kafir) insan! O nə nankordur!
80:18
(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
80:19
(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
80:20
Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
80:21
Sonra onu öldürüb qəbrə qoydu.
80:22
Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
80:23
Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
80:24
İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
80:25
Həqiqətən, Biz yağışı bol yağdırdıq.
80:26
Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
80:27
Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
80:28
Üzüm və yonca;
80:29
Zeytun və xurma (bağları);
80:30
(Ağacları bir-birinə) sarmaşan bağçalar;
80:31
(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
80:32
(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
80:33
Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
80:34
O gün insan qaçacaq öz qardaşından;
80:35
Anasından, atasından;
80:36
Zövcəsindən və oğullarından!
80:37
O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
80:38
O gün bir çox üzlər parlayacaq,
80:39
Güləcək, sevinəcəkdir.
80:40
O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
80:41
Onları zülmət (yaxud his) bürüyəcəkdir.
80:42
Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!