İnsan surəsi

76:1

İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yə´ni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).
76:2
Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.
76:3
Biz ona haqq yolu göstərdik. İstər (ne´mətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).
76:4
Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.
76:5
Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.
76:6
O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.
76:7
Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar.
76:8
Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
76:9
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
76:10
Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!"
76:11
Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
76:12
Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.
76:13
Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.
76:14
(Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
76:15
(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.
76:16
Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
76:17
Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir.
76:18
(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır.
76:19
Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
76:20
(Orada) hara baxsan, ne´mət və böyük bir mülk görərsən.
76:21
(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.
76:22
(Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!"
76:23
(Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur´anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.
76:24
Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə!
76:25
Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)
76:26
Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şə´ninə tə´riflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!)
76:27
Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər.
76:28
Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
76:29
Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar).
76:30
(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
76:31
(Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!