Buruc surəsi

85:1

And olsun bürclər sahibi olan göyə;
85:2
And olsun və´d olunmuş günə (qiyamət gününə);
85:3
And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
85:4
(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə´nətə düçar olub) qətl edildilər.
85:5
O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
85:6
O zaman onlar (xəndəklərin) kənarında oturub,
85:7
(Öz əsgərlərinin) mö´minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
85:8
Onlardan (mö´minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə´rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
85:9
O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
85:10
Şübhəsiz ki, mö´min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
85:11
İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
85:12
Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
85:13
Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
85:14
(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
85:15
Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
85:16
O, istədiyini edəndir.
85:17
(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
85:18
Fir´on və Səmud (ordularının)?
85:19
Xeyr, kafir olanlar (səni və Qur´anı) elə hey təkzib etməkdədirlər.
85:20
Onların bütün ixtiyarı Allahın əlindədir!
85:21
Xeyr, o (şe´r deyil) şanlı-şərəfli Qur´andır!
85:22
O, lövhi-məhfuzdadır! (Qur´an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)