Leyl surəsi

92:1

And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
92:2
And olsun işıqlanmaqda olan gündüzə;
92:3
And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
92:4
Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə´ziniz Cənnət üçün, bə´ziniz isə Cəhənnəm üçün çalışırsınız).
92:5
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
92:6
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
92:7
Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
92:8
Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
92:9
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
92:10
Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)
92:11
(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
92:12
Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö´min və ya kafir olmaq isə hər kəsin öz işidir).
92:13
Axirət də Bizim, dünya da Bizimdir!
92:14
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
92:15
Ora ancaq azğın (kafir) daxil olar.
92:16
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
92:17
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).
92:18
O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
92:19
O şəxsin boynunda heç kəsin bir minnəti (ne´məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).
92:20
O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
92:21
And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne´mətlərə görə) razı olacaqdır!