Mursəlat surəsi

77:1

And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
77:2
And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
77:3
And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
77:4
And olsun (haqla batili) ayıranlara;
77:5
And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
77:6
(Mö´minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
77:7
Sizə və´d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
77:8
Ulduzlar sönəcəyi;
77:9
Göy yarılacağı;
77:10
Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
77:11
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
77:12
(Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
77:13
(Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə qədər!"
77:14
Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
77:15
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:16
Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
77:17
Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
77:18
Biz günahkarlarla belə rəftar edirik.
77:19
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:20
Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
77:21
Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
77:22
Müəyyən bir vaxta qədər.
77:23
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
77:24
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:25
Məgər Biz yeri məskən etmədikmi
77:26
Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
77:27
Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
77:28
O gün vay halına (bu ne´mətləri) yalan sayanların!
77:29
(O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
77:30
Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!"
77:31
O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
77:32
O (hər biri) bir saray boyda qığılcımlar saçar.
77:33
O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
77:34
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:35
Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
77:36
Onlara üzr istəməyə izin də verilməz.
77:37
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:38
Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
77:39
(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
77:40
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:41
Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
77:42
İstədikləri meyvə içində olacaqlar!
77:43
(Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
77:44
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"
77:45
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:46
(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
77:47
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:48
Onlara: "Namaz qılın!" - deyildiyi zaman namaz qılmazlar!
77:49
O gün vay halına (qiyaməti) yalan sayanların!
77:50
(Bu kafirlər) ona da (Qur´ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!