Mutaffifin surəsi

83:1

Vay halına çəkidə və ölçüdə aldadanların!
83:2
O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
83:3
Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
83:4
Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
83:5
Özü də dəhşətli bir gündə?!
83:6
O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
83:7
Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!
83:8
Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
83:9
O, yazılı bir kitabdır!
83:10
O gün vay halına yalan sayanların!
83:11
O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.
83:12
Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
83:13
Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)" - deyər.
83:14
Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.
83:15
Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
83:16
Sonra Cəhənnəmə varid qalacaqlar.
83:17
Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir.
83:18
Xeyr! (Mö´minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö´minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
83:19
Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
83:20
O, yazılı bir kitabdır.
83:21
Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
83:22
Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö´minlər Nəim cənnətlərində olacaqlar.
83:23
Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne´mətlərə) tamaşa edəcəklər.
83:24
Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
83:25
Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
83:26
Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
83:27
Ona təsnim (suyu) qatılmışdır.
83:28
O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).
83:29
Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
83:30
(Mö´minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.
83:31
Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.
83:32
Onlar (mö´minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər.
83:33
Halbuki onlara (mö´minlərə) nəzarətçi göndərilməmişdir.
83:34
Bu gün isə mö´minlər kafirlərə güləcəklər.
83:35
Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).
83:36
Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)