Bələd surəsi

90:1

And içirəm bu şəhərə (Məkkəyə) -
90:2
Sənin yaşadığın (sənə halal olan) şəhərə;
90:3
And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,
90:4
Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)
90:5
Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
90:6
Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!" - deyir?
90:7
Məgər o heç kəsin onu görmədiyini güman edir?!
90:8
Məgər Biz ona iki göz vermədikmi?!
90:9
Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!
90:10
Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
90:11
Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne´mətlərə şükür etmədi).
90:12
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
90:13
(O) bir kölə azad etməkdir;
90:14
Yaxud aclıq günü (zamanı) yemək verməkdir -
90:15
Qohumluq əlaqəsi çatan bir yetimə.
90:16
Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
90:17
Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
90:18
Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)
90:19
Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)
90:20
Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)