Fəcr surəsi

89:1

And olsun dan yerinə;
89:2
And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
89:3
And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
89:4
And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
89:5
Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
89:6
(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
89:7
Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
89:8
(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
89:9
(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
89:10
Eləcə də saysız-hesabsız ordular sahibi Fir´ona?!
89:11
O kəslər ki, məmləkətlərdə tüğyan edir,
89:12
Oralarda çoxlu fitnə-fəsad törədirlər.
89:13
Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
89:14
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
89:15
İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne´mət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!"-deyər.
89:16
Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" - söyləyər.
89:17
Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
89:18
Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
89:19
Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
89:20
Mal-dövləti isə lap çox sevirsiniz.
89:21
Xeyr! Yer dağılıb parça-parça olacağı;
89:22
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
89:23
Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
89:24
O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" - deyəcəkdir.
89:25
O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
89:26
(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
89:27
(Qiyamət günü Allah-təala mö´min kimsəyə belə buyuracaqdır: ) "Ey (öz imanından, əməlindən və Allahın və´dindən) xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!")
89:28
Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
89:29
(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
89:30
(Onlarla birlikdə) Cənnətimə varid ol!"